Məhkəmə qərarları › İş №2(050)-4307/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4307/2025

09.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4307/2025 09.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və sayğacın quraşdırılması” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Lənkəran regional qaz istismar idarəsinə qarşı “borcun silinməsi və sayğacın quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran regional qaz istismar idarəsi tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il və 09 sentyabr 2023-cü il tarixlərində 10 may 2015-ci il tarixində dünyasın dəyişmiş mərhum anasına yazılan küllü miqdarda olan 19440 m3 qazın pulun silinməsi və onun sayğacının yerinə quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan İddiaçı ərizə təqdim edərək Cavabdeh Lənkəran regional qaz istismar idarəsinin cavabdehlər siyahısından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Şərəfə kəndində 05 avqust 2015-ci il tarixində rəhmətə getmiş anası X5 adına rəsmiləşdirilən **********05260 kodda olan ******* nömrəli qaz sayğacına 09 mart 2023-cü il tarixində ******* nömrəli akt yazaraq o, mərhum anasının evində evdə olmadığı vaxtı sayğacı açaraq aparmışlar, sayğacın yerinə heç bir sayğac bağlamamışlar. Həmən tarixdən o, yaşadığı evdə təbii qazsız qalmış, bu günə qədər bilməmişdir ki, mərhum anasının adına olan qaz sayğacına Azəriqazın işçiləri onun xəbəri olmadan özlərindən onların hər hansı birinin imzası olmadan belə 29 aprel 2023-cü il tarixdə ******* nömrəli akt yazaraq 12960 kub cərimə hesablayıblar. Bununla kifayətlənməyən Azəriqaz çıxarılmış sayğaca yenidən 09 sentyabr 2023-cü il tarixində ******* nömrəli akt tərtib edərək və özləri imza edərək ölmüş insana 6480 kub təbbi qazın pulu məbləğində cərimə hesablamışlar. Bir neçə gün bundan öncə o, havaların soyumasını görüb Azəriqaz Masallı xidmət sahəsinə müraciət etmiş, onlar onu Asan xidmətə göndərmişlər. Orada ona məlum olmuşdur ki, ard-arda onun mərhum anasının adına olan sayğaca küllü miqdarda cərimələr yazıblar. Yenidən Azəriqaz İB-nə gemiş, ona demişlər ki, ged ver məhkəməyə. O, mərhum anasının evinde yaşayan varisi olaraq iddia edir ki, onun mərhum anasının adına yazılmış küllü miqdarda olan ümumilikdə iki aktla yazılan 19440 kub metr təbii qazın pulunun silinməsi və həmin evdən açılan qaz sayğacının yerinə yeni qaz sayğacı bağlayaraq onu Azəriqaz təbii qazla temin etsin, bu onun konstitusion hüququdur. Onun qaz sayğacı xususi trosla plomblanmış, sayğaca müdaxilə mümkün deyildir. Odur ki, belə hesab edir ki, yazılan aktlar əsassızdır, heç bir ekspertiza təyin edilmədən və ekspert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək cərimə yazmışlar. Halbuki qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekspertiza keçirilməli və ekspert rəyi alındıqdan sonra həmin rəyin bir nüsxəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, qaz istismar əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Ona görə də, aktın etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Masallı rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 dekabr 2025-ci il tarixli, 602 nömrəli arayışdan görünür ki, 10 may 2015-ci ildə vəfat etmiş X1 Reyman İbrahim oğlunun anasıdır.

9. AZ-İİ seriyalı 455660 nömrəli, 20 sentyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 may 2015-ci ildə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında 12 may 2015-ci il tarixdə 08 № ilə qeyd edilmişdir.

10. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, X4 məxsus Masallı rayonu, Şərəfə kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.

11. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 07 aprel 2023-cü il tarixli 325 saylı aktın surətindən görünür ki, Şərəfə kəndində yaşayan abonent Əzizbəyim Allahverdiyeva təbii qazdan istifadəyə görə yaranmış 1781,10 manat debitor borcu ödəmədiyi üçün yaşadığı evin qaz təminatı qaynaq vasitəsi ilə dayandırılmışdır.

12. Dəymiş ziyanın bərpasına dair 29 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, 25 aprel 2023-cü il tarixli, 14-2-2/3-5-4213-1 nömrəli akta əsasən G-4 markalı ******* nömrəli sayğaca vizual baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 6x24x90=12960 m3.

13. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 28 avqust 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, X4 məxsus Masallı rayonu, Şərəfə kəndində fərdi evdə quraşdırılmış Elster G-4 markalı ******* nömrəli mexaniki qaz sayğac çıxarılmış və növbət dövlət yoxlamasına göndərilmişdir.

14. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 sentyabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, X4 məxsus Masallı rayonu, Şərəfə kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.

15. Dəymiş ziyanın bərpasına dair 09 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, 09 sentyabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5-9032/Q002 nömrəli akta əsasən G-4 markalı ******* nömrəli sayğaca vizual baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 6x12x90=6480 m3.

16. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən X5 adlı abonentin kodu **********05260-dir. 2023-cü ilin mart ayında akta əsasən 12960 m3 qaz sərfiyyatına görə 1555,20 manat, 2023-cü ilin avqust ayında akta əsasən 6480 m3 qaz sərfiyyatına görə 777,60 manat borc hesablanmışdır.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli akta əsasən X4 məxsus Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Abonentə 12960 m3 qaz sərfiyyatına görə 1555,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hesabat müddəti ümumi 90 gün qəbul edilmişdir. 07 aprel 2023-cü il tarixli 325 saylı akta əsasən abonent Əzizbəyim Allahverdiyeva təbii qazdan istifadəyə görə yaranmış 1781,10 manat debitor borcu ödəmədiyi üçün yaşadığı evin qaz təminatı qaynaq vasitəsi ilə dayandırılmışdır. 28 avqust 2023-cü il tarixli, ******* nömrəli akta əsasən isə abonentə məxsus fərdi evdə quraşdırılmış Elster G-4 markalı ******* nömrəli mexaniki qaz sayğac çıxarılmış və növbət dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 09 sentyabr 2023-cü il tarixli akta əsasən X4 məxsus Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Abonentə 6480 m3 qaz sərfiyyatına görə 777,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. X2 vəfat etdiyindən oğlu, hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 31 mart 2023cü il tarixli akta və tələbnaməyə əsasən 12960 m3 qaz sərfiyyatına görə hesablanmış borcun, 09 sentyabr 2023-cü il tarixli akta və tələbnaməyə əsasən 6480 m3 qaz sərfiyyatına görə hesablanmış borcun silinməsini və qaz sayğacının quraşdırılmasını xahiş edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 9-cu maddəsinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının izahatını dinəyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

24. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi 07 aprel 2023-cü il tarixli 325 saylı akta əsasən abonent Əzizbəyim Allahverdiyevanın yaşadığı evin qaz təminatı qaynaq vasitəsi ilə dayandırılmış, 28 avqust 2023-cü il tarixdə isə müdaxilə edilmədiyi və istismara yarasız olduğu qeyd edilən ******* nömrəli mexaniki qaz sayğacı abonentin iştirakı olmadan çıxarılmış və növbət dövlət yoxlamasına göndərilmişdir.

25. 4333462 nömrəli sayğaca 31 mart 2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

26. Bundan başqa 28 avqust 2023-cü il tarixdə ******* nömrəli qaz sayğacı çıxarıldığı və əvəzinə başqa qaz sayğacı quraşdırılmadığı halda 09 sentyabr 2023-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən eyni ******* nömrəli qaz sayğacına baxış keçirilməsi, baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi və sayğacın istismara yararsız olduğu ilə bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 sentyabr 2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Halbuki həmin vaxt ******* nömrəli qaz sayğacı artıq çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir.

27. Sayğacın istismara yarasız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

28. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı anası X3 (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktların əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz istismara yarasız qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

29. Bundan başqa itirilmiş qaz sərfiyyatı 90 gün müddətinə hesablanaraq abonentə 31 mart 2023-cü il tarixli akta əsasən 1555,20 manat, 09 sentyabr 2023-cü il tarixli akta əsasən isə 777,60 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.

30. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, cavabdeh barəsində ******* saylı akt 31 mart 2023-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında **********05260 abonent kodu üzrə X4 12960 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1555,20 manat məbləğində borc və 09 sentyabr 2023-cü il tarixli ******* saylı akt əsasında 6480 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 777,60 manat məbləğində borc silinməlidir.

32. Eyni zamanda məhkəmə hesab edir ki, **********05260 abonent kodu üzrə X4 məxsus Masallı rayonu, Şərəfə kəndində fərdi evdə quraşdırılmış Elster G-4 markalı ******* nömrəli mexaniki qaz sayğacının istismara yararsız olması istehlakçının təqsiri üzündən baş vermədiyindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə əsasən abonentin ünvanına yeni qaz sayğacı quraşdırılmalı və qaz sayğacının quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməlidir.

Məhkəmə xərcləri:

33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

34. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında **********05260 abonent kodu üzrə X4 12960 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1555,20 manat məbləğində borc və 09 sentyabr 2023-cü il tarixli ******* saylı akt əsasında 6480 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 777,60 manat məbləğində borc silinməlidir. Eyni zamanda Cavabdeh tərəfindən **********05260 abonent kodu üzrə X4 məxsus Masallı rayonu, Şərəfə kəndində fərdi evdə yeni qaz sayğacı quraşdırılmalıdır.

35. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında **********05260 abonent kodu üzrə X4 12960 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1555,20 manat məbləğində borc və 09 sentyabr 2023-cü il tarixli ******* saylı akt əsasında 6480 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 777,60 manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən **********05260 abonent kodu üzrə X4 məxsus Masallı rayonu, Şərəfə kəndində fərdi evdə yeni qaz sayğacı quraşdırılsın. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar