Məhkəmə qərarları › İş №2(050)-363/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-363/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-363/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran Regional Qaz İdarəsinin Masallı xidmət sahəsi tərəfindən 30 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 1440 m 3 qaz sərfıyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Köçəkli kəndində yaşayır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, da təbii qazdan istifadə etdiyinə görə, taarif planına uyğun olaraq nəzarətçi tərəfindən verilmiş bildirş qəbzi ilə vaxtı-vaxtında dövlətə ödənişlər etmişdir. Heç vaxt abonent kimi ödənişlərin icraatından yayınmamışdır və heç vaxt borclu qalmamışdır. ARDNŞ Cavabdeh İstehslat Birliyinin, Metrologiya Departamentinin, sayğacların müayinəsi labaratoriyasının, qaz sayğacının yoxlanılması barədə 27 mart 2023-cü il tarixli 14-2-2/3-5-825-1 saylı aktına əsasən G-4 markalı, ******* nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Xətalar təyin edilə bilməmişdir, aktda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, kamera ilə sayğacın daxilinə baxış keçirildiyi, kənar izlər aşkar edilməmiş, sayğac istismara yararsız olması qeyd edilmişdir. Qaz sayğacının nomial qaz sərfı 4 kubmetr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x12x30=1440 kubmetr hesablanması barədə 30 mart 2023-cü il tarixli ******* nömrəli “Akt” tərtib edilərək icra olunması üçün göndərilmişdir. Onun təqsirindən hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. Qaz sayğacı həyətinə giriş darvazasından çöldə yerləşir. O və ailə üzvləri tərəfındən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Əgər sayğacın hesablama mexanizmi keçən qazın həcmini düzgün qeyd etməmişdirsə bunu hər ay ona bildiriş verən sahə nəzarətçiləri bildirməli və qaz itgisinin qarşısnı almalı idilər. Aktda adları qeyd olan qaz idarəsinin əməkdaşları akt tərtib edərkən ona yaşadığı kəndin bütün qaz sayğaclarını dəyişdirdikləri üçün onun da qaz sayğacını dəyişdirdiklərini, sayğacda hər hansı texniki pozuntu olması və qaz itgisi baş verməsi barədə ona heç bir məlumat verilməmişdir. Əksinə onu aldadaraq qaz sayağacını yenilədiklərinə görə akt tərtib etdiklərini və həmin akta imza atmağını tələb etmişlər. O, da əməkdaşların əlyazması olan aktını oxuya bilmədiyi üçün imza etməmişdir. Övladı tələbədir, həyat yoldaşı və o, heç bir yerdə işləmirlər, maddi vəziyyətləri olduqca çətindir. Dəfələrlə Qaz İdarəsinə müraciət edərək cərimənin silinməsini xahiş etmişdir. Lakin, ona heç bir köməklik göstərilməmiş və məhkəməyə müraciət etməyini bildirilmişlər. İddiaçı X5 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun olaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən işdə olan iddianın təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilmiş sənədləri tədqiq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu Köçəkli kəndində yaşayan istehlakçı X4 məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 1440 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin Masallı XS tərəfindən təsdiq edilmiş 30 mart 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Köçəkli kəndində yaşayan istehlakçı X4 məxsus fərdi yaşayış evinin qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdır. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Köçəkli kəndində yaşayan istehlakçı Daməd Hüseyova məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, hərtərəfli və tam baxaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları sayğacamüdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir.Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir.Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır.Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 30 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də, qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməklə Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 1440 kub/metr qaz sərfiyyatına əsasən ziyan və ona əsasən hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış ziyan kimi 1440 kub.metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar