Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3243/2024 20.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, NDM 030205 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 681.72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli, NDM 030205 saylı akt əsasında hesablanmış 681.66672 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Mərhum anası X1 adına Masallı rayonu Boradigah qəsəbəsində yaşayış evi vardır, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayğacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayğaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. X6 xx.xx.2019cu ildə vəfat etmişdir. Lakin işıq idarəsinin işçiləri xx.xx.2022-ci ildə gələrək əsassız yerə akt tərtib edilmiş və mərhum anasının adına 681.72 manat əlavə elektrik enerjisindən istifadə edilməsi əsası ilə əlavə borc hesablanmışdır. Bu barədə onun iştirakı olmadan NDM № 030205 saylı akt tərtib edilsə də ona verilməmişdir. Qeyd edilən aktı almaq üçün "xxxx" ASC-yə müraciət etsə də həmin akt ona verilməmişdir. Buna baxmayaraq işıq idarəsinin işçiləri ona xəbərdarlıq edərək evinə gələn işıq xətti kəsəcəklərini bildirmişlər. Odur ki, həmin aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Lakin əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbi ilə razı olmadıqlarını, İddiaçı əlavə xəttdən istifadə etdiyini bildirmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2022-ci il tarixli, NDM 030205 saylı aktın surətindən görünür ki, E.E.İ.Q-na uyğun olaraq baxış keçirilən zaman fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olması, kənar mənbədən 0 (sıfır) verilməklə sayğacın dövrədən tamamilə kənarlaşdırılması, sayğacın sxemindən keçən yükü qeyd etməməsi halı aşkar edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Boradigah kəndində yaşayan abonent X2 “EİQ pozulması” ilə əlaqədar (akt NDM 030205) olaraq 681.72 manat məbləğində sərfiyyat hesablanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə ölməsi 223 №-li akt qeydi ilə qeydə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Boradigah kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı “fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olması, kənar mənbədən 0 (sıfır) verilməklə sayğacın dövrədən tamamilə kənarlaşdırılması, sayğacın sxemindən keçən yükü qeyd etməməsi” əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət etmiş və hesablanmış sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf mərhum anasına məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca heç bir kənar müdaxilə edilmədiyi, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik sərfiyyatı etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. xx.xx.2022-ci il tarixli, NDM 030205 saylı aktda “fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olması, kənar mənbədən 0 (sıfır) verilməklə sayğacın dövrədən tamamilə kənarlaşdırılması, sayğacın sxemindən keçən yükü qeyd etməməsi” qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəf kənar müdaxilə barədə hər hansı sübut fotoşəkil, videogörüntü və başqa rəsmi sənəd təqdim etməmişdir. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Həmçinin məhkəmə müqavilənin "xxxx" ASC ilə X4 arasında bağlanmasına baxmayaraq İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsinə münasibətdə qeyd edir ki, hazırda abonent X2 məxsus evdə onun ailə üzvləri, həmçinin İddiaçı yaşayır və X4 öldüyündən İddiaçı istehlakçı kimi məhkəmədə iddia qaldıraraq hüquqlarını müdafiə etməsi yolveriləndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 030205 saylı akt əsasında hesablanmış 681.72 manat məbləğində sərfiyyat silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3243/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3243/2024
20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver