Məhkəmə qərarları › İş №2(050)-3744/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3744/2023

27.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3744/2023 27.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 12960 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə həmkəndlisi X3 ailələrinə məxsus Masallı rayonu, Türkoba kəndində yerləşən evi satdıqları zaman həmin evi almışdır. Bununla bağlı xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt xəstə olduğu üçün alğı-satqı müqaviləsi bağlandıqdan sonra müalicə olunması üçün Rusiya Federasiyasında yaşayan yaxın qohumlarının yanına getmişdir. Bu səbəbdən də X1 adında qalan kommunal xidmətləri (qaz və işıq) öz adına keçirə bilməmişdir. Bir müddət Rusiya Federasiyasında müalicə olunduqdan sonra qayıtmışdır. Lakin xəstəliyi ilə bağlı müalicələri davam etdiyindən qaz sayğacını adına keçirməyə macal tapmamışdır. Lakin o, evi aldıqdan sonra həmin evdə heç kim yaşamamışdır. Övladları Rusiya Federasiyasında yaşayırlar, özünündə ayrıca evi olduğundan həmin evdən istifadə etmək zərurəti olmamışdır. Evdə yaşayış olmadığından kommunal xidmətlərdən (qaz və işıqdan) istifadə olunmamışdır. Bütün bunlara baxmayaraq, Cavabdeh İB Lənkəran X5 İdarəsinin əməkdaşları həmin evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı növbəti dövlət yoxlanması adı ilə çıxarıb, yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir göstərilmişdir. Ev mülkiyyətində olmasına baxmayaraq, akt sonradan onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 12960 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qüsur onun təqsiri səbəbindən baş verməmiş, nədə ki, sayağca cavabdeh şəxs deyil. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacı ilə bağlı akt tərtib olunduqdan sonra sayğac onun adına rəsmiləşdirmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli sayğac həyətdən kənarda yerləşirdi. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli, AN-İ, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən gprünür ki, ümumi birgə mülkiyyətdə olan Masallı rayonu, Türkoba kəndində yerləşən 0,0607 ha torpaq sahəsi mülkiyyətçilər tərəfindən (o cümlədən X3 tərəfindən) İddiaçı satılmışdır. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Türkoba kəndində yerləşən 0,0607 ha torpaq sahəsi və 171.8 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizədə göstərilir ki, Cavabdeh tərəfindən verilmiş **********03030 saylı qaz sayğacının İddiaçı adına keçməsinə etirazım yoxdur.” 02 may 2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, “hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.” Sayğac həyətdən kənarda yerləşir. Cavabdeh Lənkəran X5 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 02 may 2023-cü il tarixli hesabatda göstərilir ki, sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesabtda qaz sayğacının nominal qaz sərfi 6 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12960 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia ilə bağlı subyektiv hüququ malik olubolmamasına münasibətdə bildirir ki, təbii qazın verildiyi fərdi yaşayış evi 2018-ci ildən iddiaçının mülkiyyətindədir, keçmiş abonentin həmin əmlakla hər hansı bir bağlılığı yoxdur, sayğacın formal olaraq keçmiş abonentin adında qalması mülkiyyətçinin məhkəmə müdafiəsi hüququnun olmaması kimi qiymətləndirilə bilməz. İşin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, istehlakçının qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmçinin, mübahisəli sayğacın həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşməsi nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 02 may 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, akt əsasında hesablanmış 12960 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 02 may 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, akt əsasında hesablanmış 12960 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar