Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4114/2025 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2025-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 317,60 manat qaz sərfiyyatının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Qodman kəndində qeydiyyatda olmaqla yaşayır və həmin kəntdə ona məxsus fərdi yaşayış evi vardır. Ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayağacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB X1 İstismarı İdarəsinin əməkdaşları evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı növbəti dövlət yoxlanması adı ilə çıxarıb yenisi ilə əvəz etmişlər. 24 noyabr 2025-ci il tarixdə ******* saylı akt tərtib etmişlər. Aktda sayağacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu yazılmışdır. 28 noyabr 2025-ci il tarixli qərara əsasən dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 317,60 manat qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 317,60 manat qaz sərfiyyatı silinməlidir. Belə ki, 24 noyabr 2025-ci il tarixli aktda qeyd olunan sayağacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunması onun günahı ucbatından baş verməmiş, nədə ki, sayğaca cavabdeh şəxs o, deyil. Həmçinin o, qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayağacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən bərpa olmasını hər ay ona bildiriş verən qaz idarəsinin işçisi (sahə nəzarətçisi) bunu dərhal məlumat verməli idi, çünki bu sahə nəzarətçilərinin bir başa vəzifəsidir. Sayağacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunması gözlə görünən bir qüsurdur. Həmin qüsur olsa idi sayağacı yenisi ilə əvəz edən Cavabdeh İB-nin əməkdaşları görməli və aktda qeyd etməlidilər. Lakin akta olan qeyd tamamilə fərqlidir. Qaz sayağacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmışdır, üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu halda onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayağaca ziyan vura bilər və sayağaca istənilən müdaxiləni edə bilərlər. Eləcə də, sayağacın zavod qurğuşun plombunu qıra bilərlər, plastmas qapağı sındıra bilər, hesablama mexanizminin qoruyucu örtüyünü qopara bilər və s. Qaz sayağacı da, həyətdə yox evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi guya sayağaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyi qeyd edir, halbuki qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da, qazın pulunu dövlət büdcəsinə ödüyür. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayağaca baxarkən orada hər hansı bir müdaxiləni və ya sayğacın çıxış plastmas borusu deşilib, sayağacın hesablama mexanizminin qapağı yan tərəfdən kəsilib və daxili qulaqcıqlarında əzik-cizik olmasını nə səbəbdən rəy əsasında onun sayağaca müdaxilə etdiyini və artıq qaz sərfiyyatı etdiyini qeyd edirlər. Əgər sayağaca müdaxilə olmuşdursa, sahə nəzarətçisi bunları dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmiş, onun iştirakı olmadan sacğaça baxış keçirilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Qodman kəndində fərdi evində İddiaçı adlı abonentə 21 iyun 2025-ci il tarixdə GCZ-G-4 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********01670-dir.
8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı rayonu, Qodman kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, 29 sentyabr 2025-ci il tarixli 1958/2025 saylı akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.
9. Dəymiş ziyanın bərpasına dair 28 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, 14 oktyabr 2025-ci il tarixli, 1958/2025/01 nömrəli protokola əsasən G-4 markalı 10294997 nömrəli sayğaca vizual olaraq baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. PQ3 maskimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün, qızdırıcı soba (İran sobası) maskimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 28 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 0.8x12x90=864 m3, 1.5x12x28=504 m3, cəmi: 1368 m3. İl ərzində istifadə olunan qaz sərfi 1340 m3, 1160x0.22=255.20, 208x0.30=62.40, cəmi 317,60 manat.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Qodman kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri müəyyən edilmişdir. İddiaçıya 1368 m3 qaz sərfiyyatına görə 317,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hesabat müddəti PQ3 qaz peçi üçün 90 gün, qızdırıcı soba (İran peçi) üçün 28 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 1368 kub/metr sərfiyyat görə hesablanmış borcun silinməsini xahiş edir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac onun iştirakı olmadan digər qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.
19. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq iddiaçıya 317,60 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.
20. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində ******* saylı akt 24 noyabr 2025-ci il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə şəxsin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Qodman kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01670 abonent kodu üzrə İddiaçı 1368 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 317,60 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri:
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
23. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Qodman kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01670 abonent kodu üzrə İddiaçı 1368 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 317,60 manat məbləğində borc silinməlidir.
24. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Masallı rayonu, Qodman kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 noyabr 2025-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında **********01670 abonent kodu üzrə İddiaçı 1368 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 317,60 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov