Məhkəmə qərarları › İş №2(050)-3349/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3349/2025

01.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3349/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli 026064 saylı və 13 yanvar 2022-ci il tarixli 237542 saylı aktlar əsasında ona yazılmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Böyük Xocavar kəndində ona məxsus fərdi yaşayış evi elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq, elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirilməsi üçün sayğacla təmin olunmuşdur. O, tarif planına uyğun olaraq elektrik enerjisindən istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 09 sentyabr 2021-ci ildə “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri gələrək evinə gələn elektrik xətlərini yoxlamış və guya onun elektrik enerjisindən qeydiyyatsız istifadə etməsi barədə nəticəyə gəlmişlər. Onun məlumatı və xəbəri olmadan barəsində 09 sentyabr 2021-ci il tarixli 026064 saylı akt tərtib etmişlər. Otaq şəraitində tərtib olunan həmin akt ona rəsmi qaydada göndərilməmişdir. Akt əsasında nə qədər cərimə olunduğunu da, bilmir. Sonradan 13 yanvar 2022-ci il tarixdə barəsində yenidən bir akt tərtib etmişlər. Guya o, sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Yenə də xəbəri və məlumatı olmadan 13 yanvar 2022-ci il tarixli 237542 nömrəli akt tərtib edilmişdir. Həmin akt da, ona rəsmi qaydada göndərilməmişdir. 27 avqust 2025-ci il tarixdə cavabdeh təşkilatın Masallı şöbəsinə rəsmi ərizə ilə müraciət etdikdən sonra oxunması çətin olan aktların surətləri ona təqdim edilmişdir. Bildirir ki, evində sayğacdan kənar və ya qeyri-qanuni elektrik enerjisindən istifadə etməmişdir. İllər boyu aylıq ödənişləri mütəmadi olaraq etmişdir. Aktların ona hansı səbəbdən yazıldığını bilmir. Aktlar tam əsassız və otaq şəraitində tərtib olunmuşdur. O, sayğaca heç vaxt müdaxilə etməmişdir. Yazılmış aktlar əsassız olduğundan ləğv edilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

1. Cavabdeh "xxxx" ASC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

6. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Böyük Xocavar kəndində İddiaçı adlı abonentin fərdi evinə 22 sentyabr 2021-ci il tarixdə M600 tipli 21499534M1817789 nömrəli sayğac, 22 may 2024-cü il tarixdə PAUD-MP106 tipli **********1M2588114 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00883-dir.

7. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Böyük Xocavar kəndində İddiaçı adlı abonentin NDM026064 nömrəli akta əsasən 05 oktyabr 2021-ci il tarixdə cəmi 1814 kvt/s sərfiyyat göstərici ilə 175,54 manat məbləğində sərfiyyat və Rİ237542 nömrəli akta əsasən 26 yanvar 2022-ci il tarixdə cəmi 7022 kvt/s göstərici ilə 889,53 manat məbləğində sərfiyyat, ümumilikdə aktlara əsasən 1082,33 manat sərfiyyat hesablanmışdır.

8. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli NDM seriyalı 026064 saylı aktdan görünür ki, abonent elektrik enerjisindən qeydiyyatsız istifadə edir. Tələb: yeni kod açılsın və sayğac quraşdırılsın.

9. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli Rİ seriyalı 237542 saylı aktdan görünür ki, EEİQ-nin qaydalarına uyğun olaraq elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, abonent sayğacın giriş naqillərini evin banına salaraq naqilin pozaraq həmin yerdən sayğacdan kənar əlavə xətt çəkilmişdir. Naqilin en kəsiyinin ölçüsu 6 mm olmaqla iki damarlı alüminium naqildi. Tələb: sayğacın giriş naqilləri yenisi ilə əvəz edilsin və sayğac çölə çıxarılsın. Kənar xətt yuxarıda olduğu üçün ölçü aparmaq mümkün olmadı.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli NDM seriyalı 026064 saylı və 13 yanvar 2022-ci il tarixli Rİ seriyalı 237542 saylı aktlara əsasən İddiaçı məxsus Masallı rayonu, Böyük Xocavar kəndində fərdi yaşayış evinin küçədə quraşdırılmış sayğacın yoxlanması zamanı məlum olmuşdur ki, abonent elektrik enerjisindən qeydiyyatsız istifadə olunması və abonentin sayğacın giriş naqillərini evin banına salaraq naqilin pozaraq həmin yerdən sayğacdan kənar əlavə xətt çəkdiyi aşkar olunmuşdur. İddiaçı adlı abonentə 05 oktyabr 2021-ci il tarixdə cəmi 1814 kvt/s sərfiyyata görə 175,54 manat məbləğində borc və 26 yanvar 2022-ci il tarixdə cəmi 7022 kvt/s sərfiyyata görə 889,53 manat məbləğində borc hesablanmışdır. Abonentə 22 may 2024-cü il tarixdə PAUD-MP106 tipli **********1M2588114 nömrəli sayğac quraşdırılmışdır. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq:

11. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 6.4-cü bəndinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin «Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar» fəslində «Dövlət Enerjinəzarət» idarəsinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı «Dövlət Enerjinəzarət» idarəsi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

16. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

17. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixli NDM seriyalı 026064 saylı və 13 yanvar 2022-ci il tarixli Rİ seriyalı 237542 saylı aktları tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndində nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı təmin edilməmiş, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən imzalansa da, istehlakçı tərəfindən imzalanmamış, aktların bir nüsxəsi istehlakçıya təqdim edilməmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmamış və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Həmçinin istehlakçının izahatı və aktın məzmunu barəsində mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçı da, aktlar tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir.

19. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı adında olan (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Bundan başqa istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

20. Həmçinin nəzərə alınmalıdır ki, istehlakçının elektrik enerjinin talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə enerjitəchizatı müəssisəsi vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində NDM seriyalı 026064 saylı akt 09 sentyabr 2021-ci il tarixdə və Rİ seriyalı 237542 saylı akt 13 yanvar 2022-ci il tarixdə tərtib olunmuşdur. Həmin aktlar üzrə hesablanmış zərəri tələb etmək üçün iddiaçının təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir.

21. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, NDM seriyalı 026064 saylı akt tərtib edikdikdən sonra 175,54 manat və Rİ seriyalı 237542 saylı akt tərtib edikdikdən sonra 889,53 manat hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən aktlar əsasında ümumi hesablanmış 1065,07 manat borc silinməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NDM seriyalı 026064 saylı 09 sentyabr 2021-ci il tarixli və Rİ seriyalı 237542 saylı 13 yanvar 2022-ci il tarixli aktlar əsasında **********00883 abonent kodu üzrə İddiaçı elektrik enerjisindən sərfiyyata görə hesablanmış ümumi 1065,07 manat məbləğində borc silinməlidir.

23. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NDM seriyalı 026064 saylı 09 sentyabr 2021-ci il tarixli və Rİ seriyalı 237542 saylı 13 yanvar 2022-ci tarixli aktlar əsasında **********00883 abonent kodu üzrə İddiaçı elektrik enerjisindən sərfiyyata görə hesablanmış 1065,07 (bir min altmış beş manat yeddi qəpik) manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar