Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-341/2023 07.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçıının cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıı “Azəriqaz” İstehsalat Birliyinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 fevral 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 3845 m3 qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB Lənkəran X2 İdarəsinin əməkdaşları yaşayışdığı evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmişlər və sayğacı yenisi ilə əvəz etmişlər. Qaz İdarəsi sayğacı apardıqdan sonra onun iştirakı olmadan xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin alt hissəsi altdan deşici alətlə deşilib.” cümləsi yazılmışdır. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 3845 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Sayağac açılıb aparılarkən plombu üstündə olub və sayağaca nəzarəti cavabdeh etməlidir. Hər ay nəzarətçi sayğaca baxış keçirmiş, heç bir nöqsan aşkar edilməmiş, sərfiyyata uyğun işlədilmiş təbii qazın dəyəri ödənilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini biuldirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 16 fevral 2018-ci il tarixli, ******* saylı aktda göstərilir ki, “sayğacın hesablama mexanizminin alt hissəsi altdan deşici alətlə deşilib.” “Azəriqaz” X1 X2 İdarəsinin rəisi Hüseyn Şirinov tərəfindən təsdiq edilmiş 21 fevral 2018-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən PQ-4 saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 72 gün dəmir soba maksiml saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 108 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 3845 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 16 fevral 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və akt əsasında hesablanmış 3845 m3 qaz sərfiyyatına görə borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16 fevral 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və akt əsasında hesablanmış 3845 m3 qaz sərfiyyatına görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-341/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-341/2023
07.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver