Məhkəmə qərarları › İş №2(050)-3251/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3251/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3251/2024 06.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə yazılmış 351941 nömrəli aktın etibarsız hesab edilməsini və yazılmış 697 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Məcidov X6 rayonu Boradigah qəsəbəsində yaşayır. Hazırda yaşadığı ev anasının adına olduğu üçün elektrik sayğacı da onun adına qeydə alınıb. Anası rəhmətə gedəndən sonra həmin evdə o ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşqul olduğu üçün Masallıdakı evlərində yaşayış olmayıb. Taksi fəaliyyətinə qoyulan yeni qaydalardan sonra Bakıda işləməyi mümkün olmadı. İşini rayonda davam etdirmək üçün və bu ilin iyul ayında yenidən Boradigah qəsəbəsindəki evə köçməli olmuşlar. Bundan sonra həmin evdə elektrik enerjisindən istifadə etməklə bütün ödənişləri də etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır. Bir həftə bundan əvvəl işıq idarəsindən gələrək onların sayğacı dəyişdirərək təzə sayğac qoydular, heç bir söz demədən çıxıb getdilər. Bundan sonra o, işıq kartına pul yükləyəndə pulun yarısını tutdular. Bunun səbəbini öyrənmək üçün Masallı elektrik şəbəkəsinə getmişdir. İdarədən ona üzərində 29 avqust tarixi qeyd edilmiş aktı göstərərək onun həmin akt əsasında cərimə edildiyi bildirildi. Aktın surətini alanda məlum oldu ki, avqust ayında güya sayğacdan kənar xəttdən istifadə etmiş və bununla bağlı 697 AZN cərimə edilmişdir. Həmin aktın yazılmasından xəbəri olmayıb. Aktda qeyd edilən tarixdə onların sayğacı ümumiyyətlə heç kim baxış keçirməyib, heç bir kənar xətt də olmayıb. Sayğac da həyətdən kənarda asfalt yolda yerləşən işıq dirəyində quraşdırılıb. Avqust ayında da nəzarətçi sayğacları yoxlayıb və aylıq istifadə etdiyi 14.96 AZN borcla bağlı bildiriş təqdim edib. Bunu abonent saldosundan da görmək olur. Əgər kənar xətt olsaydı onda sayğac bu qədər məbləği hesablamazdı. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakları təmin olunaraq birgə yoxlanış aparılmalı, foto və ya videoçəkiliş olmalı idi. Lakin bunlar edilməmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, X1 adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent sayağacın çıxış fazasını açaraq giriş fazasının yuvasına yerləşdirərək birbaşa sayağacsız elektrik enerjisindən istifadə edir. Bununla bağlı xx.xx.2024-cü il tarixli, 351941 saylı akt tərtib edilmiş və akta əsasən 697 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. İddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 351941 saylı aktda görünür ki, abonent kodu **********00400 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent sayağacın çıxış fazasını açaraq giriş fazasının yuvasına yerləşdirərək birbaşa sayağacsız elektrik enerjisindən istifadə edir. Sayağacın giriş yuvasıda əzilib. Naqilin en kəsiyi 2x10 mm-dir. **********00400 saylı abonent haqqında məlumatdan görünür ki, abonent X2 697 manat borc yazılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci ildə ölmüşdür. Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1980-cı il təvəllüdlü İddiaçı atası X7, anası X3r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 29 avqust 2024-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonent sayağacın çıxış fazasını açaraq giriş fazasının yuvasına yerləşdirərək birbaşa sayağacsız elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 697 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 29 avqust 2024-cü il tarixli, 351941 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 697 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 29 avqust 2024-cü il tarixli, 351941 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 697 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar