Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2997/2025 07.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında yazılmış cərimələrin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış 16 avqust 2023-cü il tarixli, AKT R № 304455 saylı akta əsasən yazılmış 1168.2 manat və 20 fevral 2025-ci il tarixli, AKT R № 376956 saylı akta əsasən yazılmış 243.8 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Masallı rayonu Şıxlar kəndində yaşayış evi vardır. Ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır. Kənddəki evdə isə yaşayış yoxdur. Həmin evə də qonşu nəzarət edir. Kənddəki evdə işığa görə heç vaxtı borcu qalmamışdır. Sonuncu dəfə kəndə evə baş çəkməyə gələndə görmüşdür ki, işıq idarəsi evlərində olan köhnə sayğacı dəyişərək yerinə yeni kart tipli sayğac quraşdırıblar. Lakin, sayğacın kartını ona verməyiblər. Kartı almaq üçün Masallı işıq idarsinə getmişdir. İdarədən ona 2023-cü ildə 304455 nömrəli akt ilə 1168.2 manat və 2025-ci ildə isə 376956 nömrəli akt ilə isə 243.8 manat cərimə yazıldığı bildirilmişdir. Həmin cərimələri ödəmədiyi halda kartı ona verməyəcəklərini bildirmişlər. Cərimələrin hansı səbəbə yazıldığını soruşsa da, heç nə bilmədiklərini demişlər. Həmin evdə uzun müddətdir ki, yaşayış olmur. Evində də heç vaxtı kənar xətt olmamışdır. İndiyə qədər də bu barədə onlara heç kim heç nə bildirməyibdir. Əlavə olaraq da onun həmin aktlardan xəbəri olmamışdır. Həmin aktların surətini yalnız indi ona veriblər. İşıq idarəsi həmin aktları qanunsuz tərtib etmişdir. Belə ki, aktlar yazılanda onun iştirakı təmin edilməyib, aktların surəti ona verilməmiş, həmçinin həmin aktlara əsasən təqsirli şəxsin müəyyən edilməsi üçün aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün hüquq mühafizə orqanına göndərilməmişdir. Bu səbəbdən də həmin aktlarla razı deyil və həmin cərimələrin silinməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, sözügedən fərdi yaşayış evi onlara məxsusdur. Lakin, onlar ailəvi Bakı şəhərində yaşayırlar. Arabir rayona gələndə o evdə yaşayırlar. Aktların yazılmasından xəbərləri olmamışdır. Özləri yaşadığı vaxt sayğaca heç bir müdaxilə etməmişlər. Əgər müdaxilə halı aşkar edilmişdirsə də, onlar tərəfindən edilməmişdir. Sayğac həyətdən çöldə yerləşir. Ona başqa şəxslərin müdaxilə etməsi halı da ola bilər. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına sənədləşdirilmiş hesablaşma sayğacına 16 avqust 2023-cü il tarixdə baxış zamanı məlum olmuşdur ki, abonent transformatorun 0.4 kv-luq çıxışından birbaşa sayğacdan kənar xətt götürərək sayğacdan kənar elektrikdən istifadə edir. Bununla bağlı 16 avqust 2023-cü il tarixli, AKT R № 304455 saylı akt tərtib edilmiş və akta əsasən 1168.2 manat məbləğində borc hesablanmışdır. Bundan başqa 20 fevral 2025-ci il tarixdə baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar ələvə xəttdən istifadə edir. Bununla bağlı 20 fevral 2025-ci il tarixli, AKT R № 376956 saylı akt tərtib edilmiş və akta əsasən 243.8 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16 avqust 2023-cü il tarixli, AKT R № 304455 saylı aktda göstərilir ki, EEİQ-nə uyğun olaraq İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirən zaman məlum oldu ki, “abonent transformatorun 0.4 kv-luq çıxışından birbaşa sayğacdan kənar xətt götürərək sayğacdan kənar elektrikdən istifadə edir.” 20 fevral 2025-ci il tarixli, AKT R № 376956 saylı aktda göstərilir ki, EEİQ-nə uyğun olaraq İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirən zaman məlum oldu ki, “abonent sayğacdan kənar ələvə xəttdən istifadə edir.” Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Şıxlar kəndində yaşayan, abonent İddiaçı AKT R № 304455 saylı akta əsasən 1168.2 manat, AKT R № 376956 saylı akta əsasən 243.8 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Beləliklə, işin faktiki halları və əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 16 avqust 2023-cü il tarixdə Masallı rayonu, Şıxlar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonentin transformatorun 0.4 kv-luq çıxışından birbaşa sayğacdan kənar xətt götürərək sayğacdan kənar elektrikdən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 1168.2 manat, 20 fevral 2025-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına yenidən baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonentin sayğacdan kənar ələvə xəttdən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən itirilmiş qaz sərfiyyatına görə 243.8 manat hesablanmışdır. İddiaçı həmin aktlara əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Eyni zamanda həmin təlimatın 7.4-cü madəsinə əsasən, Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntular barədə cavabdeh tərəfindən hər hansı bir sübut, videoçəkiliş təqdim edilməmiş, akt tərtib edilərkən abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Tərtib edilmiş aktlara nəzər yetirdikdə görünür ki, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli aktlarda abonent kimi İddiaçı qeyd edilmiş, adın qarşısında imza və hər hansı bir qeyd yoxdur. İddiaçı cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında bildirmişdir ki, o, Bakı şəhərində yaşadığından onun adına yazılan aktlardan heç birindən məlumatı olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi hər hansı etirazını bildirməmişdir. Bütün bunlar göstərir ki, qeyd edilən akt formal olaraq tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən iddia tələbi üzrə aktda qeyd edilən qüsurların həqiqətən də mövcud olmasını sübut etmək vəzifəsi cavabdeh şirkətin üzərində olmuş, lakin cavabdeh şirkət həmin aktlarda göstərilən nöqsanların möcvudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16 avqust 2023-cü il tarixli, 304455 saylı akta əsasən hesablanmış 1168.2 manat, 20 fevral 2025-ci il tarixli, 376956 saylı akta əsasən hesablanmış 243.8 manat borc silinməlidir. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16 avqust 2023-cü il tarixli, 304455 saylı akta əsasən hesablanmış 1168.2 manat, 20 fevral 2025-ci il tarixli, 376956 saylı akta əsasən hesablanmış 243.8 manat, cəmi 1412 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2997/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2997/2025
07.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver