Məhkəmə qərarları › İş №2(050)-3466/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3466/2025

27.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3466/2025 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında audio və videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: O, xx.xx.1982-ci ildə Masallı rayonunda anadan olmuş və hazırda Masallı rayon Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. Övladı X1 spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Bir neçə ölkədə müalicə olunsa da xəstəliyi daha da artmışdır. Qızı hazırda onunla birlikdə yaşayır. Artıq onun 18 yaşı tamam olmuş, onun orqanizminin 100%-i işləmir, dövlət tərəfindən ona birinci dərəcə əlillik də verilmişdir. Uşaqlığından halhazıradək pensiya almaqdadır. Pensiya kartının dəyişdirilməsi və bir çox sənədləşmə işlərini onun imzası olmadan yerinə yetirə bilmir. Heç bir şey dərk etmədiyindən hər hansı bir sənədə imza edə bilmir. Bu da bir valideyn kimi ona çətinliklər yaradır. O, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab edilərsə, onu qızının qəyyumu təyin edəcəklər. Qızı fəaliyyət qabiliyyətsiz hesab edilərsə, dövlət tərəfindən ona müəyyən edilmiş imtiyazlara da malik olacaqdır. Odur ki, serebral iflic xəstəliyindən əziyyət çəkən qızının fəaliyyət qabliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X9 izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. X4, anası Ərizəçidır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının arayışından görünür ki, X6 “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflic kvadroplegik forma” müəyyən edilir. Müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X3 barəsində ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4194 saylı rəyindən görünür ki, X6 “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” (F72) müəyyən edilir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinin tələbinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə xx.xx.2007-ci ildə anadan olmuş X5 məhkəmə iclasında iştirakını zəruri hesab etməmişdir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, ərizə təmin edilməli, xx.xx.2007-ci ildə anadan olmuş X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə anadan olmuş X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar