Məhkəmə qərarları › İş №2(050)-46/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-46/2024

11.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-46/2024 11.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X9 (sədrlik edən), məhkəmə iclasının katibi X7, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir və mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, xx.xx.2022-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271,2 kv.m olan fərdi yaşayış evini satıcılar olan X6 və Cavabdeh2 (notariusda onların təmsilçiliyini etibarnamələr əsasında X18 həyata keçirmişdir) 31040 (otuz bir min qırx) manata almışdır. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********88-10301 reyestr nömrəli, inventar nömrəsi 4289 olan "Texniki pasport” verilmişdir. Bundan sonra ona həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət kimi çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığorta edilmiş və fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli, BB seriyalı, 660357 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi verilmişdir. Hal-hazırda cavabdehlǝr ona məxsus olan fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, cavabdehlər buna məhəl qoymamışlar, heç bir əsaslı səbəb göstərilmədən, cavbadehlərə edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışlar və əksinə olaraq hal-hazırda da qanunsuz əməllərini davam etdirməklə münaqişə yaradırlar. Cavabdehlər müxtəlif bəhanələrlə evdən çıxmaqdan imtina edirlər. Hətta cavabdehlərin münaqişəsinə görə tərəfindən Masallı rayon Polis Şöbəsinə müraciət edilmişdir. Lakin Masallı rayon X13 Bölməsi tərəfindən "Cinayət işinin başlanmasının rədd edilmasi haqqında" xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göstərilən səbəbdən də onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin həmin evin kommunal xətləri, elektrik, su va qaz xətləri onun adınadır. Lakin cavabdehlərin evdən çıxamaması səbəbindən müəyyən qədər kommunal xərclər yığılmış, lakin həmin xərclər tərəfindən ödənilmişdir. Göründüyü kimi cavabdehlər torpaq sahəsinə və onun üzərində olan evə sərəncam verərək, əmlakı satmaq qərarına gəlmişlər və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpağa və onun üzərində yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlamışlar. Tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satici, ham alıcı bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış və müqavilə notariat orqanında qeydə alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, ona məxsus olan torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir və mülkiyyət hüququ ilə ona məxsusdur, xx.xx.2022-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271,2 kv.m olan fərdi yaşayış evini X6 və Cavabdeh2 31040 manata almışdır. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən "Texniki pasport” verilmişdir. Bundan sonra ona həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəli xüsusi mülkiyyət kimi çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığorta edilmiş və fərdi yaşayış evinə daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi verilmişdir, hazırda cavabdehlǝr ona məxsus olan fərdi yaşayış evində qanunsuz yaşayırlar, cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, cavabdehlər buna məhəl qoymamışlar, ona görə də, iddia tələbi əsaslı olduğundan iddianın təmin edilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evindən çıxarılmalarını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahatında iddia tələbi əsaslı olduğundan iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, mübahisəli evdə anadan olmuşdur, həmin ev ata mülkiyyətidir, qardaşı həmin evi onlardan xəbərsiz satmışdır, həmin evdən çıxmayacaqdır, odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, əri Həsən onların yaşadığı evi və həyəti onlardan xəbərsiz və aldatma yolu ilə iddiaçıya satmışdır, mübahisəli ev onlara məxsusdur və həmin evdən çıxmayacaqdır, ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin evdə qeydiyyatda olan şəxs X8r. 20 aprel 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında 0.06 ha, torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsində aşağıda göstərilən hissəsini alıcının mülkiyyətinə verirlər: X1 Cavabdeh2 0.06 ha torpaq sahəsini və ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evini - Alıcı İddiaçı mülkiyyətinə verirlər. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Calilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6, Cavabdeh2 verilmiş **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evi. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 20.04 2022-ci il tarixli, qeydiyyat nömrəsi **********BQ33502 olan arayışa əsasən müqavilə bağlananadak ünvan 1 ünvanında yerləşən torpaq sahəsi fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcılar daşınmaz əmlakı 31040 manat 40 qəpik (otuz bir min qırx manat qırx qəpik) qiymətinə satdilar. Alıcı isə həmin qiymətə aldı. Alıcı İddiaçı X3, Cavabdeh2 satdığı tam hissəni 0.06 ha torpaq sahəsini və ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evini ondan 31040 manat 40 qəpik (otuz bir min qırx manat qırx qəpik) qiymətinə aldı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı ünvan 1-da xüsusi mülkiyyətində 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 271.2 kv.m olan fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, Cavabdeh1 və İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, tərəflərə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilməsi, qərarın surəti maraqlı tərəfə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, toplanmış material Masallı RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3011/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə araşdırmaları zamanı İddiaçı mülkiyyətində ünvan 1 ünvanında 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 271.2 kv.m olan fərdi yaşayış evinin olması və həmin torpaq sahəsinin və fərdi yşayış evinin cavabdehlərin qanunsuz istifadəsində olması iş materilları ilə müəyyən və sübut olunduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən və onun üzərində yerləşən 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə tərəfindən iddianın zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma hissəsinə münasibətdə iddianın əsaslı olması qənaətinə gəlinir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 271.2 kv.m olan fərdi yaşayış evi hər iki cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi cavabdehlərin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla İddiaçı məxsus ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar