Məhkəmə qərarları › İş №2(050)-490/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-490/2023

22.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-490/2023 22.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X1 X6 İdarəsinin əməkdaşlarının tərtib etdikləri 26 dekabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8640 kub metr qaz sərfıyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşadığı Masallı şəhəri, M.F.Axundov küçəsində yerləşən evin qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdikləri qaz sərfıyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Ötən ilin dekabr ayının 4-də ona nəzarətçi tərəfindən qaz sərfiyyatı ilə bağlı bildiriş verilmişdir. Səhəri günü uşağının xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərinə gedib, orada 2 gün qaldıqdan sonra qayıtdıqda, qaz saycağının zədələnməsini görüb dərhal bu barədə Qaz İstismar İdarəsinə məlumat vermişdir. Həmin idarənin əməkdaşları dekabr ayının 8-də sayğacı yenisi ilə əvəz edib, bu barədə akt tərtib etmişlər. Sonradan isə məlum olmuşdur ki, qaz sərfıyyatı ilə bağlı ona əsassız borc hesablanmışdır. Lakin bununla bağlı ona heç bir sənəd verilməmişdir. X3 ASAN Xidmət Mərkəzindən müvafiq sənədləri götürərkən məlum olmuşdur ki, qaz sayğacının hesablama mexanizminin qapağının alt hissədən deşilməsi ilə əlaqədar olaraq 26 dekabr 2022-ci il tarixdə akt yazılmış və 28 dekabr 2022-ci il tarixdə ona 8640 kub.metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilməmişdir. Bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti ona göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı Regional «Asan Xidmət» Mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir. Qanunvericiliyin tələbinə əsasən qaz sayğacı kənar təsirlərdən mühafizə olunmalıdır. Lakin onun evinə gələn qazla bağlı sayğac cavabdehin tabeliyində olan qurumların əməkdaşları tərəfindən düzgün qurulmamış və qaz paylayıcı tərəfindən müvafiq örtüklə örtülməmişdir. Bu isə sayğac quraşdırılarkən onun kənar təsirlərdən qorunması imkanlarının nəzərə alınmamasını göstərir ki, bu da onun təqsiri deyildir və buna görə məsuliyyət daşıya bilməz. Bundan başqa aktda sayğacın dəyişdirilməsi göstərilməmiş və mübahisəli tələbnamədə əvvəlki 3 aylıq dövr üçün mümkün maksimal qaz sərfi hesablanmışdır. Halbuki hər ay qaz nəzarətçisi sayğacı yoxlayaraq bildiriş vermiş və sayğacda hər hansı bir qüsur aşkar etməmişdir. Nəzarətçinin bildirişər verilən tarixlərdə bununla bağlı hər hansı aktının olmaması, onun verdiyi bildirişlərdə bu barədə qeydiyyatın olmaması və ondan həmin bildirişlərə uyğun ödənişlərin tələb və qəbul edilməsi bir daha göstərir ki, cavabdeh təşkilatın son 3 aylıq dövr üçün qaz sərfiyyatını ehtimallara görə real vəziyyətdən bir neçə dəfə çox hesablanması əsassızdır. Odur ki, aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən işdə olan ididanın təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilmiş sənədləri tədqiq etmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” X1 X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Masallı şəhəri H.Əlibalayev küçəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” X1 X4 İdarəsinin Masallı XS tərəfindən təsdiq edilmiş 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı şəhəri H.Əlibalayev küçəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin sayğacının hesablama mexanizminin qapağının alt hissədən deşici alətlə deşilməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı şəhəri H.Əlibalayev küçəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. İşə əlavə edilmiş medallardan görünür ki, İddiaçı “Vətən müharibəsi iştirkçısı” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən müharibəsində fəal iştirak etdiyinə görə” Fəxri Fərmanla təltif edilməklə müharibə iştirakçısıdır. Məhkəmə iddiaçını və onun vəkilinin izahatılarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, hərtərəfli və tam baxaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da “Azəriqaz” İstehsalat Birliyi qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən, o cümlədən cvabdeh tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir.Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır.Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 90 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də, qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməklə “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 8640 kub/metr qaz sərfiyyatına əsasən ziyan və ona əsasən hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış ziyan kimi 8640 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar