Məhkəmə qərarları › İş №2(050)-479/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-479/2023

21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-479/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 2916 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X2 İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirmişlər və sayağacı çıxarmışlar. Qaz idarəsi sayağacı apardıqdan sonra xx.xx.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsilməsi göstərilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 2916 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. xx.xx.2019-cu il tarixli aktda qeyd olunan sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsilməsi onun günahı ucbatından baş verməmişdir, nə plobmu kəsmiş, nədə sayğaca cavadeh şəxs deyil. Qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Həmin nöqsanlar barədə hər ay sərfiyyat barədə bildiriş verən cavabdeh təşkilatın əməkdaşı ona məlumat verməli idi. Bu sahə nəzarətçisinin birbaşa vəzifəsidir. Qaz sayğacları rayon ərazisində mühafizə olunmayan ərazilərdə yerləşdirilmişdir və onlara istənilən şəxs tərəfindən ziyan vurula və müdaxilə edilə bilər. Belə bir vəziyyətdə qaz sayğacına edilən müdaxiləyə görə istehlakçı məsuliyyət daşımamalıdır. Qaz sayğacının əməkdaşları ayda 2 dəfə qaz sayğacına baxaraq, sərfiyyatı götürürlər. Belə bir vəziyyətdə onlar tərəfindən qaz sayğacına baxarkən hər hansı bir qüsurun olmadığı halda sonradan mübahisələndirilən aktın yazılması əsassızdır. İştirakı olmadan sayğaca baxış keçirilmişdir. Cavabdeh təşkilatın əməkdaşları heç bir çəkiliş aparmadan, şahidlər dəvət etmədən sadəcə fərziyyə ilə belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək, cərimə edilmişdir. Halbuki, şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalı idi. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 560-cı maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 6-cı bəndlərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Lakin teleqram ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasının iştirakı olmadan keçirilərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğaca baxış keçirilmiş, keçirilmiş baxış sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsilməsi müəyyən edilmiş, bununla bağlı 31 yanvar 2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 2916 m3 qaz sərfiyyatı hesablanmışdır. Sayağac iddiaçının həyətinin daxilində yerləşir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Bundan başqa, neçə illər ərzində abonentin aktı mübahisələndirməməsi və birdən-birə belə bir fikirə düşməsi də onun iddiasının əsassızlığını bir daha sübut edir. Sonda Nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 yanvar 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı zavod-qurğuşun plombu kəsildiyi üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələri, o cümlədən istehlakçı İddiaçı imzası ilə təsdiq edilmişdir. 31 yanvar 2019-cu il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb kəsilib. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 31 yanvar 2019-cu il tarixli tələbnamənin “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsilməsi və bu səbəbdən təbii qaz itkisi yaranması göstərilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz işlədicilərindən PQ-4 saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, dəmir soba maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 90 gün, qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Dəymiş ziyana görə 2916 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac xx.xx.2019-cu il tarixdə dəyişdirilərək, smart tipli sayğac qoyulmuş, sayğac dəyişilənədək 21 gün müddətində işlədilmiş təbii qazın sərfiyyatının dəyəri 32,90 manat olmuş, 12/2018-ci ildə 42 manat, 11/2018-ci ildə 35,20 manat olmuş, 09/2022-ci ildə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi üçün 1658,88 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında CD diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətti üzərində quraşdırılmış sayğac mühafizə olunan ərazidə (onun həyətində) yerləşir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.

1. İddiaçının yaşadığı fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsilməsi onun özü tərəfindən də təsdiq edilmişdir. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 yanvar 2019-cu il tarixli, ******* saylı aktda göstərilir ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı zavod-qurğuşun plombu kəsildiyi üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələri, o cümlədən istehlakçı İddiaçı imzası ilə təsdiq edilmişdir.

2. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi sayğacın küçədə yerləşməsi ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, məhkəmə iclasında CD diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın yerləşdiyi ərazi onun həyətidir, həmin ərazidə ağacların, bitkilərin əkilməsi və onlara qulluq edilməsi əraziyə onun faktiki sahiblik etməsini göstərir. Bir sözlə sayğacın yerləşdiyi ərazi ümumi istifadədə olan ərazi olmamışdır. Beləliklə, işin müəyyən olunan hallarına əsasən iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac iddiaçının həyətinin daxilində yerləşir, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca hər hansı müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir.

3. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi, sayğaca nəzarət edən cavabdeh təşkilatın səlahiyyətli şəxsin sayğacda aşkar edilmiş hər hansı bir qüsur (ilkin vəziyyətdə bilinməsi mümkündürsə) barədə vaxtında istehlakçıya bildiribbildirməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələlərin qanunauyğun həyata keçirməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir.

4. İddiaçının 4 ildən artıq bir müddətdə hazırda mübahisələndirilən aktı mübahisələndirməməsi, sonradan belə bir mövqe nümayiş etdirməsi məsələnin bir başqa tərəfidir. Halbuki, ona iddia ərizəsində qeyd etdiyi kimi hər ay təbii qazın dəyəri ilə bağlı bildiriş verilmişdir.

5. İşin araşdırılması zamanı elektron sistemdə tərəflər arasında başqa məhkəmə işinin olub-olmaması araşdırılmış, müəyyən olunmuşdur ki, məhkəmədə hazırki işdən başqa İddiaçı Cavabdeh İB-yə qarşı 1) xx.xx.2016-cı il tarixli aktın etibarsız hesab edilməsi; 2) sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış borcun azaldılması barədə 2 mülki iş də var. Tərəflər arasındakı mübahisəli məsələlər onu deməyə əsas verir ki, ya abonent təbii qazın sərfi ilə bağlı qanunvericiliyə düzgün şəkildə riayət etmir, yada cavabdeh təşkilat abonentə əsassız aktlar yazır. Bir sözlər tərəflər arasında münasibətlər düzgün şəkildə deyil. Nəzərə alınmalıdır ki, abonentin yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac xx.xx.2019-cu il tarixdə dəyişdirilərək, smart tipli sayğac qoyulmuş, hər şey qaydasında olmuş, sonradan iddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyi üçün barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin iş üzrə iddia ərizəsində iddiaçı sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyini təsdiq etmiş, yalnız istifadə müddətini mübahisələndirmişdir (bax. həmin iş üzrə iddia ərizəsi).

6. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçının özü tərəfindən edilməməsi ilə razılaşmaq o anlama gələr ki, hər hansı bir şəxs abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, Cavabdeh İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. Cavabdeh İB-nin isə belə bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh İB-yə qarşı “31 yanvar 2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 2916 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar