Məhkəmə qərarları › İş №2(050)-3961/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3961/2025

19.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3961/2025 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 24 oktyabr 2025-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 3564 kub/metr, yəni 1033 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu, Tatyanoba kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin heç bir əsas olmadan adına cavabdeh təşkilat tərəfindən cərimə yazılmışdır. 24 oktyabr 2025ci ii tarixdə Cavabdeh Lənkəran Regional Qaz istismarı İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilmiş və hesablama mexaniziminin qoruyucu qapağına vurulan zavod qurğuşun plonbu fiziki təsir nəticəsində kəsilməsi əsası ilə 24 oktyabr 2025-ci il tarixli ******* saylı akt yazılmış, akta əsasən 1033 manat cərimə olunmuşdur. Yazılmış aktdan xəbəri və məlumatı olmamış, işin faktiki hallarından görünür ki, akt otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamışdır. Sayğaca heç bir müdaxilə etməmiş, sayğac həyətindən 50 metr aralıda küçədə yerləşir. Ödəniş saldoda nəzər yetirdikdə aylıq ödənişlərinin normal olduğunu görmək olur. Hesab edir ki, akt qanunsuz yazıldığından ləğv edilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 28 iyun 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Masallı rayonu, Tatyanoba kəndində fərdi evdə quraşdırılmış Elster G-4 markalı 11437153 nömrəli mexaniki qaz sayğac çıxarılmış və yeni GCZ markalı ******* nömrəli mexaniki sayğacı quraşdırılmışdır.

8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı rayonu, Tatyanoba kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 29 sentyabr 2025-ci il tarixli M1956/2025/02 saylı akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib. Hesablama mexanizminə vurulan zavod qurğuşun plomb fiziki təsir nəticəsində kəsilib. Hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.

9. Dəymiş ziyanın bərpasına dair 30 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, 29 sentyabr 2025-ci il tarixli, 1956/2025/02 nömrəli protokola əsasən G-4 markalı 11437153 nömrəli sayğaca vizual baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib. Hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb fiziki təsir nəticəsində kəsilib. Hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır. Qaz işlədicilərindən PQ2 maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün, qənaətli su qızdırıcı 24 litr maksimal saatlıq qaz sərfi 2.4 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün, qızdırıcı soba (İran peçi) maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 18 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 06x12x90=648, 1.5x12x18=324, 2.4x12x90=2592, cəmi 3564 m3, il ərzində istifadə olunan qaz sərfi 2048 m3, 452x0.22=99.40, 3112x0.30=933.60, cəmi 1033 manat.

10. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Tatyanoba kəndində yerləşən İddiaçı adlı abonentə məxsus fərdi evdə 03 iyul 2025-ci il tarixdə GCZ markalı ******* nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********02020-dir. 2025-ci ilin oktyabr ayında 3564 m3 qaz sərfiyyatına görə 1033 manat borc hesablanmışdır.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun fiziki təsir nəticəsində kəsildiyi və hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcığın qırıq olması müəyyən edilmişdir. İddiaçıya 3564 m3 qaz sərfiyyatına görə 1033 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hesabat müddəti PQ2 qaz peçi və qənaətli su qızdırıcı üçün 90 gün, qızdırıcı soba (İran peçi) üçün 18 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 3564 kub/metr sərfiyyat görə hesablanmış borcun silinməsini xahiş edir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının izahatını dinəyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi müdaxilə edilmədiyi və istismara yarasız olduğu qeyd edilən mexaniki qaz sayğacı onun iştirakı olmadan digər qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun fiziki təsir nəticəsində kəsildiyi və hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcığın qırıq olması müəyyən edilmişdir. Sayğacın istismara yarasız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz istismara yarasız qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

20. Bundan başqa itirilmiş qaz sərfiyyatı 90 gün müddətinə hesablanaraq iddiaçıya 1033 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.

21. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, cavabdeh barəsində ******* saylı akt 24 oktyabr 2025-ci il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli, ******* saylı akt əsasında **********02020 abonent kodu üzrə cavabdeh İddiaçı 3564 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1033 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

24. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli, ******* saylı akt əsasında **********02020 abonent kodu üzrə cavabdeh İddiaçı qızına 3564 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1033 manat məbləğində borc silinməlidir.

25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli, ******* saylı akt əsasında **********02020 abonent kodu üzrə İddiaçı hesablanmış 1033 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar