Məhkəmə qərarları › İş №2(050)-3049/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3049/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3049/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 avqust 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Şərəfə kəndində yaşayır. Yaşadığı ev təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayağacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazadan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. “Azəriqaz” İB Lənkəran X4 İdarəsinin əməkdaşları yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişdilər. Bundan sonra sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması əsası ilə 26 avqust 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən 17280 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Lakin əvvəllər də qazdan isifadəyə görə pul ödəmiş, qaz idarəsinin əməkdaşları dəfələrlə sayğaca baxış keçirmişdilər. Hər hansı bir problem olmamışdır. Təbii-qazdan qeyri-qanuni istifadə etməmişdir. Digər qardaşı X3 ilə qonşuluqda yaşayır. Qafil Məmmədov sayğacdan kənar qoşulmuş, qaz idarəsinin əməkdaşları yoxlama aparakən Qafil Məmmədov buna şərait yaratmayaraq mane olmuş, bu səbəblə ona, digər qardaşı Qadir Məmmədova, həmçinin Qafil Məmmədova ziyan hesablanmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-880/2023 saylı qətnaməsi ilə qardaşı X2 “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş digər qardaşı Qafil Məmmədov izahatında göstərmişdir ki, Qadir Məmmədov qardaşıdır. O, uzun illər əvvəl sayğacdan kənar qaz xəttinə qoşulmuş, sonradan ayırmamışdır. 26 avqust 2022-ci il tarixdə yoxlama zamanı həmin xəttlə bağlı qaz idarəsinin əməkdaşları ilə mübahisə etmiş, onlar da qanunsuz xəttin hansı evə çəkilməsini müəyyən edə bilmədikləri üçün, qonşuluqda yaşayan üç qardaşın hər birinə qanunsuz qoşulma barədə akt tərtib etmişdilər. Həmçinin o, sözügedən evdə 2022-ci ilin aprel ayından yaşamır. Odur ki, aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatın və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni yolla istiafə edilməmişdir. Barəsində tərtib edilmiş 26 avqust 2022-ci il tarixli, ******* saylı akt qanunsuzdur. Əgər başqa şəxs təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etmişdirsə, buna görə o, məsuliyyət daşımır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğacdan kənar qaz xətti aşkar edilmişdir. Bununla bağlı video görüntü var. Baş vermiş hadisə ilə bağlı 26 avqust 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və akta əsasən borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi təbii qazın dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, “Azəriqaz” İB Lənkəran X4 İdarəsinin Masallı xidmət sahəsində böyük mühəndis vəzifəsində işləyir. 26 avqust 2022-ci il tarixdə Məmmədovlar qardaşlarının fərdi yaşayış evlərinin həyətində digər əməkdaşlar Bəhruz Qasımov və Günəşli Nuralıyev ilə birlikdə baxış keçirmişdilər. Baxış zamanı qaz xəttindən qeyri-qanuni istifadə olunmasıl halı aşkar edilmişdir. Həmin xəttin hansı evə getməsini müəyyən edərkən dava-dalaş yaranmış və konkret olaraq hansı evin qeyri-qanuni qazdan istifdadə etməsi müəyyən oluna bilməmişdir. Qeyri-qanuni xəttin hansı evə getməsini müəyyən edərkən hadisə yerinə İddiaçı və onun ailə üzvlərindən heç kim gəlməmiş və onlara hər hansı bir maneçilk törətməmişdilər. Daha sonra idarədə abonentlərin saldosuna baxılmış və saldolarda sərfiyyat olmadığından onların hər biri üçün akt tərtib edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahahatlarını, şahidin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 26 avqust 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. “Azəriqaz” X1 X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 26 avqust 2022-ci il tarixli hesabatdan görünür ki, 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 17280 kub/metr itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan və “Smart” sayğaclarda borca görə tutulmalara dair elektron çıxarışdan görünür ki, abonent üçün xx.xx.2022-ci il tarixdə “Smart” sayğac quraşdırılmış, abonentin təbii qazdan istifadəyə görə sərfin məbləği 2021-ci ilin may ayı üzrə 16,80 manat, iyun ayı üzrə 13 manat, iyul ayı üzrə 15 manat, avqust ayı üzrə 20,75 manat, sentyabr ayı üzrə 18 manat olmuş; abonent 2022-ci ilin aprel ayında təbii qazdan istifadəyə görə karta 32,50 manat, may ayında 22,50 manat, iyun ayında 20 manat, iyul ayında 10 manat, avqust ayında 10 manat və sentyabr ayında 20 manat pul ödəmişdir. Abonentə məxsus Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə verilən qaz xəttinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun üç qardaşı bir həyətdə, ayrı-ayrı evlərdə yaşayırlar. Akt tərtib olunarkən İddiaçı smartkart sayğacı olmuşdur. Sayğacdan kənar qaz xətti qaz xəttinin yerə basdırılmış digər dirəyin içindən keçən boru ilə birləşdirilmiş vəziyyətdə olmuş və sonradan ləğv edilmşdir. Baxış zamanı aktın tərtib edilməsində iştirak etmiş, Günəşli Nuralıyev və Şahid da orada olmuşdular. Həmin zaman qaz xəttində olan qanunsuz qoşulmuş digər xəttin məhz İddiaçı evinə getməsi barədə dəqiq məlumatlarının olmamasını, buna səbəb kimi həmin zaman mübahisə yarandığından bunun dəqiq araşdırılmasının mümkün olmamasını bildirmişdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskdə olan videogörüntüyə məhkəmə iclas zalında baxılmışdır. Videogörüntüdə qaz xəttində qoşulmuş borunun İddiaçı evinə getməsi müəyyən edilmir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla müəyyən olunur ki, qaz xətti yoxlanılarkən sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni olaraq təbii qazdan istifadə edilməsi halı aşkarlanmışdır. Lakin həmin qaz xəttinə qoşulmuş borunun İddiaçı evinə getməsi müəyyən edilmir. Bu halı aktın tərtib edilməsində iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da ifadəsində təsdiq etmişdir. Belə ki, şahid ifadəsində göstərmişdir ki, “...Baxış zamanı qaz xəttindən qeyri-qanuni istifadə olunmasıl halı aşkar edilmişdir. Həmin xəttin hansı evə getməsini müəyyən edərkən dava-dalaş yaranmış və konkret olaraq hansı evin qeyri-qanuni qazdan istifdadə etməsi müəyyən oluna bilməmişdir. Qeyri-qanuni xəttin hansı evə getməsini müəyyən edərkən hadisə yerinə İddiaçı və onun ailə üzvlərindən heç kim gəlməmiş və onlara hər hansı bir maneçilk törətməmişdilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, cavabdeh İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərər üçün zərərçəkən qarşısında o, məsuliyyət daşımamalıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yaranmış mübahisə ilə bağlı cavabdeh tərəf videoçəkiliş olan disk təqdim etsə də, həmin videogörüntüdə qanunsuz qoşulmanın İddiaçı tərəfindən icra olunması, o cümlədən məhz onun evinə xəttin çəkilməsi sübuta yetmir. Bundan başqa, Şahid məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, qanunsuz qoşulma xəttinin hansı evə getməsini müəyyən edərkən dava-dalaş yaranmış və konkret olaraq hansı evin qeyri-qanuni qazdan istifdadə etməsi müəyyən oluna bilməmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, məhkəmə iclasında abonentin saldosundakı və “Smart” sayğaclarda borca görə tutulmalara dair elektron çıxarışdakı göstəricilərə əsasən hadisənin baş verdiyi vaxt, ondan əvvəlki və sonrakı ayların sərfiyyatları, əvvəlki ilin anoloji dövləri üzrə sərfiyyatları ilə qarşılıqlı araşdırma aparılmış və həmin göstəricilər arasında əsaslı fərq aşkar olunmamışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 avqust 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar