Məhkəmə qərarları › İş №2(050)-3024/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3024/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3024/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı hesablanmış ziyanın azaldılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Masallı şəhərində ona və ailəsinə məxsus fərdi yaşayış evi vardır. Qeydiyyatda olduğu ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "Azəriqaz'’ İB Lənkəran X5 İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə yaşadığı evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Baxış zamanı ona bildirilmişdir ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulma aşkar etdiklərinə görə akt yazılacaqdır. Sonradan ona məlum olmuşdur ki, ona ‘'Azəriqaz” İB tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 18576 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Həyətində aşkarlanan qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Lakin cəriməni də düzgün yazmamışlar. Yəni onun il ərzində istifadə etdiyi qazdan dəfələrlə artığını yazmışlar. Cavabdeh təşkilatın aktda göstərdiyi kub metr heç bir əsasa uyğun deyil. Nəyə istinad edilərək cərimə hesablanmışdır onu da bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Ona 15 günün cəriməsi yazılmalı idi. Cavabdeh təşkilat isə 360 günün cəriməsini yazmışdır. Cərimənin düzgün hesablanmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin Lənkəran X5 idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə hesablanmış cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında göstərmişdir ki, iddia tələbini əsassızdır bu səbəbdən təmin edilməməlidir. Belə ki, iddiaçı Əhədov X4 şəhəri, Dadva-2 küçəsində yaşamaqla Lənkəran X5 İdarəsinin Masallı Xidmət Sahəsində **********02160 saylı hesabla abonent qeydiyyatındadır. Abonentə məxsus ünvanda qaz xəttində istifadədə olan sayğac quraşdırılmışdır. Sayğac quraşdırılmasına baxmayaraq abonent təbii qazdan qeyri-qanuni (sayğacdankənar qaz xətti vasitəsi ilə) istifadə etdiyinə görə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edimiş və həmin akt əsasında 2229,12 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı Nayib oğlunun təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi Cavabdeh əməkdaşları tərəfindən video lentə alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011 -ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsində qaz işlədicilərindən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən X6 İstismari İdarəsinin mütəxəssisləri tərəfindən "İtirilmiş qazın bərpası üzrə” İddiaçı Nayib oğlunun abonent hesabında 18576 m3 olmaqla 2229,12 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evdə kənar qaz xətti həqiqətən olub, lakin kənar xətt nazik şlanq ilə çəkilib və kombinin təzyiqi çox olduğuna görə həmin kənar xətt vasitəsilə kombi aparatının işlədilməsi mümkün olmayıb. Sərfiyyat yuxarı həddə hesablanmışdır. Məhkəmədən cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X1 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilib iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə əsası ilə yeni sayğacın dəyəri və ziyan tələb olunur. 14 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasən 18576 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN1276806 saylı qərardan görünür ki, Masallı şəhərində yaşadığı fərdi evində xx.xx.2024-cü il tarixdə yaşadığı evdə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmuşdur. Nəticədə İddiaçı tərəfindən AR İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin məhkəmə dəymiş ziyan məbləğini müzakirə edərək qeyd edir ki, tədqiq olunmuş akta əsasən 18576 kub metr itirilmiş qazın bərpa olunması hesablansa da, göstərilən dərəcədə ziyanın dəyməsi həqiqətə uyğun deyil və ehtimallarla hesablanmışdır. Aktdan və tələbnamədən göründüyü kimi, ziyanın hesablanması barədə tələbnamədə qaz işlədicilərdən PQ 3 maksimal saatlıq qaz sərfi 0,8 m/kub/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, kombinin maksimal saatlıq qaz sərfi 3 m/kub/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə hesablanmışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10-cu və 6.5-3-cü maddəsinin göstərişindən göründüyü kimi, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması ağlabatan deyil və bu barədə cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, 2024-cü ilin fevral ayından əvvəlki müddətdə cavabdeh tərəfin əməkdaşları sayğacların yoxlanılması ilə bağlı hər ayın sonu vətəndaşların yaşayış ünvanlarında olaraq, onların istehlak etdikləri qaz miqdarını qeyd etməklə bildiriş verirlər. Əgər həqiqətən son 90 gün ərzində qanunsuz qoşulma olmuşdursa, daha əvvəl bu hal müəyyən olunmalı idi. Ona görə də məhkəmə yalnız son 3 aya münasibətdə dəymiş ziyanın bərpa olunması qənaətinə gəlir. Bundan başqa təbii qazın günlük istehlakı maksimal saatlıq qaz sərfi hesablansa da, məhkəmə iddiaçı tərəfin etirazı ilə razılaşaraq qeyd edir ki, hansı əsasla İddiaçı hesabat müddətinin 360 gün qəbul edilməsi qənaətinə gəlinməsi məlum deyil, bu da ona əsas tələbnamə üzrə ziyan real əsaslara uyğun deyil, ehtimalla hesablanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş ziyan dedikdə, dəymiş real zərər nəzərdə tutulur. Məhkəmə göstərilənləri Mülki Məcəllənin 560.1-560.3. və 560.3.5.2-ci maddələrinə istinadən hüquqdan sui-istifadə olaraq qiymətləndirir. Həmin maddələrə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf minimum, cavabdeh tərəf maksimum qaz istehlak edilməsi barədə sübut təqdim etmədiklərinə görə, son 90 günə münasibətdə orta iş rejimi 12 saat qaz sərfi əsas götürülməklə, son 3 ay üçün 4104 kub metr ((0,8x12x90=864)+(3x12x90=3240)=4104) qaz sərfinə görə ziyan bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 18576 kub metr qaz sərfiyyatının həcmi azaldılaraq, 4104 kub metr müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar