Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4120/2025 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:
1. İddiaçı cavabdeh Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında, daşınmaz əmlakın dövlət reyestrindən 30 mart 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli, seriya MH № ******* saylı çıxarışla mülkiyyətində olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
2. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum X2 miras qalmış Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 mart 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli, seriya MH №0002180 saylı çıxarışla mülkiyyətində olmuş 0.15 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi, habelə həmin miras əmlaka hüququnun müəyyən edilməsi bаrədə müvаfiq qətnаmə çıхаrılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, valideynləri X12 ilə X3 nikahından o, doğulmuşdur. Doğma bacı və qardaşı yoxdur. Atasının digər qadınla olan nikahından isə Nümayəndə adlı bacısı vardır. Atası 25 iyun 2006-cı il tarixdə, anası isə 03 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum anadan Masallı rayonu, Təzə Alvadı kəndində 0.15 ha həyətyanı torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Babası, nənəsi və atası daha öncə vəfat etdiklərindən, mərhumənin yeganə övladı o, olduğundan, qanunvericiliyin tələbinə əsasən mərhuməyə münasibətdə birinci növbəli yeganə vərəsə o, hesab edilir. Ananın ölümündən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Notariat kontoruna vaxtında müraciət edilməmişdir. Sonradan Notariat kontoruna müraciət edildikdə isə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydada sənədləşdirilməsinin mümkün olmadığı barədə məktub təqdim edilmişdir. Babası, nənəsi və atası daha öncə vəfat etdiklərindən və mərhumənin ondan başqa digər övladı olmadığından, qanunvericiliyin tələbinə əsasən o, mərhuməyə münasibətdə birinci növbəli yeganə vərəsə hesab edilir. Qanunvericiliyin tələbinə əsasən o, mərhuməyə münasibətdə birinci növbəli yeganə vərəsə olaraq mirası qəbul etmək istəmişdir, lakin uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün kənddən kənarda olmuş və mütəmadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən mirasın qəbulu ilə bağlı notariat kontoruna vaxtında ərizə verilməmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə ata bir, ana ayrı bacıdırlar. İddiaçı doğma qardaş və bacısı yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov məhkəməyə 06 yanvar 2026-cı il tarixli məktub ünvanlayaraq iş yükünün ağırlığı ilə əlaqədar iştirak edə bilmədiyini və iclasa onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
6. АЗ seriyalı 254561 nömrəli 14 yanvar 1975-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 nikahı 14 yanvar 1975-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kənd ərazi nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Nağdiyeva” soyadını qəbul etmişdir.
7. Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1974cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuşdur. Atası qrafasında X12, anası qrafasında X6 qeyd edilmişdir.
8. Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Nümayəndə xx xxxxxx 1963-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında X12, anası qrafasında X13 qeyd edilmişdir.
9. AZ-İ seriyalı 190645 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 25 iyun 2006-cı il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 iyul 2006-cı il tarixdə 17 nömrə ilə qeyd edilmişdir.
10. AZ-İİ seriyalı 126526 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 03 noyabr 2020-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 noyabr 2020-ci il tarixdə 698 nömrə ilə qeyd edilmişdir.
11. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 03 may 1938-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş X5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 25 iyun 2006-cı ildən 03 noyabr 2020-ci ilədək olan dövrə aid «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 nikahı haqqında aktı aşkar olunmamışdır.
12. Masallı RİHB-nın Təzə Alvadı kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli 507 nömrəli arayışdan görünür ki, X7 03 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Təzə Alvadı kəndində olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri qalmışdır: əri-X12 (25 iyun 2006-cı ildə vəfat etmişdir); qızı - İddiaçı. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları yoxdur. X1 qeyd olunmuş vərəsələrdən başqa vərəsələri yoxdur.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 30 mart 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışdan görünür ki, X5 Masallı rayonu, Təzə Alvadı kəndində mülkiyyətində olan 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.4 kv.m yaşayış, 81.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır.
14. Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 30 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 03 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 29 iyul 2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul olmadığı səbəbindən vərəsəlik işinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmadığından, sənədlərlə birlikdə məhkəməyə müraciət etməsi xahiş olunmuşdur.
15. 19 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, 03 noyabr 2020-ci il tarixdə ölmüş X2 Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhumun qanun üzrə vərəsəsi hazırki İddiaçı olmuşdur. İddiaçı 30 iyul 2025-ci il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum nasına məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür, miras üzrə vərəsəliyi sənədləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməlidir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X7 vəfat etdikdən sonra ondan qalan miras əmlakı iddiaçı idarə etmişdir və bu işin mübahisəsiz halıdır. X1 digər vərəsələri yoxdur. Göründüyü kimi iddiaçı anasına məxsus əmlakı faktiki cəhətdən ələ keçirib və onlara sahib durmaqla mirasa faktiki sahiblik etmiş, əlavə olaraq miras əmlakdan istifadə etməklə, onun saxlanması və normal təsərrüfatın aparılması üçün zəruri hərəkətlər etməklə miras əmlakı faktiki idarə etmişdir.
Məhkəmə xərcləri:
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 30 mart 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan və ondan miras qalmış Masallı rayonu, Təzə Alvadı kəndində mülkiyyətdə olan 0.15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.4 kv.m yaşayış, 81.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsi faktı müəyyən edilməli və həmin əmlaka hüququnun olması müəyyən edilməlidir.
25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli 30 mart 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan və ondan miras qalmış Masallı rayonu, Təzə Alvadı kəndində mülkiyyətdə olan 0.15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.4 kv.m yaşayış, 81.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsi faktı müəyyən edilsin və həmin əmlaka hüququnun olması müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov