Məhkəmə qərarları › İş №2(050)-3019/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3019/2025

09.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3019/2025 09.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli, 391994 nömrəli akt əsasında onun **********00566 saylı abonent hesabıma yazılmış 687.30 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, O, Masallı rayonu Boradigah qəsəbəsində yaşayır. Hər bir abonent kimi o da sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə etmiş və ödənişlər etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır. Bir neçə gün əvvəl işıq kartına pul yükləmək istəyəndə kartın bloklandığını görmüşdür. Masallı elektrik şəbəkəsinə müraciət etmişdir. Şəbəkədən ona 687 manat borcu olduğunu və bu səbəbdən də sayğacın kartını blokladıqlarını bildirdilər. O da ona bu məbləğdə borcu ola bilməyəcəyini bildirmişdir. Həmin vaxtı ona xx.xx.2025-ci il tarixdə yazılmış 391994 nömrəli aktın surətini göstərərək onun cərimə edildiyini bildirdi. Həmin aktla tanış olanda məlum oldu ki, xx.xx.2025-ci il tarixində sayğaca müdaxilə etməyi barədə akt yazılmış və 687.30 manat cərimə hesablanmışdır. O heç vaxt heç bir kənar xətdən istifadə etmədiyinə, sayğaca heç bir müdaxilə etmədiyinə görə həmin aktı qanunsuz hesab edərək əsassız hesablanmış cərimənin silinməsi üçün məhkəməyə müraciət edir. Onun həmin aktın yazılmasından xəbəri olmayıb. Onlar hansı tarixdə və hansı şəraitdə akt tərtib ediblər məlum deyil. Axı o, heç vaxtı sayğaca müdaxilə etməmişdir. Sayğac da həyətdən kənarda, küçədə işıq dirəyində quraşdırılıb. Ondan əlavə də hər ay istifadə etdiyi işığa görə sayğacın qeydinə əsasən nəzarətçi ona bildiriş təqdim edib və o da həmin pulu ödəmişdir. Hər ay ortalama 15-20 manat işıqdan istifadə edir. Bunu onun abonent saldosundan da görmək olur. Əgər onun evində sayğacdan kənar xətt olsaydı onda sayğac bu qədər məbləği hesablamazdı. Digər tərəfdən də həmin akt qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Akt tərtib edərkən ona məlumat verilməyib, onun imza etməyi təmin edilməyib. Bu səbəbdən də harada və hansı pozuntu halına görə yazıldığı məlum olmayan həmin akt qanunsuz sayılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, heç vaxt kənar xəttdən istifadə etməmişdir. Akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakları təmin olunaraq birgə yoxlanış aparılmalı, foto və ya videoçəkiliş olmalı idi. İddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xaihş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, R№391994 saylı aktdan görünür ki, abonent kodu **********00566 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. **********00566 saylı abonent haqqında məlumatdan görünür ki, abonent İddiaçı R№391994 saylı akta əsasən 687.30 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonent kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 687.30 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli, R№391994 saylı akta əsasən hesablanmış 687.30 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, R№391994 saylı akta əsasən hesablanmış 687.30 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar