Məhkəmə qərarları › İş №2(050)-3231/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3231/2024

26.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3231/2024 26.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2021-ci il tarixli, AKT R № 216811 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 344.49 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu, Qədirli kəndində yaşayır və həmin kənddə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və o, hər ay istifadəyə görə pulu ödəmiş, ödəniş qəbzləri vardır və abonentin saldosunda ödənişlər təsdiqini tapır. O, əgər elektrik enerjisindən sayğacdan kənar istifadə edirdisə, o zaman hər ay pul ödəməzdi. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun fərdi yaşayış evində olan sayğaca baxış keçirərək akt tərtib etmişlər və həmin akta əsasən sayğacın giriş naqilinin izolyasiyasının pozulması aşkar olunmuşdur. Bununla bağlı 216811 saylı akt tərtib olunmuş və hazırda ondan 344.49 manat əsassız borc tələb olunur. Sözügedən aktla razı deyil və qanunsuz olmasını hesab edir, belə ki, sayğaca hər hansı müdaxilə etməmiş, sayğacdan kənar xəttdən istifadə etməmiş, sayğac həyətdən kənarda olmuş, öhdəliklərinin icrasından yayınmamış və istifadə etdiyi işığın dəyərini ödəmişdir. Ümumiyyətlə sayğac labaratoriyaya aparılır və ona baxış keçirilir. Guya müdaxilə olunması göstərilir, bəlkə həmin müdaxiləni və qüsuru qəsdən həmin əməkdaşlar özləri yaradacaqlar. Aktı tərtib edən şəxslər maraqları olduğu üçün sayğaca müdaxilədə edə bilərlər. Onda şübhələr yaranır ki, bəlkə sayğacı qəsdən həmin şəxslər zədələmişlər, şübhələrdə onun xeyrimə həll olunmalıdır. Həmçinin, sayğacın içərisində hər hansı hissə xarab da ola bilər, bu onun yox, onun düzəldənin səhvidir. Sayğacın içində hansısa hissənin xarab olmasına görə məsuliyyət daşımır. Əgər kənar xətt çəkmiş olsa, bu zaman məsuliyyət daşıya bilər. Buna görə də dəymiş ziyan olsa belə ondan tutula bilməz. Sayğaca müdaxilə etməmiş və sayğacın içərisindən xəbəri yoxdur. Necə müəyyən olundu ki, o, sayğaca müdaxilə etmişdir. Dəymiş ziyanın ondan tələb olunması üçün əvvəlcə hadisənin baş verməsində onun təqsiri müəyyən olunmalı, daha sonra təqsirə görə ziyan tutulmalıdır. Onun təqsirinin olması barədə hər hansı sübut yoxdur. Həmçinin, "xxxx" ASCnin birbaşa ziyan tələb etməsi qanunsuzdur, gərək əvvəlcə onun barəsində protokol tərtib olunmalı, daha sonra qərar əsasında cərimə olunmalıydı. Lakin onun təqsiri olmadığı üçün barəsində hər hansı protokol və qərar yazılmamışdır. Həmçinin, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, foto və ya video çəkiliş aparılmamışdır. Lakin "xxxx" ASC-nin əməkdaşları qanunsuz olaraq sözügedən aktı tərtib etmişlər. Aktda onun imzası da yoxdur, sayğaca baxış keçirən zaman onun iştirakı mütləq təmin olunmalıdır. Lakin onun aktdan xəbəri olmamışdır. Odur ki, həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, akt əsasında ona 147 manat cərimə yazıldığını qeyd etmişdir. Odur ki, iddia ərizəsində səhv qeyd etdiyi 344.49 manat borcun deyil, akt əsasında hesablanmış 147 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddiaçının iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın giriş naqilinin izolyasiyası pozulmuşdur. Bununla bağlı 14 may 2021-ci il tarixli, AKT R № 216811 saylı akt tərtib edilmiş və akta əsasən 147 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Bundan başqa idddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət etdiyini bildirmişdir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 14 may 2021-ci il tarixli, AKT R № 216811 saylı aktda göstərilir ki, abonent kodu **********00224 olan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “sayğacın giriş naqilinin izolyasiyası pozulmuşdur. Naqilin en kəsiyinin ölçüsü 4 mm aliminium iki damarlı naqildir”. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Qədirli kəndində yaşayan, abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT R № 216811) 147 manat borc hesablanmışdır. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 14 may 2021-ci il tarixli, AKT R № 216811 saylı aktda göstərilir ki, abonent kodu **********00224 olan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “sayğacın giriş naqilinin izolyasiyası pozulmuşdur. Naqilin en kəsiyinin ölçüsü 4 mm aliminium iki damarlı naqildir”. Bu səbəbdən də abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT R № 216811) 147 manat borc hesablanmışdır. İddiaçı 20 sentyabr 2024-cü il tarixdə həmin aktı mübahisələndirərək borcun silinməsini xahiş etmişdir. Məhkəmə yaranmış mübahisə ilə bağlı qeyd edir ki, akt tərtib edildiyi zaman sayğacda qüsur aşkar edilməsi göstərilmiş, yaranmış həmin qüsurun məhz abonentin təqsiri ucbatından yaranması cavabdeh şirkət tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.6-cı maddəsinin tələbinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlaşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Göründüyü kimi, cavabdeh şirkət tərəfindən tərtib edilmiş aktın qanuni əsasları olmadığından iddiaçının tələbi əsaslı olmuş, lakin cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətini tətbiqi ilə əlaqədar ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəyə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin məcəllənin 373-cü maddənin bəndlərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Cavabdeh müqavilə münasibətlərinə istinad etməklə 3 illik iddia müddətinin tətbiq edilməsini zəruri hesab etmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia müddəti ilə bağlı məhduduiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələrlə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığına qarşı iş üzrə 1996-cı il oktyabr tarixli qərarı) İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Məhkəmə bununla bağlı qeyd edir ki, hal-hazırkı mübahisə müqavilə tələbləri üzrə tərəflər arasında yaranan mübahisədir. Ona görə də qeyd edilən mübahisə üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin keçməsi tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, cavabdeh şirkət tərəfindən 14 may 2021-ci il tarixdə akt tərtib edilmiş, 3 (üç) ildən artıq müddət keçdikdən sonra, 20 sentyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar