Məhkəmə qərarları › İş №2(050)-3392/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3392/2025

20.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3392/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimi Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı Agaev İsraılın (X11) Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Agaev İsraıl (X11) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 41148 kub metr qaz sərfiyyata görə hesablanmış borcun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Köhnə Alvadı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. O, həmin evdə yaşamır, uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Onun evi qəzalı vəziyyətdə olduğundan evə quraşdırılan qaz sayğacından istifadə etmək məqsədə uyğun hesab olunmamış, lakin həmin qəzalı evdə Bambaşı kənd sakini X2 evi olmadığından özünə sığınacaq olaraq üç az yaşlı övladı ilə həmin evdə yaşamışdır. Bir neçə il həmin qəzalı ev tamamilə ilə uçduğu üçün evdə yaşayan Xəzər adlı vətəndaş qonşu yarım tikili binaya daşınmağa məcbur qalmışdır. Lakin, həmin evdə qaz xətti və qaz sayğacı olmadığından düşünüb ki, qazın verilməsi dayandırılmış, qaz sayğacından nazik bir şlanqla yarım tikiliyə qaz xətti çəkmişdir. Bunu görən Azəriqaz İB-nin əməkdaşları sayğaca və yarım tikiliyə baxış keçirmiş və torpaqdan sayğaca gedən dəmir boruya qaynaq olunmuş əlavə çıxıntı xətt aşkarlayıblar. Lakin, həmin çıxıntı xətt onun yaşadığı evə qədər getmir, sadəcə çıxıntı və çıxıntının ağzını rezin boruyla sıxılmış formada aşkarlamışlar. Azəriqazın əməkdaşları onun burada yaşamadığını görüb həm Xəzər adlı şəxsin adını tərtib etdikləri aktda qeyd edərək imzayıblar və onun evində olmayan aqreqatları özlərinin tərtib etdiyi akta qeyd edərək ona böyük məbləğdə, hətta küllü miqdarda pul cəriməsi hesablayıblar. Azəriqaz əməkdaşları xətti aşkarlayanda evindəki aqreqatlara baxış keçirmədən elektron sayğac göstəricisinin sayğacı ilə hesablama aparıb mexaniki sayğaca böyük məbləğdə cərimə yazıblar. Qeyd edilən səbəblərdən tərtib edilmiş aktın etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavadehin nümayəndəsinin etirazı: Cavabdeh nümayəndəsi iddia ərizəsinə etirazla müraciət edərək, etirazda göstərmişdir ki, X9 Cavabdehnə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akıin etibarsız hesab edilməsi, həmin akt əsasında yazılmış borcun norma və qaydalara uyğun azaldılması barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı X1 rayonu Köhnə Alvadı kəndində yaşamaqla Lənkəran X13 İdarəsinin Masallı Xidmət Sahəsində **********00490 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X13 İdarəsinin Masallı Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2023-cü il tarixldə Masallı rayonu Köhnə Alvadı kəndində yaşayan X6 məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçirən zaman təbii qazdan qeyri-qanuni istifadə olunması ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə görə 41148 kub metr olmaqla 4937,76 manat pul X4 abonent hesabına hesablanmışdır. İddiaçı X9 iddia ərizəsində qeyd edir ki, özü həmin evdə yaşamır, həmin evdə X5 yaşayır. xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilən zaman həmin aktda X.Məmmədovun şəxsiyyət vəsiqəsi qeyd edilib guya onun imzasına oxşar imza ediblər. Bu fərziyyə heç bir həqiqətə uyğun deyildir. Əgər sənəddə kimin adının qabağında imza varsa, demək həmin imzanı o, şəxs edibdir. Göstərilənlərə əsasən, X4 iddia ərizəsini 41148 kub metr olmaqla 4937,76 manat məbləğində borcun norma və qaydalara uyğun azaldılması nisbətində əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, özü uzun illərdir Rusiya Federasiyasında yaşayır, Rus vətəndaşıdır. Xəzər onun müəlliminin oğludur, onun evi olmadığından evini müvəqqəti yaşamaq üçün ona vermişdir. Xəzər həmin evə qeyri-qanuni qaz xətti çəksə də, onu çox az müddət ərzində işlətmiş, lakin Azəriqazın əməkdaşları bir il ərzində maxsimum qaz işlədicilərinin hesabatına uyğun hesabat apararaq yüksək miqdarda cərimə yazmışlar. Hesab edir ki, bu qədər sərfiyyatın olması qeyri mümkündür. Odur ki, sərfiyyatın daha az müddət ərzində istifadə edilməsini nəzərə alınaraq borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh əməkdaşları Ağayev İsrailə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuş fakt aktın tərtib edilməsində iştirak edən şəxslər tərəfindən və Xəzər Məmmədov tərəfindən təsdiq edilmişdir. Cavabdeh Lənkəran X13 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən, PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 135 gün, Qənaətli su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Ümumilikdə itirilmiş qazın bərpası üçün 41148 kub/metr borc hesablanmışdır. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən göndərilmiş CD diskə baxış keçirilmiş, Cd diskdə olan videogörüntülərdən məlum olur ki, İsrail Ağayevə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına gələn qaz xətti bağlı vəziyyətdə olsa da, fərdi yaşayış evinə qeyri qanuni yolla çəkilmiş qaz xətti ilə qazın gəlməsi aşkar edilmişdir. Həmçinin, bundan sonra evin qaz xəttinə rezin boru vasitəsilə uzaq məsafədən torpağın altı ilə qaz xəttinin çəkilməsi məlum olmuşdur. Əsaslandırıcı hissə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı: 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.4.1-ci bəndə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin aktın etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, akt hər hansı hüquqi nəticə yaradan sənəd hesab edilmədiyindən, yalnız akt əsasında hesablanmış borc abonent üçün nəticə yaratdığından, iddiaçının aktın etibarsızlığı ilə bağlı irəli sürdüyü tələbə də məhkəmədə baxılması mümkün deyildir. Ona görə də iddiaçının aktın etibarsızlığı ilə bağlı tələbi rədd edilməli və itirilmiş qaz sərfiyyatının bərpası üçün hesablanmış borcun məbləğinin azaldılması hissədə isə iddia təmin edilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, iddiaçı Seyfəddin Məmmədovun qanuna zidd əməlinin, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin, məhkəmə dəymiş ziyan məbləğini müzakirə edərək qeyd edir ki, tədqiq olunmuş akta əsasən 41148 kub metr itirilmiş qazın bərpa olunması hesablansa da, göstərilən dərəcədə ziyanın dəyməsi həqiqətə uyğun deyil və ehtimallarla hesablanmışdır. Aktdan və tələbnamədən göründüyü kimi, ziyanın hesablanması barədə tələbnamədə qaz işlədicilərdən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 135 gün, Qənaətli su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10-cu və 6.5-3-cü maddəsinin göstərişindən göründüyü kimi, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması ağlabatan deyil və bu barədə cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən iddiaçıya məxsus sayğac 3 aydan bir cavabdeh şirkətin əməkdaşları tərəfindən yoxlanılmalı idi. Şirkət tərəfindən qeyri-qanuni qoşulma aşkar edilməmişdən əvvəl konkret hansı tarixdə yoxlamanın keçirildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda, qeyri qanuni qoşulma faktının aşkar edildiyi vaxtdan 3 ay əvvəl cavabdeh şirkət tərəfindən sayğacın yoxlanıldığını, həmin vaxt isə sayğaca qanunsuz qoşulmanın olmadığı qənaətinə gəlmək olar. Ona görə də məhkəmə yalnız son 3 aya münasibətdə dəymiş ziyanın bərpa olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa təbii qazın günlük istehlakı maksimal saatlıq qaz sərfi ilə bağlı məhkəmə iddiaçı tərəfin etirazı ilə razılaşmayaraq əsaslı hesab etmir. Çünki iddiaçı gündəlik 12 saatdan az müddətdə qazdan istifadə etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tərtib edilmiş tələbnamədən görünür ki, cavabdeh şirkət iddiaçının qeyri-qanuni qoşulma yolu ilə qazdan 12 saatdan çox istifadə edilməsi halını müəyyən edə bilmədiyindən “Qazdan istifadə qadaları”nın tələblərinə əsaslanmaqla gündəlik 12 saat ərzində hesablanmaqla düzgün qərar qəbul etmişdir. Məhkəmə göstərilənləri Mülki Məcəllənin 560.1-560.3. və 560.3.5.2.-ci maddələrinə istinadən hüquqdan sui-istifadə olaraq qiymətləndirir. Həmin maddələrə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəf minimum, cavabdeh tərəf maksimum qaz istehlak edilməsi barədə sübut təqdim etmədiklərinə görə, qaz işlədicilərindən PQ-3- orta iş rejimi 12 saat, qazın maksimal saatlıq sərfi 0.8 m3/saat hesabat müddəti 90 gün (12x0.8x90=864 m3), İran sobası- orta iş rejimi 12 saat, qazın maksimal saatlıq sərfi 1.5 m3/saat hesabat müddəti 90 gün (12x1.5x90=1620 m3), Qənaətli su qızıdırıcısı-orta iş rejimi 12 saat, qazın maksimal saatlıq sərfi 3.4 m3/saat hesabat müddəti 90 gün (12x3.4x90=3672 m 3) olmaqla, ümumlikdə (864+1620+3672=6156x0.12=738.72 manat) cərimə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran X13 İdarəsi tərəfindən Agaev İsraılin (X11) abunə hesabına 15 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış borc azaldılaraq, 738.72 (yeddi yüz otuz səkkiz manat yetmiş iki qəpik) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar