Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3557/2025 18.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı R391835 saylı xx.xx.2025-ci il tarixli akta əsasən əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: O, Masallı rayonu, Böyük Kolatan kəndində yaşayır və həmin kənddə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və o, da istifadə etdiyi sərfiyyata görə ödənişlərini vaxtında ödəmişdir. Abonentin saldosundan da görünür ki, hər ay işığa görə müxtəlif məbləğlərdə pul ödəmişdir. xx.xx.2025-ci il tarixdə Masallı rayonu Kolatan kəndində yerləşən evinə və həyətinə ildırım düşməsi nəticəsində elektrik dirəkləri, naqilləri, sayğac, internet xətti və digər tikililərə ciddi ziyan dəymiş, o cümlədən sayğac da sıradan çıxmışdır. Baş vermiş hadisə ilə bağlı Masallı RİHB-nin Kolatan ərazi nümayəndəsinin əməkdaşları S.Sadıqov və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuşdur. Bundan sonra Azərişıq ASC-nin əməkdaşları həmin sayğaca baxış keçirmişlər və sayğac yenisi ilə əvəz olunmuşdur. Daha sonra sayğac labaratoriya şəraitində yoxlanılmış və xx.xx.2025-ci il tarixli, R391835 saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən 212.67 manat ziyan hesablanmışdır. O, həmin aktla və borcla razı deyil və borcun silinməsini tələb edir. Belə ki, sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamış, təbii fəlakət nəticəsində sayğac yanmış və daha sonra Azərişıq ASC-nin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunmuşdur. Lakin qanunsuz olaraq cərimə hesablanmışdır. Həmin sayğaca onun tərəfindən ziyan vurulmuş olsaydı, o zaman onun təqsirinə görə məsuliyyəti yaranardı. Hazırkı vəziyyətdə sayğaca onun təqsiri ucbatından yox, ildırım nəticəsində ziyan dəymişdir və buna görə məsuliyyəti o daşımır. Həmin borcun silinməsi barədə Azərişıq ASC-yə müraciət etmiş, lakin məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Odur ki, həmin aktın etibarsız hesab olunması və borcun silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli R № 391835 saylı aktın etibarsız hesab olunması və həmin akta əsasən əsassız hesablanmış 212.67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, akta əsasən hesablanmış 212.67 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sayğac ildırım düşməsi nəticəsində zədələnmişdir. Buna görə də elektrik sərfiyyatını düzgün hesablamamışdır. İki gün ərzində sayğac 200 manatdan artıq sərfiyyat hesablamışdır. Hətta yüksüz vəziyyətdə belə sayğac elektrik sərfiyyatı hesablamağa davam edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli R № 391835 saylı aktın surətindən görünür ki, Masallı rayon Böyük Kolatan kəndində yerləşən İddiaçı fərdi yaşayış evinə quraşdırılımış elektrik sayğacına (abonent kodu: **********01105) baxış keçirilən zaman sayğacın yüksüz rejimdə elektrik enerjisini qeyd etməsi müəyyən edilmişdir. Aktın doğruluğunun təsdiq edildiyi qrafada abonentin adı və imzası hissəsində hər hansı bir qeyd yoxdur. Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Böyük Kolatan kəndində yaşayan abonent kodu **********01105 olan İddiaçı akt əsasında 212.67 manat borc hesablanmışdır. Masallı RİHB-nın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X3, Masallı RİHB-nın İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılıması şöbəsinin baş məsləhətçisi X7, Masallı RİHB-nın Böyük Kolatan kənd ərazi dairəsi üzrə nümayəndəsi VMİE X4 və Böyük Kolatan kənd ərazisinin Bağıroba kənd sakini X5 tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə X2 müraciəti əsasında onun atası X1 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evini ildırım vurmuşdur. İldırım vurması nəticəsində həyətdəki palıd ağacına, həyət tualetinə, internet xəttinə və ikimərtəbəli yaşayış evinin həm birinci, həm də ikinci mərtəbəsində elektrik xəttləri və evin pəncərələrinə ziyan dəymişdir. Aktın doğruluğu həmin şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan videogörüntüdən məlum olur ki, ildırım vurması nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinin internet, TV, və elektrik xəttləri, evin daxilində olan elektrik şəbəkəsinə qoşulma yuvaları yanaraq sıradan çıxmış, o, cümlədən evin pəncərələri sınmışdır. Həmçinin fərdi yaşayış evinin həyətində olan palıd ağacları və həyət tualetinə ziyan dəymişdir. Digər bir videogörüntüdə isə, "xxxx" ASC-nin əməkdaşı tərəfindən evin sayğacı videogörüntüyə alınmışdır. Həmin görüntüdə "xxxx" ASC-nin əməkdaşı sayğacı çəkərək, fərdi yaşayış evində elektrik işlədicilərinin qoşulmadığını, yalnız bir ədəd elektrik lampasının qoşulu vəziyyətdə olmasına baxmayaraq sayğacın sürətlə elektrik enerjisini qeyd etdiyini bildirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəf "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli R № 391835 saylı akt əsasında 212.67 manat cərimə hesablanmışdır, lakin cavabdeh "xxxx" ASC akt tərtib edərkən sayğacın yüksüz rejimdə elektrik enerjisini qeyd etməsini və bunun baş vermə səbəbini hər hansı bir qanunsuz hərəkət nəticəsində baş verməsi barədə qeyd etməmişlər. Həmçinin məhkəmə iclasında iddiaçı hər hansı bir qanunsuz qoşulmanın olmadığını, sayğacın təbii fəlakət nəticəsində sıradan çıxdığını və ya düzgün işləməməsini bildirərək, aktın əsassız tərtib edildiyini iddia etmişdir. Həmçinin istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. İddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamış, həmçinin cavabdeh tərəfindən qanunsuz qoyulmaya dair hən hansı video görüntü və digər mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı əsassız hesablanmış 212,67 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3557/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3557/2025
18.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver