Məhkəmə qərarları › İş №2(050)-3459/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3459/2025

27.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3459/2025 27.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası 01 iyul 1941-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X5 onun himayəsində yaşayır və ağır xəstədir. Anası H26.2 ağırlaşmış katarakta, H47.2 görmə sinirinin atrofiyası xəstəliklərindən əziyyət çəkir və buna görə də, ona müddətsiz əmək qabiliyyəti olmayan orqanizm funksiyalarının 90 faiz pozulmasına görə əlillik, yəni birinci dərəcəli əlillik təyin olunmuşdur. Anası hərəkətlərini idarə edə bilmir, tam əmək qabiliyyətsizdir və onun bütün ehtiyaclarını özü qarşılayır. Lakin anası fəaliyyət qabiliyyətsiz müəyyən olunmadığı üçün onu rəsmi olaraq qəyyumluğa götürə bilmir. Bununla bağlı Masallı rayon İcra Hakimiyyətinə də, müraciət etmiş, lakin yalnız məhkəmə tərəfindən anasının fəaliyyət qabiliyyəti olmadığı müəyyən olunduqdan sonra ona qəyyum təyin ola biləcəyi bildirilmişdir. Anasının müalicəsi ilə bağlı tibbi sənədlər və rəylər mövcuddur. Anası Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılmış və əmək qabiliyyətinin olmadığına görə əlillik təyin olunmuşdur. Buna baxmayaraq fəaliyyət qabiliyyətsiz olması müəyyən olunmadığı üçün qəyyum olaraq təyin oluna bilmir. Anasının fəaliyyət qabiliyyəti olmadığı üçün müəyyən sənədləşmə işlərinin həyata keçirilməsindən məhrum olmuşdur. O da, onun üzərində qəyyum olaraq təyin olunmadığı üçün anasının adından hər hansı sənədləşmə işlərini həyata keçirə bilmir. Dövlət tərəfindən verilən müavinətlərdən istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

5. İİİ-ЖГ seriyalı 362929 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, A]ayeva Məhluqə Böyükağa qızı xx xxxx 1975-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuşdur. Atası qrafasında X6, anası qrafasında X5 qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 01 iyul 1941-ci il təvəllüdlü X3 18 sentyabr 2025-ci il tarixdə “OU yetişmiş fəsadlı kataratka. Görmə sinirinin atrofiyası” təyin edilmişdir. Müddətsiz əlildir, əmək qabiliyyətsizdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 07 yanvar 2026-cı il tarixli, 45 saylı rəyindən görünür ki, X2 “Demensiya (ağıl zəifliyi)” müəyyən edilir. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

İşin faktiki halları:

8. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 01 yanvar 1941-ci il təvəllüdlü anası X5 “demensiya (ağıl zəifliyi)” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə 07 yanvar 2026-cı il tarixli, 45 saylı rəy verilmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəllənin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

13. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qızı Ərizəçi ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmə xərcləri:

14. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01 iyul 1941-ci il tarixdə Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş və Masallı rayonu, Yeddioymaq kəndində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

16. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

17. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. 01 iyul 1941-ci il tarixdə Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş və Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veridldiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar