Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3155/2025 04.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 20 dekabr 2016-cı il tarixli, Rİ 038941 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 880 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır və fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X1 Qaydalar” na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da fiziki şəxs kimi hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun dəyər ilə ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmişlər və xx.xx.2016-cı il tarixli Rl 038941 saylı akt tərtib etmişlər. Lakin, tərtib olunmuş akt etdiyi müraciətlərə baxmayaraq, bu günə kimi ona verilmədiyindən aktda olan qüsurun nə olduğunu bilmir. Yəni, hansı səbəbə akt tərtib olunduğunu bilmir. Akt ona verilməsə də, onu 880 manat məbləğində cərimələmişlər. Qeyd olunan akt və cərimə barədə isə ona verilmiş Abunə Haqqında məlumat cədvəlinə baxarkən məlum olmuşdur. O, sayğaca hər hansı bir müdaxilə etməmiş, sayğacdan kənar hər hansı bir xətt çəkməmiş, sayğacın qırmızı möhürü normal vəziyyətdə olmuşdur, qırılmamışdır. Sayğaca hər hansı müdaxilə etməmiş, sayğacı zədələməmişdir. Əgər sayğacın möhürü qırılmayıbsa, sayğaca xarici müdaxilə edilməyibsə, sayğacda hər hansı qüsur yoxdursa, hansı səbəbə ona cərimə yazıldığını da bilmir. Göründüyü kimi o, sayğaca heç bir müdaxilə etmədiyi halda, EŞ-nin əməkdaşları qanunsuz və əsassız naməlum formada akt tərtib edərək onu cərimələmişlər. Ona görə də hazırda həmin akt etibarsız hesab olunması və borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ona cərimə yazılan vaxt həmin evdə yaşamamış, Rusiya Federasiyasında olmuşdur. Evdə onun əmisi oğlu yaşamışdır. Sonradan onun evinə 2018-ci ildə sayğac quraşdırılmışdır. Onun evinə 2018-ci ildə sayğac quraşdırıldıqdan sonra cərimə olunması barədə məlumatı olmuşdur. Ondan qabaq köhnə sayğac olmuşdur. O, sayğaca heç bir müdaxilə etməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına olan sayğaca xx.xx.2016-cı il tarixdə baxış zamanı məlum olmuşdur ki, o, sayğacdan kənar xəttdən istifadə etmişdir. Bununla bağlı 20 dekabr 2016-cı il tarixli, Rİ 038941 saylı akt tərtib edilmiş və akta əsasən 880.49 manat məbləğində borc hesablanmışdır. Həmçinin, hazırda həmin aktın tərtib edilməsindən xeyli müddət keçdiyindən, aktın saxlanma müddəti keçdiyindən aktın məhv edilməsi səbəbindən məhkəməyə təqdim edilməsi mümkün deyildir. İddiaçı mübahisələndirdiyi aktı özü təqdim etməlidir. Belə bir alt təqdim edə bilmirsə, onda onun qeyd edilən tələbinə də baxıla bilməz. Bundan başqa idarənin elektron sistemində aktın yazılma səbəbi kimi kənar xətdən istifadə edilməsi ilə bağlı qeydlər aparılmışdır. Həmin aktın məhkəməyə təqdim edilməsi vəzifəsi şirkətə aid edilə bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Qızılağac kəndində yaşayan abonent İddiaçı abunə hesabına 20 dekabr 2016-cı il tarixli, Rİ 038941 saylı akta əsasən 880.49 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərişıq ASC-nin nümayəndələri tərəfindən 20 dekabr 2016-cı il tarixdə Masallı rayonu, Qızılağac kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı ilə bağlı cərimə yazılmışdır. Akt mövcud olmadığından cərimənin hansı əsaslarla yazılmasını müəyyən etmək mümkün deyildir. Hazırda cərimənin yazılmasına səbəb olmuş pozuntuları əks etdirən aktın istehsalçı şirkət tərəfindən təqdim edilməsi mümkün olmamışdır. İddiaçı da ona aktın surətinin verilmədiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Eyni zamanda həmin təlimatın 7.4-cü madəsinə əsasən, Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntular barədə cavabdeh tərəfindən hər hansı bir sübut, videoçəkiliş təqdim edilməmiş, həmçinin tərtib etdikləri aktın surətini belə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, aşkar olunan pozuntularla bağlı orqan tərəfindən tərtib edilən aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, digər nüsxəsi də aktı tərtib edən orqanda saxlanılmalıdır. Şirkətin nümayəndəsi izahatında aktların saxlanma müddətinin 5 il təşkil etdiyini, bu səbəbdən də aktın məhv edildiyini göstərsə də, aktların hansı müddət ərzində saxlanılması, məhv edilərkən aktların kötüyünün hansı qaydada saxlanılması ilə bağlı dediklərini hər hansı normativ akta əsaslanmaqla izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, hər bir halda istehsalçı şirkətin tərtib etdiyi aktın məhkəməyə təqdim edilməsi vəzifəsi istehlakçının üzərinə qoyula bilməz, birmənalı şəkildə orqan tərtib etdiyi aktı məhkəməyə təqdim etmək öhdəliyini daşıyır. Şirkətin nümayəndəsi tərtib edilən naməlum aktın surətinin vətəndaşa təqdim edilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Məhkəmə qeyd edir ki, göstərilən iddia tələbi üzrə vətəndaşın elektrik enerjisindən qanunsuz istifadə etməsini təsdiq edən halların mövcud olmasını sübut etmək vəzifəsi cavabdeh şirkətin üzərində olmuş, lakin cavabdeh şirkət aşkar etdiyi pozuntuların mövcudluğunu təsdiq edən sübutları (aktı və s təsdiq edici sübutları) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, akt hər hansı hüquqi nəticə yaradan sənəd hesab edilmədiyindən, yalnız akt əsasında hesablanmış borc abonent üçün nəticə yaratdığından, iddiaçının aktın etibarsızlığı ilə bağlı irəli sürdüyü tələbə də məhkəmədə baxılması mümkün deyildir. Ona görə də iddiaçının aktın etibarsızlığı ilə bağlı tələbi rədd edilməli və itirilmiş eletrik enerjisinin bərpası üçün hesablanmış borcun silinməsi tələbi isə təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, elektrik enerjisindən qanunsuz istifadə halları ilə bağlı hesablanmış borcun silinməsi tələbləri üzrə işlərə baxılarkən, aşkar edilmiş pozuntuların göstərildiyi aktın əsaslılığı və qanuniliyinin yoxlanılması yolu ilə həyata keçirilir ki, hazırda şirkət tərəfindən aktın mövcud olmadığı bildirilmişdir. Belə olan halda vətəndaşa məxsus sayğacın yoxlanılıb-yoxlanılmaması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Şübhəli hallar isə istehlakçının xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20 dekabr 2016-cı il tarixli, Rİ 038941 saylı akta əsasən hesablanmış 880.49 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 20 dekabr 2016-cı il tarixli, Rİ 038941 akta əsasən hesablanmış 880.49 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3155/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3155/2025
04.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver