Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3766/2023 25.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 19 iyul 2022-ci il tarixli, 029538 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 745 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Dadaşov X2 rayonu Boradigah qəsəsəbəsi, M.F.Axundov küç. ev 122 ünvanında qeydiyyatda olmaqla, həmin evdə yaşayır. Yaşadığı evə Azərişıq ASC-nin qanuni elektrik xətti çəkilmiş və elektrik sayğacı qoyulmuşdur. Hər ay istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyir. 2022-ci ilin təxminən avqust-sentyabr aylarında sahə nəzarətçisi ona bildiriş təqdim edərkən orada əlavə olaraq 745 AZN borcun olduğunu görmüşdür. Bunu aydınlaşdırmaq üçün Masallı elektrik idarəsinə getmiş, idarədə ona Bakıdan gələn nəzarətçilərin iyul ayında evində kənar xətt aşkarladıqlarını və bu səbəbdən də ona cərimə aktı yazdıqlarını bildirərək həmin pulun ödənilməsini tələb etmişlər. İdarədə ona verilən aktın surətində qeyd edilmişdir ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Halbuki, evində heç bir kənar xətt mövcud olmamış və o, elektrik enerjisindən sayğacdan kənar heç bir istifadə halına yol verməmişdir. Daha sonra yenidən Masallı elektrik idarəsinin rəhbərliyi ilə görüşmüş, ona qısa müddət ərzində bu cəriməni tam ödəməyəcəyi halda evə gələn xətti kəsəcəklərini bildirmişlər. Halbuki heç bir kənar xətt çəkməmiş, sayğaca heç bir müdaxilə edilməmişdir. Əgər evə kənar xətt çəkilmiş olsaydı qanuna görə aktı yazan əməkdaş onu çağıraraq həmin kənar xətti ona göstərər və aktda onun imza etməyinə şərait yaradardı. Amma bunların heç biri olmayıb. Bu səbəbdən də həmin aktın etibarsız hesab edilərək cərimənin silinməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onun tərəfindən hər hansı sayğacdan kənar xətt çəkilməklə elektrik enerjisindən istifadə edilməmişdir. Akt onun iştirakı və məlumatı olmadan tərtib edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən 19 iyul 2022-ci il tarixli, NDM 029538 saylı aktın yazılmasına səbəb abonentin sayğacdan kənar xətt çəkilməklə elektrik enerjisindən istifadə etməsi olmuşdur. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 19 iyul 2022-ci il tarixli, NDM 029538 saylı aktın surətindən görünür ki, sayğaca baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt sayğacı qidalandıran SİP xəttindən sayğacdan əvvəl olan izolyasiyanı pozaraq budaqlanma yolu ilə götürərək birbaşa çıxış faza xəttinin üzərində quraşdırılmış avtomat ayrıca verilmişdir. Bu əsasla maddi ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt NDM 029538) olaraq 745,76 manat məbləğində sərfiyyat hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 19 iyul 2022-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbə sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacı elektrik enerjisinin sərfiyyatını qeyd etmədən abonent sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və 745 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. 19 iyul 2022-ci il tarixli, NDM 029538 saylı aktda kənar xətt ləğv edilsin qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəf kənar xətt barədə hər hansı sübut fotoşəkil, videoğörüntü və başqa rəsmi sənəd təqdim etməmişdir. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli, NDM 029538 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 745 manat məbləğində sərfiyyat silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3766/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3766/2023
25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver