Məhkəmə qərarları › İş №2(050)-458/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-458/2023

31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-458/2023 31.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən mərhum əri X1 adına tərtib olunmuş 30 iyun 2020-ci il tarixli, ******* saylı və 20 aprel 2022-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında müvafiq olaraq 2160 kub metr və 4320 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Masallı şəhərində özlərinə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edilmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 08 iyun 2020-ci il tarixdə “Azəriqaz” X3 X5 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacın növbəti Dövlət yoxlaması ilə bağlı akt tərtib edilmiş, sayğac yenisi ilə əvəz olunmaqla dövlət yoxlanılmasına göndərilmişdır. Bundan sonra onun mərhum əri X1 adına sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması əsası ilə 30 iyun 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 30 iyun 2020-ci il tarixli qərar ilə 2160 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə mərhum əri tərəfindən ödənilməsi tələb olunmuşdur. Bundan başqa 30 mart 2020-ci il tarixdə “Azəriqaz” X3 X5 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacın növbəti Dövlət yoxlaması ilə bağlı akt tərtib edilmiş, sayğac yenisi ilə əvəz olunmaqla dövlət yoxlanılmasına göndərilmişdır. Bundan sonra onun mərhum əri X1 adına sayğacın hesablama mexanizminin qoruyucu qapağının (gövdədən aralanması, üst hissəsinin çatlaması) yan tərəfdən əzilməsi və əzik-cızıq izlərinin olması əsası ilə 20 aprel 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 28 aprel 2022-ci il tarixli qərar ilə 4320 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə mərhum əri tərəfindən ödənilməsi tələb olunmuşdur. Lakin əvvəllər də qazdan isifadəyə görə pul ödəmiş, qaz idarəsinin əməkdaşları dəfələrlə sayğaca baxış keçirmişlər. Hər hansı bir problem olmamışdır. Sayğaca isə heç bir müdaxilə edilməmişdir. Bütün bunlar isə onu göstərir ki, heç bir araşdırma aparılmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əri vəfat etmişdir. Mərhum ərinın vəfatından sonra təsərüffatı o, idarə etməklə kommunal xərcləri ödəmişdir. Ötən müddətdə o, sayğaca müdaxilə etməmişdir. Aktın qəbul edilməsindən məlumatı olmamışdır. Aktda ərinin adı formal olaraq qeyd olunmuşdur. Ona görə də iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 08 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, növbəti dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 30 iyun 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması əsası ilə yeni sayğacın dəyəri və ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə X1 adının qarşısında qeyd yoxdur. 30 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, 30 iyun 2020-ci il tarixli ******* saylı akt əsasən 2160 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə X2 tərəfindən ödənilməsi tələb olunmuşdur. 30 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, növbəti dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 20 aprel 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının (gövdədən aralanması, üst hissəsinin çatlaması) yan tərəfdən əzilməsi və əzik-cızıq izlərinin olması əsası ilə yeni sayğacın dəyəri və ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə X1 adının qarşısında qeyd yoxdur. 28 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, 20 aprel 2022-ci il tarixli ******* saylı akt əsasən 4320 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə X2 tərəfindən ödənilməsi tələb olunmuşdur Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06 mart 2021-ci ildə ölmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının mərhum ərinin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın mərhum Şəhri Hüseynovanın adına tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Bundan başqa 30 iyun 2020-ci il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Beləliklə qeyd olunun maddi hüquq normalara və Qaydalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfin hesabladığı ziyana görə təqsirli və qanuna zidd hərəkətlər, səbəbli əlaqə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X3 X5 İdarəsinin mərhum X1 adına tərtib etdiyi 30 iyun 2020-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və 2160 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği, o cümlədən, 20 aprel 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və 4320 kub metr itirilmiş qazın bərpasına görə abonent mərhum X1 adına hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar