Məhkəmə qərarları › İş №2(050)-3814/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3814/2025

05.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3814/2025 05.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı «borcun azaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin Lənkəran X3 idarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 6455 kub metr qaz sərfiyyatı və həmin sərfiyyata görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Mahmudavar kəndində ona məxsus fərdi yaşayış evi vardır. Qeydiyyatda olduğu ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X3 İdarəsinin əməkdaşları yaşadığı evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Baxış nəticəsində Cavabdeh İB tərəfindən xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 6455 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 6455 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, xx.xx.2025ci il tarixli aktda qeyd kimi yazılmış “sayğacdan kənar qeyri-qanuni birləşmə” həqiqəti əks etdirmir. O, sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh işçiləri aktı yazarkən onun evinin qaz xəttində heç bir qeyri-qanuni istifadə olmamışdır. O, həmişə sayğacdan istifadə etmişdir. Onlar aktı yazarkən də qaz xəttində sayğac olmuşdur. Sayğac ola-ola onlar qazdan qeyri-qanuni istifadə yazmışlar. Qaz idarəsi ilə müqaviə bağladıqdan sonra onun evində sayğac quraşdırmışlar. Həmin sayğaclada ödənişləri etmişdir. Əgər qazdan qeyri-qanuni istifadə olmuşsada bu onun günahı ucbatından ola bilməz, çünki o, qazdan qeyri-qanuni istifadə etməyin nə olduğunu bilmir, ola bilərki bu onun keçmiş həyat yoldaşının işidir. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Beləki, Azəriqaz İB-nin işçilərinin aktı tərtib etmək səlahiyyətləri yoxdur. Bu səlahiyyət yalnız Azərbaycan Respublikası Energetika Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ******* saylı akta əsasən hesablanmış borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etirazla müraciət edərək, etirazda göstərmişdir ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, İddiaçı qizı Masallı rayonu, Mahmudavar kəndində yaşamaqla Lənkəran X3 İdarəsinin Masallı Xidmət Sahəsində **********07230 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X3 İdarəsinin Masallı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixldə Masallı rayonu Mahmudavar kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə olunması ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci ll tarixli, ******* saylı akta əsasən sayğacdan kənar təbii qazdan geyri qanuni istifadə görə 6455 kub metr İddiaçı abonent hesabına hesablanmışdır. İddiaçı barəsində toplanmış materiallar Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Lənkəran filialına göndərilmişdir. Abonent inzibati xəta törətdiyinə görə inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli MN ******* nömtrəli qərarla 100 manat cərimə edilmişdir. İddiaçı E. Əliyevanın iddia ərizəsində göstərdiyi 6455 kub metr olmaqla 774,60 manat pulun silinməsi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsini 6455 kub metr olmaqla 774,60 manat məbləğində borcun silinməsi nisbətində əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək akta əsasən ziyan kimi hesablanmış qaz sərfiyyatının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Mahmudavar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 6455 m3 itirilmiş qaz hesablanmışdır. Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən təsdiq edilmiş 28 yanvar 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Mahmudavar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. AR EN-nin EMTA-nin Lənkəran filialının 01 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydaların) 5.2ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. Qaydaların 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh təşkilat iddiaçının hesabına sayğacdan kənar qanunsuz qoşulma halının mövcud olmasına görə hesabat apararkən orta günlük iş rejimini 12 saat müəyyən etməklə yanlışlığa yol vermişdir. Halbuki, Qaydaların qeyd edilən müddəalarından görünür ki, məişət abonentlərinə münasibətdə hesabat sutkanın 12 saatı nəzərə alınmaqla aparılmalı idi. Bundan başqa, cavabdeh təşkilat hesabat müddətini 90 gün (3 ay) qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına odənilir. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Məhkəmə iddianın 6455 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun azaldılmasına münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 28 yanvar 2025-ci il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2024-cü ilin bütün ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin iyul ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin 317 gün hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 90 gün (3 ay) hesabat müddəti ilə hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılmalıdır. Cavabdeh təşkilat hesabat müddətini 317 gün qəbul etməklə cəriməni hesablamışdır. Halbu ki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 3.1.10-cu maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11-ci maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunvericilik məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirilməsi vəzifəsini qaz paylayıcısı olan cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə bildirir ki, bu hal məişət abonenti olan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. Ona görə də məhkəmə hesabat müddətinin 267 gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçının abonent hesabına cərimə borcu 90 gün hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən də, ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında iddiaçıya əsassız yerə yüksək həddə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m³/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə İddiaçı abonent hesabına 28 yanvar 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış ziyan 6455 kub metrdən 4320 kub metrə (4320 kub metr x 0.12 manat = 518.40 manat) azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı abonent hesabına 28 yanvar 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ziyan qismində hesablanmış cərimə məbləği 6455 kub metrdən 4320 kub metrə (4320 kub metr x 0.12 manat = 518.40 manat) azaldılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar