Məhkəmə qərarları › İş №2(050)-453/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-453/2023

31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-453/2023 31.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 tərəfindən adına tərtib olunmuş 16 dekabr 2022-ci il tarixli, 280629 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 711.72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayou, Zuvandlı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Yaşadığı ev elektirik enerjisindən istifadə qaydalarına uyğun olaraq elektirik enerjisi ilə və istifadə olunan elektirik enerjisinin dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da tarif planına uyğun olaraq elektirik enerjisindən istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi ödənişdən yayınmamışdır. "xxxx" ASC-nin əməkdaşları gələrək yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmişlər və 16 dekabr 2022-ci il tarixli, 280629 saylı akt tərtib etmişlər və həmin akta görə sayğacdan kənar xətt istifadə etməsi qeyd edilmişdir. Akta əsasən dəymiş ziyan məbləği 711.72 manat olması göstərilmişdir. Hesab edir ki, həmin akt etibarsız hesab edilməli və 711.72 manat borc silinməlidir. Həmin akt onun iştirakı olmadan tərtib edilmişdir. Aktda abonentin kənar xəttən istifadə etdiyi qeyd edilmişdir. Lakin o, kənar xətdən istifadə etməmişdir. Abonent kimi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq elektrik şəbəkənin əməkdaşları heç bir kənar xətdən istifadə etmədiyi halda qanunsuz və əsassız akt tərtib edərək onu cərimələmişlər. Elektrik şəbəkəsinin əməkdaşlarının kənar xətdən istifadə etdiyini sübut edəcək heç bir sübutları yoxdur, nə foto və video çəkilişləri, nədə ki, şahid ola biləcək heç bir insanın şahid olmasını təsdiq edən heç bir sənəd-sübutları yoxdur. Heç sahə nəzarətçisi də X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşlarının tərtib etdiyi akta imza etməmişlər. Həmçinin o, hər hansı bir kənar xətdən istifadə etməmiş, lakin aktda qeyd edildiyi kimi, əgər o, kənar xətt çəkmiş olsaydı sayğacın son oxunuşdan akt tərtib olunan müddətə kimi olan zaman üçün cərimə yazılmalı idi. Eləcə də abonent haqqında məlumata nəzər salınsa görünər ki, o, ay ərzində heç bir vaxt 711.72 manatlıq elektrik enerjisi istifadə etməmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 tərəfindən adına tərtib olunmuş 16 dekabr 2022-ci il tarixli, 280629 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 711.72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğac quraşdırılmış fərdi yaşayış evi özünə məxsusdur, uzun müddətdir həmin evdə yaşayırlar. Sayğaca heç bir müdaxilə etməmiş, aktın qəbul edilməsindən məlumatı olmamış, sayğacda hər hansı qüsur aşkar edilməmişdir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, borcun düzgün hesablandığını, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, qanunsuz qoşulma barədə videoçəkiliş aparılmasını, ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 16 dekabr 2022-ci il tarixli, 280629 saylı aktın surətindən görünür ki, abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. Akt tərtib edilərkən Bəxtiyar Həsənovun iştirakı təmin olunmamışdır. Abonentin nümayəndəsi olan qrafada qeyd yoxdur. Abunə haqqında elektron məlumatdan görünür ki, abonent İddiaçı adına olan sayğac xx.xx.2022-ci il tarixdə yenisi ilə dəyişdirilmiş, 16 dekabr 2022-ci il tarixli, 280629 nömrəli elektrikdən istifadə qaydalarının pozulması barədə aktla 5219 Kvt enerjinin dəyəri 0.13, qəpiklə 678.47 manat hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskinə baxış keçirilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət mütəxəssislərinin apardığı çəkilişlə İddiaçı elektrik xəttinə sayğacdan kənar qoşulması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. İşin faktiki hallarına əsasən, 16 dekabr 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 əməkdaşları fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinə və sayğaca baxış keçirmişlər. 16 dekabr 2022-ci il tarixli, 280629 saylı aktla abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuş və bu barədə videoçəkiliş aparılmışdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enerjitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın qeyd olunan bəndlərində göstərilmişdir; -8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. -8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunmuş Qaydaların 9.20.-ci bəndinə görə İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: -9.20.1. fors-major hadisə ilə əlaqədar; -9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddiada qeyd olunan halları göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən İddiaçı iddiasının əsasları sübuta yetmir, əksinə onun cavabdeh tərəfə təqsirli və qanuna zidd hərəkətləri ilə ziyan vurması müəyyən olunur. Belə ki, cavabdeh tərəfin mötəbər sübutu kimi tədqiq edilmiş CD diskindən məlum olur ki, iddiaçı elektrik xəttinə sayğacdan kənnar qoşulmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan vurmuşdur. Odur ki, hesablanmış ziyan “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1. və 8.17-2-ci bəndlərinə uyğundur. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalı, mübahisəli akt qanuni hesab olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 16 dekabr 2022-ci il tarixli, 280629 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 711.72 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar