Məhkəmə qərarları › İş №2(050)-300/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-300/2024

22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-300/2024 22.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Lənkəran RQİİ-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə və Cavabdeh Lənkəran RQİİ-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ona aid əmlakı faktiki qəbul edərək əmlakdan istifadə etmişdir. Ailəsi ilə birlikdə atasına məxsus evdə evdə yaşayır. Cavabdeh İB Lənkəran X6 İdarəsinin əməkdaşları 26 sentyabr 2022-ci il tarixdə yaşayışdığı evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmişlər və sayğacı növbəti Dövlət yoxlaması üçün çıxarmışlar. Qaz İdarəsi sayğacı apardıqdan sonra onların iştirakı olmadan 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.” göstərilmişdir. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Sayağac açılıb aparılarkən plombu üstündə olub, sayağaca nəzarəti cavabdeh etməlidir. Sayğac küçədə mühafizə olunmayan sahədə yerləşir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı ərizədə göstərilənlərə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, elektrik enerjisi ilə təmin edilən fərdi yaşayış evi mülkiyyətindəki torpaq sahəsində yerləşir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.” Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli hesabatda göstərilir ki, sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Hesabtda qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2016-cı ildə ölmüşdür. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı atası X2, anası X1r. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə yaşayış məntəqələrinin torpaqlarına aid 0.07 ha torpaq sahəsi üzərində İddiaçı ½ hissədə xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmçinin, mübahisəli sayğacın həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşməsi nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar