Məhkəmə qərarları › İş №2(050)-3790/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3790/2025

14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3790/2025 14.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı «borcun azaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 2543 kub metr, yəni 2703.02 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Kosakül kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin heç bir əsas olmadan adına cavabdeh təşkilat tərəfindən cərimə yazılmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacdan kənar qazdan istifadə etdiyindən onun adına xx.xx.2025-ci il tarixli ******* saylı akt yazılmış və o, akta əsasən 2543 kub metr cərimə olunmuşdur. Ona 2703.02 manat cərimə yazılmışdır. Yazılmış aktdan xəbəri və məlumatı olmamışdır. İşin faktiki hallarından görünür ki, akt otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamışdır. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac həyətindən 20 metr aralıda küçədə yerləşir. Sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, akt qanunsuz yazıldığından ləğv edilməlidir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etirazla müraciət edərək etirazda göstərmişdir ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı İbadov X4 rayonu, Kosakül kəndində yaşamaqla Lənkəran X5 İdarəsinin Masallı Xidmət Sahəsində **********00170 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X5 İdarəsinin Masallı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixldə Masallı rayonu, Kosakül kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçiriərən zaman təbii qazdan qeyri-qanuni istifadə olunması ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci ll tarixli, ******* saylı akta əsasən sayğacdan kənar təbii qazdan geyri qanuni istifadəyə görə 10781 kub metr olmaqla 2703,02 manat pul İddiaçı abonent hesabına hesablanmışdır. İddiaçı iddia ərizəsində göstərdiyi xx.xx.2025-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış 10718 kub metr olmaqla 2703,02 manat pulun silinməsi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətamə çıxarılmalıdır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsini 10781 kub metr olmaqla 2703,02 manat məbləğində borcun silinməsi nisbətində əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək akta əsasən ziyan kimi hesablanmış qaz sərfiyyatının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, lakin nümayəndəsi X3 ərizə ilə müraciət edərək baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Cavabdeh Lənkəran X5 İdarəsinin rəisi Xanlar Əliyev tərəfindən təsdiq edilmiş 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Kosakül kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 10718 m3 itirilmiş qaz hesablanmışdır. Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən təsdiq edilmiş 01 sentyabr 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Kosakül kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. AR EN-nin EMTA-nin Lənkəran filialının 06 noyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydaların) 5.2ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. Qaydaların 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa, cavabdeh təşkilat hesabat müddətini 203 gün qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına odənilir. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Məhkəmə iddianın 10718 kubmetr qaz sərfiyyatına görə hesablanmış borcun azaldılmasına münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 01 sentyabr 2025-ci il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2025-ci ilin bütün ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin iyul ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin 203 gün hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 90 gün (3 ay) hesabat müddəti ilə hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 3.1.10-cu maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11-ci maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunvericilik məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirilməsi vəzifəsini qaz paylayıcısı olan cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə bildirir ki, bu hal məişət abonenti olan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. Ona görə də məhkəmə hesabat müddətinin 203 gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçının abonent hesabına cərimə borcu 90 gün hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən də, ******* nömrəli, 01 sentyabr 2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında iddiaçıya əsassız yerə yüksək həddə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m³/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə İddiaçı abonent hesabına 01 sentyabr 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış ziyan 10718 kub metrdən 4320 kub metrə (4320 kub metr x 0.12 manat = 518.40 manat) azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı abonent hesabına 01 sentyabr 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ziyan qismində hesablanmış cərimə məbləği 10718 kubmetrdən 4320 kubmetrə (4320 kub metr x 0.12 manat = 518.40 manat) azaldılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar