Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3376/2024 20.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASCnin əməkdaşları tərəfindən yazılmış 338227 saylı aktı etibarsız hesab etməklə, yazılmış 580.86 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Bambaşı kəndində yaşayır. Masallı elektrik şəbəkəsi tərəfindən evlərinə sayğac quraşdırılıb. O, da həmişə istifadə etdiyi işıq pulunu vaxtında ödəmişdir. Bir abonent kimi ödənişdən heç vaxtı yayınmamışdır. Evinə quraşdırılan sayğac kart tiplidir. Yəni öncədən karta pul ödənişi etdikdən sonra işıqdan istifadə edirlər. Sayğac da həyətdən kənarda, yəni küçədə quraşdırılıb. İdarənin nəzarətçiləri də hər ay sayğacları yoxlayıblar. İndiyə qədər də heç bir problem olmayıb. Bu ilin iyun ayında kənddəki sayğacları kütləvi dəyişdirdilər. 10 iyun tarixində də onların sayğacı dəyişərək yenisini qoyaraq çıxıb getdilər. Ondan sonra karta pul yükləyəndə məbləğin yarısını tutmağa başladılar. Masallı elektrik idarəsinə müraciət edəndə məlum oldu ki, Azərişıq ASC-nin işçiləri tərəfindən ona aid sayğaca 580.86 AZN cərimə yazılıb. Səbəbini soruşduqda isə heç nə bilmirik deyərək yalnız aktın surətini verdilər. Həmin aktda kənar xətdən istifadə etdikləri qeyd edilmiş və 580.86 AZN cərimə edilmişdir. Həmin akt tam əsassız və qanusuzdur. Onların evində heç vaxtı kənar xətt olmayıb. Sayğaca da heç bir müdaxilə etməmişlər. Elektrik sayğacı həyətlərindən kənarda, yəni küçədə quraşdırılıb. İdarənin işçiləri də hər ay sayğacları yoxlayıblar. İndiyə qədər də heç bir problem olmayıb. Aktın harada və hansı pozuntuya görə yazıldığı da məlum deyil. Belə ki, mübahisəli akt yazılan zaman onun və ya ailə üzvlərinin orada iştirakı təmin edilməyib. Onların yalan olaraq qeyd etdiyi kimi onun evində heç vaxtı kənar xətt olmayıb. Əgər olsaydı onun iştirakı ilə akt yazılmalı və həmin kənar xətt ona göstərilməli idi. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakları təmin olunaraq birgə yoxlanış aparılmalı, foto və ya videoçəkiliş olmalı idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacı sxemdən çıxarıb, birbaşa elektrik enerjidən istifadə edir. Bununla bağlı xx.xx.2024cü il tarixli, 338227 saylı akt tərtib edilmiş və akta əsasən 580.86 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. İddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 338227 saylı aktdan görünür ki, abonent kodu **********00237 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğacı sxemdən çıxarıb, birbaşa elektrik enerjisindən istifadə edir. **********00400 saylı abonent haqqında məlumatdan görünür ki, abonent İddiaçı 580.86 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 06 iyun 2024-cü il tarixdə Masallı rayonu, Banbaşı kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman sayğacı sxemdən çıxarıb, birbaşa elektrik enerjidən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 580.86 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 iyun 2024-cü il tarixli, 338227 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 580.86 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 06 iyun 2024-cü il tarixli 338227 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 580.86 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(050)-3376/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3376/2024
20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver