Məhkəmə qərarları › İş №2(050)-408/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-408/2025

07.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-408/2025 07.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 yanvar 2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə1 ilə rəsmi nikahdan 04 yanvar 2006-cı il təvəllüdlü X6 doğulmuşdur. Oğlu doğulandan bəri xəstəlikdən öz hərəkətlərini dərk etməmiş, sonradan onda fiziki cəhətdən həmçinin hərəkətsizlik müşahidə olunmuşdur. Doğulandan yaranan xəstəliyinin inkişafı, hərəkət funksiyasının, özünü dərk etməmək, yataq xəstəsi serebral iflic nəticəsində bir sıra müalicələrin nəticəsiz olmasını nəzərə alaraq Masallı Tibbi-Sosial Ekspert Komissiyasının 04 noyabr 2008-ci il tarixdən 04 yanvar 2024-cü il tarixə kimi 18 yaşadək-Sağlamlıq imkanları məhdud uşaq, anadan gəlmə əlillik təyin edilmişdir. Mikrosefaliya, psixi fiziki inkişafdan qalma, Spastik tetraparez, hərəkətin kəskin pozulması, intelektin zəifliyi, görmə sinirinin hissəvi atrofiyası diaqnozuna əsasən uşaq onun himayəsindədir. 2018-ci il tarixdə ƏƏSMN-nin Masallı rayon TSEK rəyləri əsasında əlil arabası ilə təmin olunmuşdur. X8 18 yaşı tamam olduğuna görə yataq xəstəsi, serbral iflic olmasını nəzərə alınmaqla evdə xüsusi müayinələrlə 05 yanvar 2024-ci il tarixdən müddətsiz olaraq Kvadroplegik spastik serbral iflic, uşaq serbral iflic orqanizmin funksiyalarının pozulması faizi 100% - Birinci dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda oğlu 1-ci dərəcəli əlilliyə görə sosial müavinət alır. Əhalinin sosia müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı əsasında 18-yaşadək SİM-18 yaşadək uşaq əlilinə qulluğa görə prezident təqaüdünün verilməsi 04 yanvar 2024-cü il tarixə kimi ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin məlum sərəncamına əsasən müvafiq kateqoriya əlillərə quluğa görə o cümlədən oğluna Birinci dərəcəli əlillik təyin edilmiş, amma qulluğa görə (himayəçi kimi) həmin vəsait 05 yanvar 2024-cü il tarixdən ödənilməmişdir. Müvafiq sənədləşməyə görə şəxs üzərində qanuni nümayəndəliyinin təyin olunması barədə məhkəmə qərarı olmalıdır. Ona görə hesab edir ki, 04 yanvar 2006-cı ildə təvəllüdlü X6 faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə2 məhkəmə-psixiatrik ekspertizanın rəyi alındığından ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları:

5. AZ-İ seriyalı 218762 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə1 ilə X1 arasında 07 fevral 2006-cı il tarixdə Masallı RİHB-nın Türkoba kənd ərazi nümayəndəliyində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əbilova” soyadını qəbul etmişdir.

6. AZ-İ seriyalı 721616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 yanvar 2006-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuşdur. Atası qrafasında Nümayəndə1, anası qrafasında X1 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 07 fevral 2006-cı il tarixdə 16 nömrə ilə qeyd edilmişdir.

7. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 04 yanvar 2006-cı il tarixdə anadan olmuşdur.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 04 yanvar 2006-cı il təvəllüdlü X5 05 yanvar 2024-cü il tarixdə “Kvadroplegik spastik serebal iflic, Uşaq serebral iflic” diaqnozu qoyulmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 fevral 2025-ci il tarixli, 410 saylı rəyindən görünür ki, X3 uşaq serebral iflici nəticəsində dərin əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya) aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 04 yanvar 2006-cı il təvəllüdlü oğlu X6 “uşaq serebral iflici nəticəsində dərin əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya)” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə 11 fevral 2025-ci il tarixli, 410 saylı rəy verilmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəllənin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

15. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə anası Ərizəçi ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmə xərcləri:

16. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 04 yanvar 2006-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş və Masallı rayonu, Türkoba kəndində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

18. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

19. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. 04 yanvar 2006-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş və Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veridldiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar