Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3763/2023 21.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2023-cü il tarixli, NDM № 033501 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 822.89 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Kolatan kəndində ata evində yaşayır. Ev atası X1 adınadır. Evlərinə abunə kodu **********01251 olan elektrik sayğacı quraşdırılıb. Evdə yaşayış olan vaxtlarda istifadə etdiyi elektrik sərfiyyatına görə ödənişlər etmişdir. Uzun müddətdir ki, kənddə yaşamadıqlarından elektrik enerjisinin istifadə etməmişdilər. 2023-cü ilin avqust ayının əvvəlində yenidən kəndə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra sayğaclara nəzarət edən nəzarətçi tərəfindən verilən bildirişdə 822.49 manat borcun olduğunu görmüşdür. Bu barədə Masallı elektrik şəbəkəsinə müraciət etmişdir. Oradan bildirmişlər ki, Bakıdan gəlmiş yoxlama əməkdaşları xx.xx.2023-cü il tarixdə guya evində kənar xətt aşkar etdikləri üçün akt tərtib etmişlər. Akt yazılandan 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixində Masallı elektrik şəbəkəsinin nəzarətçiləri həmin sayğaca baxış keçirmiş, evdə yaşayış olmadığı üçün də sərfiyyatın olmadığını görmüşlər, bu barədə abonent saldosunda müvafiq qeydiyyat da aparmışlar. Əgər hər hansı bir kənar xətt mövcud olsaydı, bunu həmin vaxtı onlar da görə bilərdilər. Akt tərtib edilərkən iştirakı təmin edilməmiş, aktın surəti ona verilməmişdir. Məsələ ilə bağlı Masallı elektrik şəbəkəsinə müraciət etərək, təxminən 5 ay evdə yaşayışın olmadığını bildirsədə, bunun bir nəticəsi olmamışdır. Tələbin hüquqi əsas kimi “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-2-ci bəndinə əsasən istinad edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən 18 iyul 2023-cü il tarixli, NDM № 033501 saylı aktın yazılmasına səbəb abonentin sayğacdan kənar, sayğacın giriş xəttini zədələyərək budaqlanma yolu ilə sayğac sxemindən kənar xəttdən istifadə etməsi olmuşdur. Bununla bağlı hər hansı video və fotoçəkiliş mövcud deyil. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 18 iyul 2023-cü il tarixli, NDM № 033501 saylı aktda göstərilir ki, X1 adına sənədləşdirilmiş abonent kodu **********01251 olan istehlakçıya məxsus fərdi yaşayış evinə verilən elektrik sərfiyyatı ilə bağlı EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent sayğacın giriş xəttini zədələyərək budaqlanma yolu ilə sayğac sxemindən kənar xəttdən istifadə edir. Təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, “Qüsur” kimi “Baxış keçirilən zaman abonentin elektrik sayğacını qidalandıran giriş sip xəttini zədələyərək budaqlanma yolu ilə kənar xətt çəkməsi” göstərilmiş, 90 gün üçün hesabat aparılmış və 5753 kvts əlavə sərfiyyata görə 822.89 manat borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 19 noyabr 2021-ci ildə ölmüşdür. Masallı RİHB-nın Böyük Kolatan kənd İƏDÜN-nin 07 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X4 2023-cü ilin mart ayından 2023-cü ilin iyul ayına qədər ərazidə olmamış, Rusiya Federasiyasında olmuşdur. “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, X4 xx.xx.2023-cü ildə X5 Aeroportundan Rusiya Federasiyasına getmiş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikasına qayıtmışdır. X2 aid abunə haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx-2023cü il tarixədək elektrik enerjisinə görə sərfiyyatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 18 iyul 2023-cü il tarixdə Masallı rayonu, Kolatan kəndində istehlakçı X2 məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonentin sayğacın giriş xəttini zədələyərək budaqlanma yolu ilə sayğac sxemindən kənar xəttdən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 822.89 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənmişlər. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, X4 xx.xx.2023-cü ildə X5 Aeroportundan Rusiya Federasiyasına getmiş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikasına qayıtmış; abunə haqqında məlumatdan isə görünür ki, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək elektrik enerjisinə görə sərfiyyatı yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 iyul 2023-cü il tarixli, NDM № 033501 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 822.89 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. 18 iyul 2023-cü il tarixli, NDM № 033501 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 822.89 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-3763/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3763/2023
21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver