Məhkəmə qərarları › İş №2(050)-526/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-526/2025

01.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-526/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: O, xx.xx.1977-ci ildə Masallı rayonunda anadan olmuş və hazırda Masallı rayon Öncəqala kəndində qeydiyyatda olmaqla yaşayır. Oğlu X11 anadangəlmə ağır dərəcəli kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Ona xəstəliyi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. Bir neçə ölkədə müalicələr olunsa da xəstəlikləri daha da artmışdır. Oğlu hazırda onunla birlikdə yaşayır və tam fəaliyyət qabiliyyətsizdir. Öz hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin nəticəsini dərk etmir. O, fəaliyyət qabiliyyətsiz hesab edilərsə, dövlət tərəfindən onun üçün müəyyən edilmiş imtiyazlara malik olacaqdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: xx.xx.2002-ci il tarixdə Masallı rayonunda anadan olmuş oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girmiş, bu barədə 19 №-li akt qeydi tərtib edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. X3, anası X2r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X6 barəsində ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 06 mart 2025-ci il tarixli, 729 saylı rəyindən görünür ki, X7 «F73.1 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları» müəyyən edilir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinin tələbinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə 02 fevral 2002-ci ildə anadan olmuş X6 məhkəmə iclasında iştirakını zəruri hesab etməmişdir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, ərizə təmin edilməli, xx.xx.2002-ci ildə anadan olmuş X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə anadan olmuş X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar