Məhkəmə qərarları › İş №2(050)-3020/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3020/2024

27.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3020/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 864.02 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Masallı rayonu, Eminli kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. Həmin kənddə fərdi yaşayış evi vardır və ev elektrik enerjisi ilə təchiz olunmuşdur. Abonentin saldosundan da görünüdüyü kimi, hər ay sərfiyyatın dəyərini ödəmiş və borcu qalmamışdır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixə ona 864,02 manat əsassız borc hesablanmışdır. Təqdim olunmuş saldoya baxış keçirdikdə borcun yaranma mənbəyini müəyyən etmək mümkün deyildir. Əgər borc hər hansı akt əsasında hesablanmış olsaydı bu zaman həmin akta istinad olunardır. Lakin göründüyü kimi heç bir əsas olmadan borc hesablanmışdır. Əgər "xxxx" ASC-yə ziyan vurulmuşsa belə onun günahı ucbatından olmamışdır və o, hər ay işıq pulunu ödəmişdir. 864,02 manat borcun yaranması üçün gərək o, ən azından 5 il işıq pulu verməli deyil, buda mümkün deyildir ki, çünki əgər 5 il o işığa görə pul ödəməsəydi, çoxdan elektrik enerjisinin verilməsini dayandırmış olardılar. Həmçinin, əgər hər hansı problem vardısa bununla bağlı Energetika Nazirliyi tərəfindən qərar qəbul olunardı və daha sonra cərimə hesablanardı. Göründüyü kimi borc əsassız hesablanmışdır. Odur ki, məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə oğu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasında təqdim edilən və hazırki mülki işə heç bir aidiyyəti olmayan, iddia tələbində göstərilməyən və mübahisələndirlməsi iddia müddətinin ötürülməsi baxımından mümkün olmayan xx.xx.2018-ci il tarixli R101351 saylı akta hüquqi qiymət vermədən, mülki işə iddia tələbi çərçivəsində baxılmasını və əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində “Azərişıq“ ASC tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixində akt tərtib edildiyini və 864.02 manat cərimə hesablandığını qeyd edərək həmin borcun silinməsini xahiş etmişdir. İddiaçı barəsində Azərişıq ASC tərəfindən 2024-cü il tarixində hər hansı akt tərtib edilməmiş, ona hər hansı cərimə məbləği hesablanmamışdır. İddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğac göstəricilərinə uyğun olaraq müəyyənləşdirilən, sərf edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinə görə yaranmış borc məbləğidir. Baxılan işin obyektiv həll edilməsindən ötrü sübutların təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən keçirilmiş məhkəmə hazırlıq iclaslarının təxirə salınmasına, ümumilikdə 4 dəfə məhkəmə hazırlıq iclası keçirilməsinə baxmayaraq iddiaçı iddia tələbinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı MPM-nin 78-ci maddəsınin tələblərini pozmaqla məhkəmənin xx.xx.2024-cü il tarixli "Məhkəmə baxış" iclasında iddia tələbinə aid olmayan, iddia ərizəsində göstərilməyən xx.xx.2018-ci il tarixli aktın surətini təqdim edərək həmin akt əsasında 2018-ci ildə yazılmış cərimənin silinməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixində enerji təchizatı müəsisəsinin əməkdaşları iddiaçının evinə quraşdırılan və iddiaçının həyətinin daxilində yerləşmiş elektrik sayğacına baxış keçirən zaman abonentin sayğacı sxemdən çıxararaq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi məlum olmuşdur. Bu barədə EEİQ-nın tələbləri çərçivəsində yerində akt tərtib olunmuşdur. Digər bir hal isə iddiaçının məhkəmə baxışı zamanı təqdim etdiyi və hazırki iddia tələbinə aid olmayan aktın mübahisələndirməyə cəhd etməsi də Mülki Məcəllənin 372 və 373-cü maddələn baxımından yolverilməzdir. Beləliklə iddiaçının məhkəmə baxışında (işə aid olmayan) sübut təqdim etməsi prosessual hüquq normalarının, iddia müddəti çoxdan keçmiş aktı mübahisələndirməyə cəhd etməsi isə maddi hüquq normalarının birbaşa pozulmasıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, 25 dekabr 2024-cü il tarixli ərizəsinə uyğun izahat verərək bildirdi ki, hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. İddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-cü il tarixli, 101351 saylı aktdan görünür ki, abonent kodu **********00009 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğac sxemdən çıxarılmış, sayğacdan kənar enerjidən istifadə olunur. Sayğac təqdim olunmadı. İ=4.5A, Pf=4.5x0.22=0.99 kvt. Kənar xətt ləğv edilsin, sayğac quraşdırılsın, möhürlənib hesabata alınsın. **********00009 saylı abonent haqqında məlumatdan görünür ki, abonent İddiaçı 667.7748 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC 10 may 2018-ci il tarixdə Elektrik Enerjisindən istifadə qaydalarının pozulması səbəbindən R101351 saylı akt tərtib etmiş və 667.77 manat ziyan hesablamışdır. Həmin ziyan hazırda iş üzrə iddiaçıdan məhkəmə qətnaməsi olmadan onun hesabına elavə edilərək, tələb edilir. İddiaçı həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin sübutların təqdim edilməsi məsələsi barədə ərizəsində qeyd etdiklərinə dair bildirir ki, məhkəmə İddiaçı barəsində "xxxx" ASC tərəfindən hər hansı qusur aktının və ya cərimə qərarının (protokolun) tərtib olunması barədə məlumat sorğu edilsə də, cavabdeh "xxxx" ASC tərəfindən cavablandırılmamışdır. Halbu ki, İddiaçı barəsində akt mövcud olmuş, lakin məhkəməyə göndərilməmişdir. İddiaçı aktın əldə edilməsi ilə bağlı Masallı EŞ-nə, X1 Təchizatı və Satışı İdarəsinə və Masallı Regional “ASAN Xidmət” Mərkəzində olan "xxxx" ASC-nin şöbəsindən tələb etsə də, ona təqdim edilməmiş, sonda "xxxx" ASC-nin baş idarəsinə müraciət etdiyindən sonra həmin akt ona təqdim edilmişdir. Belə olan halda məhkəmə həmin sübutu məhkəmə baxış iclasında təqdim edilsə də qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.[120] 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddəti məsələsi barədə ərizəsində qeyd etdiklərinə dair bildirir ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yazılmış 667.77 manat borc məbləği silinməlidir. İddianın qalan hissəsi ilə bağlı tərəf sübut təqdim etmədiyindən məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yazılmış 667.77 manat borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar