Məhkəmə qərarları › İş №2(050)-543/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-543/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-543/2023 07.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 dekabr 2022-ci il tarixə 1056.03 manat əsas borcun, 541.98 manat mükafat və həmin günə hüsablanmış 156.54 dəbbə pulu, cəmi 1754.55 manat borc və 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. “Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19% hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 400.26 manat, ümumilikdə isə 12008 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12008 manatın 9500 manatı əsas məbləğ təşkil edir. “Daxili Lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 21 dekabr 2022-ci il tarixə ümumilikdə 1754.55 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC-nin direktoru Rüfət İsmayılov məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 30 ay müddətli, illik 19% olmaqla 9500 manat məbləğinə Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 4811 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 16 iyun 2022-ci il tarixli MAS- 5339 saylı “Daxili Lizinq” müqaviləsi üzrə təşkilata 1056.03 manat əsas borcu, 541.98 manat mükafat və həmin günə hüsablanmış 156.54 dəbbə pulu, cəmi 1754.55 manat məbləğində borcu vardır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Daxili lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyinin və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə ilə Lizinq müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.4).Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1-748- 2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq lizinq ödənişlərini müəyyən olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu qismən yerinə yetirmişdir. Buna görə də tərəflər arasında bağlanmış lizinq müqavilələri ləğv edilməli, ödəniş cədvəlinə uyğun ödənilməmiş lizinq ödənişləri cavabdehdən iddiaçının xeyrinə tutulmalı və qanunvericiliyin tələbinə əsasən lizinq obyekti iddiaçıya qaytarmalıdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1056.03 manat əsas borcun, 541.98 manat mükafat və həmin günə hüsablanmış 156.54 dəbbə pulu, cəmi 1754.55 manat borc və 100.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar