Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-526/2023 28.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və Lənkəran X2 İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə və Lənkəran X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Şərəfə kəndində yaşadığı evə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğac Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022 ci il tarixdə ******* saylı akt yazılaraq sayğac yenisi ilə əvəz edilmiş, aktda sayğacda heç bir qüsur aşkarlanmadan dəyişdirilməsi qeyd edilmiş, bir müddət sonra verilən bildirişdə 8640 m3 qaz sərfiyyatına görə cərimə olunduğu bildirilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzinə müraciət edərək, xx.xx.2022 ci il tarixdə yazılan ******* nömrəli aktı almış və məhkəməyə müraciət etmişdir. Həyətindən kənarda quraşdırılan qaz sayğacı xususi trosla plomblanmışdır, sayğaca müdaxilə mümkün deyil. Heç bir ekspertiza təyin edilmədən və ekspert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt əsasında cərimə edilmişdir. Halbuki, qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekspertiza keçirilməli və ekspert rəyi alındıqdan sonra həmin rəyin bir nüxsəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakları ilə və müvafiq qaydada çəkiliş aparılmaqla akt tərtib olunmalıdır ki, cavabdeh bu qaydalara əməl etməməklə qanunsuz akt tərtib etmişdir. Bütün bunlar isə onu göstərir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara xidmət etmək üçün tərtib olunmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 560-cı maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 5.5, 4.5, 4.7, 4.8, 6-cı bəndlərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə istinad etmişdir. Cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinin və Lənkəran X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, sayağac dəyişdirilərkən həyat yoldaşı evdə olub. xx.xx.2022-ci il tarixli, ******* saylı aktdakı imza yoldaşına məxsusdur. Qaz İdarəsi sayğacı apardıqdan sonra onun iştirakı olmadan 30 oktyabr 2022ci il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi “sayağacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Qaz keçir, qeydə almır.” cümləsi yazılmışdır. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Fərdi yaşayış evində daimi yaşayış olub. Mübahisəli sayğac həyətin iç tərəfindən darvazaya vurulub. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. 14 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğacın hesablama müxanizminin üst qapağı yandan əzildiyi üçün yenisi ilə əvəz olunmuşdur. Bundan sonra yoxlama nəticəsində müəyyən edilmişdir ki, sayağacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Qaz keçir, qeydə almır. Sayağacın membranını hərəkətə gətitən qollar kənar təsir nəticəsində sınıb. Bununla bağlı 30 oktyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Sayağac iddiaçının həyətinin daxilində yerləşir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 oktyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Masallı rayonu, Şərəfə kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Aktın “Digər qeydlər” adlanan hissəsində göstərilir ki, “sayağacın hesablama mexanizminin üst qapağı yandan əzilib .” Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələri, o cümlədən istehlakçının nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. 30 oktyabr 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayağacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Qaz keçir, qeydə almır. “Azəriqaz” X1 X2 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində, sayğaca baxış keçirildi, sayağacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayağacın membranını hərəkətə gətitən qollar kənar təsir nəticəsində sınıb. Sayğac istismra yararsızdır. (Qaz itkisi, müdaxilə) göstərilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Dəymiş ziyana görə 8640 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, qaz sərfiyyatının dəyəri 10/2021-ci ildə 4,20 manat, 01/2021-ci ildə 34,90 manat, 02/2021-ci ildə 27,60 manat, 12/2021-ci ildə 14,80 manat, 10/2022-ci ildə 13,40 manat, 11/2022-ci ildə 38 manat, 12/2022-ci ildə 92,20 manat olmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.
1. İddiaçının yaşadığı fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayağacın hesablama mexanizminin üst qapağının yandan əzilməsi onun tərəfindən də təsdiq edilmişdir. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 oktyabr 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Aktın “Digər qeydlər” adlanan hissəsində göstərilir ki, “sayağacın hesablama mexanizminin üst qapağı yandan əzilib .” Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələri, o cümlədən istehlakçının nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.
2. Mübahisəli sayğac iddiaçının həyətinin daxilində yerləşir. Bunu iddiaçının, həmçinin cavabdehin nümayəndəsinin məhkəmə hazırlıq iclasında verdiyi izahatları təsdiq edir. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisəli sayğac həyətin iç tərəfindən darvazaya vurulub. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca hər hansı müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir.
3. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi, sayğaca nəzarət edən cavabdeh təşkilatın səlahiyyətli şəxsin sayğacda aşkar edilmiş hər hansı bir qüsur (ilkin vəziyyətdə bilinməsi mümkündürsə) barədə vaxtında istehlakçıya bildiribbildirməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələlərin qanunauyğun həyata keçirməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur və s.) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir.
4. Abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərlərini müqayisəli təhlilini aparmaq lazımdır. Bu zaman görünür ki, abonentin istifadə etdiyi qaz sərfiyyatının dəyəri mübahisəli sayğacın dəyişildiyi ay ilə əvvəlki ilin həmin ayı üçün olan sərfiyyat arasında kəskin fərq var. Məsələn, abonentin saldosundan görünür ki, qaz sərfiyyatının dəyəri 10/2021-ci ildə 4,20 manat, mübahisəli sayğac dəyişdikdən sonra ondan 3 dəfədən çox 10/2022-ci ildə 13,40 manat olmuşdur. Bundan başqa, qaz sərfiyyatı 01/2021-ci ildə 34,90 manat, 02/2021-ci ildə 27,60 manat, 12/2021-ci ildə 14,80 manat olduğu halda mübahisəli sayğac dəyişdikdən sonra 10/2022-ci ildə 13,40 manat, 11/2022-ci ildə 38 manat, 12/2022-ci ildə 92,20 manat olmuşdur. Halbuki, ölkə ərazisində iqlim norması dekabr ayı ilə müqayisədə yanvar və fevral aylarında daha soyuq olur. Abonent mübahisəli sayğac dəyişdikdən sonra nisbətən isti aylarda köhnə sayğac olduğu dövrlərlə müqayisədə soyuq aylara nisbətən daha çox təbii qaz istifadə edir. Bütün bunlar isə mübahisəli sayğac dəyişdikdən sonra baş verir. Abonentin saldosunun müqayisəli təhlili yuxarıda qeyd edilənləri bir daha təsdiq edir.
5. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçı tərəfindən edilməməsi ilə razılaşmaq o anlama gələr ki, hər hansı bir şəxs iddiaçının həyətinin daxilində yerləşən abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, “Azəriqaz” İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. “Azəriqaz” İB-nin isə belə bir öhdəliyi yoxdur. Abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərini müqayisəli təhlilini aparmaq hər şeyi ortaya qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və Lənkəran X2 İdarəsinə qarşı “30 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ceyhun Quliyev