Məhkəmə qərarları › İş №2(050)-3377/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3377/2024

21.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3377/2024 21.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 029440 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 748.93 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Masallı rayonu Boradigah qəsəbəsində yaşayış evi var, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayağaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları onun evində quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı barəsində AKT NDM № 029440 saylı akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, guya yaşadığı evə qoşulan elektrik sayağacına əlavə naqil qoşmuşdur. Halbuki, hər hansı bir belə elektrik xətti mövcud olmamışdır. Elektrik idarəsinin əməkdaşları özlərindən yalandan akt tərtib edərək ona əlavə sərfiyyat etmədiyi elektrik enerjisinin dəyərini tələb edirlər. xx.xx.2022-cü il tarixli AKT NDM № 029440 saylı akta əsasən ona əlavə sərfiyyat üzrə 748.93 manat xərc hesablanmışdır. Hazırda o, işığa pul yükləyəndə ona əlavə və əsassız hesablanmış işıq borcundan silinir, ödədiyi məbləğin 10 faizi isə işıq kartına köçür. Həmin tarixdə akt tərtib edilmiş, bir neçə şəxs imzalamış o, isə imza etməmişdir. Buna səbəb isə o, sayağaca heç bir müdaxilə etmədiyi olmuşdur, çünki işıq idarəsinin işçiləri özləri də bilmirlər ki, akta nə yazsınlar. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 748.93 manat sərfıyyat hesablanmışdır. Halbuki o, həmin məbləğdə işıq sərf etməmişdir. Heç onun evi bir ay ərzində 100 manat yazmır, necə ola bilər ki, ona 748.93 manat işıqdan istifadə etməyini yaza bilərlər? Halbuki, qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasının qeyd etmişdir. Evinin elektrik enerjisindən istifadə yükü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfiyyat hesablamışlar. Göründüyü kimi, cavabdeh təşkilat qanunsuz olaraq akt tərtib etmiş, onun əsasında amperamaj cihazı ilə evin yükü yoxlanılmadan əsassız sərfıyyat hesablamışdır. Odur ki, akt etibarsız hesab edilməsini və əsassız yerə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun sayğacı əvvəldən düzgün işləməmişdir. Hətta bir aya 250 manat sərfiyyat hesablamışdır. Bu mümkünsüzdür. O, sayğaca heç bir müdaxilə etməmiş, ümumiyyətlə onun belə bir məlumatı da yoxdur ki, sayğaca müdaxilə etsin. Sayğacdan evə gedən naqili qaz turbasına özü səliqəli olmaq üçün bağlamışdır. Hesab edir ki bu sayğacın düzgün işləməməsinə təsir edə bilməz. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, sayğacın qoşulma sxemi səhvdir. Belə ki, sayğacın girişindən faza yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faza xətti daxil olur. Kənar mənbədən (qaz turbasından) sıfır xətti götürməklə, sayğac dövrədən kənarlaşdırılıb. Bununla bağlı 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 029440 saylı akt tərtib edilmiş və akta əsasən 748.93 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 029440 saylı aktda göstərilir ki, abonent kodu **********01689 olan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “sayğacın qoşulma sxemi səhvdir. Belə ki, sayğacın girişindən faza yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faza xətti daxil olur. Kənar mənbədən (qaz turbasından) sıfır xətti götürməklə, sayğac dövrədən kənarlaşdırılıb. Sayğac sxemindən ölçülən cərəyan P say=0”. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan, abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT NDM № 029440) 748.93 manat borc hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, videogörüntüdən məlum olur ki, İddiaçı məxsus fərdi yaşayış evinə EEİQyə uyğun olaraq elektrik sayğacına baxış keçirən şəxs “sayğacın qoşulma sxeminin yoxlanıldığını, sayğacın girişindən faza yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faza xəttinin daxil olduğunu, kənar mənbədən (qaz turbasından) sıfır xətti götürməklə, sayğacın dövrədən kənarlaşdırıldığını, sayğacın axan yükü qeyd etmədiyini, yəni göstəricisinin sıfır olduğunu bildirir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 21 noyabr 2022-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonentin sayğacın qoşulma sxeminin səhv olması, sayğacın girişindən faza yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faza xətti daxil olması, kənar mənbədən (qaz turbasından) sıfır xətti götürməklə, sayğacın dövrədən kənarlaşdırılması müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 748.93 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınsa da, abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Tərtib edilmiş akta nəzər yetirdikdə görünür ki, aktda abonentin nümayəndəsi qrafasının qarşısında Cavid adı yazılmış qarşında "xxxx" yazılmış, akt abonentin nümayəndəsi tərəfindən imzalanmamışdır. Şirkətin nümayəndələri həmin şəxsin şəxsiyyətini müəyyən etməmiş, həmin şəxsin istehlakçı ilə nə kimi əlaqələrinin olduğunu müəyyən etmədən imza etmədi qeydlərini apararaq kifayətlənmiş, birbaşa sayğaca videoçəkiliş vasitəsi ilə baxış keçirmişdilər. Halbuki, istehlakçı izahatında ona məxsus sayğacın çıxarılaraq aparılmasından heç bir məlumatının olmadığını qeyd etmişdir. Eyni zamanda sayğacın göstəricilərini əks etdirən cədvəllərə nəzər yetirdikdə müəyyən edilir ki, cavabdeh tərəfindən akt tərtib edildiyi vaxtadək və akt tərtib edildikdən sonrakı vaxtda elektrik enerjisindən istifadəyə görə sərfiyyat qeydə alınmış və təqribən birbirinə yaxın məbləğlərdə sərfiyyat hesablanmışdır. Azərişıq ASC-nin nümayəndələri abonentin iştirakı olmadan akt tətib etdiklərindən, sayğaca müdaxilənin mövcud olubolmamasını, müdaxilə olmuşdursa da, həmin müdaxilə nəticəsində abonent tərəfindən enerjinin talanmasını sübutetmə yükü cavabdehə keçmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsi ilə bağlı akt tərtib edilmiş, lakin cavabdehin nümayəndəsi sayğaca müdaxilə olunmadan normal vəziyyətdə sərfiyyatının nə qədər olması, müdaxilə nəticəsində isə sərfiyyatın hansı dərəcədə azalması ilə bağlı halları əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 029440 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 748.93 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 029440 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 748.93 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar