Məhkəmə qərarları › İş №2(050)-3259/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3259/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3259/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akt əsasında hesablanmış ziyan kimi 12960 kub metr qaza görə 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Masallı rayonu, İkinci Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. "Azəriqaz" İB-nin Lənkəran X2 idarəsinin Masallı xidmət sahəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişdir. Guya evinin qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sındığına görə ******* saylı akt tərtib edilmişdir. Sayğac həyətdən kənarda küçədə yerləşir. Eyni zamanda qaz sayğacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmış və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu halda onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Qaz sayğacınında həyətdə yox, evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyədə vətəndaş məsuliyyət daşımamalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxıb iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz“ İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 11 aprel 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 11 aprel 2023-cü il tarixdə Masallı rayonu, Səmidxan-2 kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlanması üçün yenisi ilə əvəz olunmuşdur. “Azəriqaz” X1 X2 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini S.Seyfullayev tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 31 mart 2023-ci il tarixdə Masallı rayonu, Səmidxan 2 kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sındığı aşkar olunmuşdur. “Azəriqaz” X1 X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Səmidxan-2 kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 6 kub/metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12960 kub metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, qaz paylayıcısı olan “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi təbii qazla və qazın sərfinə görə hesablama aparılması üçün sayğacla təchiz olunmuş, lakin 11 aprel 2023-cü il tarixdə tərtib olunmuş akta əsasən “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının növbəti dövlət yoxlanması üçün yeni sayğacla əvəz olunmuş, 31 mart 2023-cü il tarixdə qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sındığı aşkar olunduğu üçün 12960 kub/metr itirilmiş qazın həcminə görə ziyan hesablanmışdır. İstehlakçı İddiaçı həmin akt və qərarla razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının: 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısıalğı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da “Azəriqaz” İstehsalat Birliyi qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 11 aprel 2023-cü il tarixdə istehlakçı Masallı rayonu, Səmidxan-2 kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacını yenisi ilə əvəz edərkən və 31 mart 2023-cü il tarixdə akt tərtib edilərkən sayğacın hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sındığı aşkar edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğacın hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sındığı aşkar olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və itirilmiş 12960 kub/metr qaza görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və itirilmiş 12960 kub/metr qaza görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar