Məhkəmə qərarları › İş №2(050)-457/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-457/2023

16.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-457/2023 16.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2016-cı il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 900 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. “Azəriqaz” İB X1 İstismarı İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirmişlər və sayağacı çıxarmışlar. Qaz idarəsi sayağacı apardıqdan sonra xx.xx.2016-cı il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi sayğacın zavod qurğuşun plomb plastmas qapağı, sayağacın hesablama mexanizminin zavod nömrəsi olan lövhə gövdəsənin üzərində aşkar olunmadığı göstərilmişdir. xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən sayağacın zavod qurğuşun plomb plastmas qapağı sayağacın hesablama mexanizminin zavod nömrəsi olan gövdənin üzərində aşkar olmadığına görə itirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi qeyd olunmuşdur. xx.xx.2016-cı il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 900 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. xx.xx.2016-cı il tarixli aktda qeyd olunan sayğacın zavod qurğuşun plomb plastmas qapağı, sayağacın hesablama mexanizminin zavod nömrəsi olan lövhə gövdəsənin üzərində aşkar olunmaması onun günahı ucbatından baş verməmişdir, nə plobmu, nədə zavod nömrəsi olan lövhəni qırmamışdır. Sayağca cavabdeh şəxs deyil. Həmçinin, qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Həmin nöqsanlar barədə hər ay sərfiyyat barədə bildiriş verən cavabdeh təşkilatın əməkdaşı ona məlumat verməli idi. Bu sahə nəzarətçisinin birbaşa vəzifəsidir. Qaz sayğacları rayon ərazisində mühafizə olunmayan ərazilərdə yerləşdirilmişdir və onlara istənilən şəxs tərəfindən ziyan vurula və müdaxilə edilə bilər. Belə bir vəziyyətdə qaz sayğacına edilən müdaxiləyə görə istehlakçı məsuliyyət daşımamalıdır. Qaz sayğacının əməkdaşları ayda 2 dəfə qaz sayğacına baxaraq, sərfiyyatı götürürlər. Belə bir vəziyyətdə onlar tərəfindən qaz sayğacına baxarkən hər hansı bir qüsurun olmadığı halda sonradan mübahisələndirilən aktın yazılması əsassızdır. İştirakı olmadan sayğaca baxış keçirilmişdir. Cavabdeh təşkilatın əməkdaşları heç bir çəkiliş aparmadan, şahidlər dəvət etmədən sadəcə fərziyyə ilə belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək, cərimə edilmişdir. Halbuki, şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalı idi. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 560-cı maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 6-cı bəndlərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mübahisəli sayğacın yerləşdiyi ərazi sonradan hasarlanmışdır. Məsələ ilə bağlı hər hansı bir orqana müraciət etməmişdir. Təbii qazın verildiyi fərdi yaşayış evində yaşayış olmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğaca baxış keçirilmiş, keçirilmiş baxış nəticəsində kənar müdaxilə nəticəsində sayğacın zavod qurğuşun plomb plastmas qapağı sayağacın hesablama mexaniziminin zavod nömrəsi olan lövhə gövdəsinin üzərində aşkar olunmadığı müəyyən edilmiş, bununla bağlı 22 noyabr 2016-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 900 m3 qaz sərfiyyatı hesablanmışdır. Sayağac iddiaçının həyətinin daxilində yerləşir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Bundan başqa, neçə illər ərzində abonentin aktı mübahisələndirməməsi və birdən-birə belə bir fikirə düşməsi də onun iddiasının əsassızlığını bir daha sübut edir. Sonda Nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 22 noyabr 2016-cı il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın zavod qurğuşun plomb plastmas qapağı sayağacın hesablama mexanizm zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. 29 noyabr 2016-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 8 saat hesabat müddəti 90 gün qəbul edilməklə, radiator peçi maksimal saatlıq qaz sərfi 0,75 m3/saat, orta günlük iş rejimi 18 saat hesabat müddəti 24 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi, sayğacın yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. Cəmi 900 kub/metr itirilmiş qaz hesablanmışdır. Elektron sistemdən çıxarışdan görünür ki, abonentin sayğacı xx.xx.2016-cı ildə yeni sayğac ilə əvəz edilmişdir. Abonentin saldosundan görünür ki, qaz sərfiyyatının dəyəri 08/2016-cı ildə “0” manat, 09/2016-cı ildə “0” manat, 10/2016-cı ildə 54,70 manat, 11/2016-cı ildə 36,40 manat olmuşdur. Məhkəmə iclasında CD diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətti üzərində quraşdırılmış sayğac mühafizə olunan ərazidə (onun həyətində) yerləşir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.

1. 22 noyabr 2016-cı il tarixli, ******* saylı aktdan, akta əsasən aparılmış hesabatdan görünür ki, kənar təsir nəticəsində sayğacda müəyyən qüsur yaranmışdır. Əgər bu belə olmasaydı sayğac yeni sayğac ilə əvəz edilməzdi.

2. İddiaçının sayğacın yerləşdiyi ərazinin sonradan hasarlanması barədə mövqeyinə münasibətdə məhkəmə bildirir ki, həqiqətən də sayğacın yerləşdiyi ərazinin sonradan hasarlanması barədə onun tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Hətta, bu belə olmuş olsaydı belə həmin məsələ ilə bağlı vəziyyəti dəyişməzdi. Çünki, sayğacın yerləşdiyi ərazi mübahisələndirilən akt yazılan vaxt mişar daşları ilə hasarlanmamış olsaydı da həmin ərazi onun həyətidir, həmin ərazidə ağacların, bitkilərin əkilməsi və onlara qulluq edilməsi əraziyə onun faktiki sahiblik etməsini göstərir. Bir sözlə sayğacın yerləşdiyi ərazi ümumi istifadədə olan ərazi olmamışdır. Beləliklə, işin müəyyən olunan hallarına əsasən iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac iddiaçının həyətinin daxilində yerləşir, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca hər hansı müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir.

3. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi, sayğaca nəzarət edən cavabdeh təşkilatın səlahiyyətli şəxsin sayğacda aşkar edilmiş hər hansı bir qüsur (ilkin vəziyyətdə bilinməsi mümkündürsə) barədə vaxtında istehlakçıya bildiribbildirməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələlərin qanunauyğun həyata keçirməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir.

4. Abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərlərini müqayisəli təhlilini aparmaq lazımdır. Bu zaman görünür ki, abonentin istifadə etdiyi qaz sərfiyyatının dəyəri mübahisəli sayğac dəyişilməmişdən əvvəl 08/2016-cı ildə “0” manat, 09/2016-cı ildə “0” manat olmuş, mübahisəli sayğac xx.xx.2016-cı ildə yeni sayğac ilə əvəz edildikdən sonra 10/2016-cı ildə 54,70 manat, 11/2016-cı ildə 36,40 manat olmuşdur. Bu o, deməkdir ki, abonent mübahisəli sayğac olan vaxt 08/2016 və 09/2016cı il tarixlərdə 2 ay ərzində 1 qəpik də olsun təbii qazdan istifadə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 3.2 və 3.2.10-cu bəndlərinə əsasən mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmaq istehlakçının vəzifəsidir. Abonentin isə mübahisəli sayğac olan vaxt 08/2016 və 09/2016-cı il tarixlərdə 2 ay müddətində fərdi yaşayış evində yaşamaması barədə işdə sübut yoxdur, nədə ki, onun tərəfindən belə bir mövqe nümayiş etdirilməmişdir. Belə olan vəziyyətdə onun tərəfindən 2 ay müddətində 1 qəpik də olsun təbii qazdan istifadə edilməməsi, mübahisəli sayğac xx.xx.2016-cı ildə yeni sayğac ilə əvəz edildikdən sonra təbii qazın sərfiyyatının dəyərinin birdən-birə 10/2016-cı ildə 54,70 manat, 11/2016-cı ildə 36,40 manat olması yuxarıda qeyd edilənləri bir daha təsdiq edir.

5. İddiaçı 6 ildən artıq bir müddətdə hazırda mübahisələndirilən aktı mübahisələndirməməsini, sonradan belə bir mövqe nümayiş etdirməsini məhkəmə iclasında işin araşdırılması zamanı əsaslanıdıra bilməmişdir. Halbuki, ona iddia ərizəsində qeyd etdiyi kimi hər ay təbii qazın dəyəri ilə bağlı bildiriş verilmişdir.

6. İşin araşdırılması zamanı elektron sistemdə tərəflər arasında başqa məhkəmə işinin olub-olmaması araşdırılmış, müəyyən olunmuşdur ki, məhkəmədə İddiaçı “Azəriqaz” İB-yə qarşı 1) xx.xx.2019-cu il tarixli aktın etibarsız hesab edilməsi; 2) sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış borcun azaldılması barədə hazırki işdən başqa 2 mülki iş də var. Həmin işlərə baxılaraq hüquqi qiymət verilməsədə, tərəflər arasındakı mübahisəli məsələlər onu deməyə əsas verir ki, ya abonent təbii qazın sərfi ilə bağlı qanunvericiliyə düzgün şəkildə riayət etmir, yada cavabdeh təşkilat abonentə əsassız aktlar yazır. Bir sözlər tərəflər arasında münasibətlər düzgün şəkildə deyil.

7. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçının özü tərəfindən edilməməsi ilə razılaşmaq o anlama gələr ki, hər hansı bir şəxs abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, “Azəriqaz” İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. “Azəriqaz” İB-nin isə belə bir öhdəliyi yoxdur. Abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərini müqayisəli təhlilini aparmaq hər şeyi ortaya qoyur. Belə ki, abonent mübahisəli sayğac olan vaxt 08/2016 və 09/2016-cı il tarixlərdə 2 ay müddətində 1 qəpik də olsun təbii qazdan istifadə etməmiş, sayğac xx.xx.2016-cı ildə yeni sayğac ilə əvəz edildikdən sonra təbii qazın sərfiyyatının dəyəri birdən-birə 10/2016-cı ildə 54,70 manat, 11/2016-cı ildə 36,40 manat olmuşdur. Bunun necə baş verməsi isə onun tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “22 noyabr 2016-cı il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 900 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar