Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3647/2025 22.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 ilə nikahlarını 1990-cı ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə yaşadıqları müddətdə uşaqları olmuşdur. Əri ilə təsərrüfatı birgə idarə etmişlər. X8 ağır xəstəlikdən əziyyət çəkir və birinci qurup əlildir. Əri ağır xəstə olduğu üçün hərəkətlərini idarə edə bilmir, öhdəsinə düşən bir sıra hərəkətləri həyata keçirə bilmir. Əri pensiya və digər işləri ilə bağlı müvafiq sənədlərə imza ata bilmir, onların mənasını dərk etmir. Ona görə də, o bununla bağlı məhkəməyə müraciət etməli olur. Bu səbəbdən, X4 qəyyum təyin edilməsi və onun fəaliyyət qabiliyyətsiz hesab olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs Masallı rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
5. Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X5 ilə X2 19 sentyabr 1990-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 177 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Həbibova” soyadını qəbul etmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 13 oktyabr 1966-cı il təvəllüdlü X4 23 may 2025-ci il tarixdə “F01.3 Qarışıq qabıq və qabıqaltı vaskulyar demensiya, qarışıq qabıq və qabıqaltı vaskulyar demensiya. MMSE-1.1” təyin edilmişdir. Müddətsiz əlildir, əmək qabiliyyətsizdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 03 dekabr 2025-ci il tarixli, 4127 saylı rəyindən görünür ki, X3 vaskulyar demensiya (ağıl zəifliyi) formasında xroniki xəstəlik müəyyən edilir. X3 qeyd olunan vaskulyar demensiya formasında xroniki psixi xəstəlik onu öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarından məhrum edir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar mövcuddur.
İşin faktiki halları:
8. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 13 oktyabr 1966-cı il təvəllüdlü əri X5i “vaskulyar demensiya (ağıl zəifliyi)” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə 03 dekabr 2025-ci il tarixli, 4127 saylı rəy verilmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəllənin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
13. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə arvadı Ərizəçi ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmə xərcləri:
14. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 13 oktyabr 1966-cı il tarixdə Qazaxıstan Respublikası Canbul vilayətində doğulmuş və ünvan 1 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
16. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.
17. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. 13 oktyabr 1966-cı il tarixdə Qazaxıstan Respublikası Canbul vilayətində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veridldiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov