Məhkəmə qərarları › İş №2(050)-3515/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3515/2025

27.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3515/2025 27.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Uşaq Hüquqlarının müdafiəsi komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Uşaq Hüquqlarının müdafiəsi komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 2007-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Uşaq Hüquqlarının müdafiəsi komissiyasına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ərizəçi 18 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək oğlu X2 vəfat etdiyindən hazırki ərizəsindən imtina etdiyini bildirmiş və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiçının iddiadan imtina etməsi, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Ərizəçi hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 11:32). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icrata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Uşaq Hüquqlarının müdafiəsi komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 11:32) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar