Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-550/2023 02.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və Lənkəran X6 İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İB-yə və Lənkəran X6 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran X6 İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz sayağacına baxış keçirmişlər və sayağacı növbədənkənar dövlət yoxlanması adı ilə çıxarmışlar. Qaz idarəsi sayağacı apardıqdan sonra xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” göstərilmişdir. xx.xx.2022-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixli aktda qeyd olunan sayğacın hesablama mexanizminin plastmas qapağının alt hisəsi deşici alətlə deşilməsi onun günahı ucbatından baş verməmişdir, sayğacın plombu üstündə olub, sayğaca nəzarəti qaz idarəsi etməlidir. Qaz sayğacları rayon ərazisində mühafizə olunmayan ərazilərdə yerləşdirilmişdir və onlara istənilən şəxs tərəfindən ziyan vurula və müdaxilə edilə bilər. Belə bir vəziyyətdə qaz sayğacına edilən müdaxiləyə görə istehlakçı məsuliyyət daşımamalıdır. Qaz sayğacının əməkdaşları hər ay qaz sayğacına baxaraq, sərfiyyatı götürürlər. Belə bir vəziyyətdə onlar tərəfindən qaz sayğacına baxarkən hər hansı bir qüsurun olmadığı halda sonradan mübahisələndirilən aktın yazılması əsassızdır. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunun uyğun izahat verərək, həmçinin bildirdi ki, Masallı rayonu, Qəriblər ərazisinin İsi kəndində fərdi yaşayış evini X1 almışdır. Fərdi yaşayış evində 2022-ci ilin may ayına kimi yaşayış olmamışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğaca baxış keçirilmiş, keçirilmiş baxış sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində deşici alətlə deşilməsi müəyyən edilmiş, müdaxilə qaz itkisi ilə nəticələnmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda texniki səhv nəticəsində sayğacın həyətdən kənarda yerləşdiyi göstərilmişdir. Əslində sayağac iddiaçının həyətinin daxilində yerləşir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evində sayağcdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixdə də akt yazılmışdır. Həmin akta əsasən yazılmış borc və digər borclar, cəmi 1776,9 manat borc xx.xx.2022-ci il tarixli razılaşma protokolu ilə iddiaçı tərəfindən təsdiq edilərək, ödənilməsi barədə öhdəlik götürülmüşdür. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X3 aid qaz sayğacı növbəti dövlət yoxlanması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Aktın “Digər qeydlər” adlanan hissəsindən göstərilir ki, sayğacda deşik aşkarlanmışdır. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçının nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hisəsi deşici alətlə deşilib. “Azəriqaz” X2 X6 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş xx.xx.2022ci il tarixli tələbnamənin “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi göstərilmiş, müdaxilə qaz itkisi kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 13 noyabr 2022-ci il tarixli, reyestrdə 8İ-19774 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, X4 “Azəriqaz İB”-də adında olan **********003330 saylı abonent kodunun İddiaçı adına keçirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli razılaşdırma protokolundan görünür ki, istehlakçı İddiaçı 1776,9 manat borcun olmasını təsdiq etmiş və borcun karta hər ödəmədə 50 % hissə-hissə tutularaq ödənilməsi ilə razılaşmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd ərazi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 58 saylı arayışda göstərilir ki, İddiaçı Masallı rayonu, Qəriblər ərazisinin İsi kəndində özünə məxsus 0,06 ha torpaq sahəsində 2011-ci ildə tikilmiş 3 mərtəbəli fərdi yaşayış evi vardır. Fərdi yaşayış evində 2022-ci ilin may ayına kimi yaşayış olmamış və kənar şəxslər yaşamamışlar. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli sayğacın vaxtı ilə yerləşdiyi ərazidə olmuş və görüntülər qeydə alınaraq, iş materiallarına əlavə edilmişdir (bax. CD). Müəyyən edilmişdir ki, mübahisəli sayğac istehlakçıya aid fərdi yaşayış evinin divarına vurulmuş və üzəri dəmir örtüklə örtülü vəziyyətdə olmuşdur. Fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir darvazadan daxil olunur. Fərdi yaşayış evinin həyətyanı sahəsi hər bir tərəfdən bağlıdır, yalnız bir tərəfdən (göl tərəfdən) açıqdır və açıq olan ərazi ilə istehlakçının həyətyanı sahəsi arasında ümumi istifadədə olan hər hansı bir yol yoxdur. Abonentin saldosundan görünür ki, istehlakçının sərfiyyatı 05/2021-ci ildə 0,20 manat, 06/2021-ci ildə 0,90 manat, 07/2021-ci ildə 0,30 manat, 08/2021-ci il tarixdə sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə nəticəsində yazılmış akta əsasən 1581,10 manat, 08/2022, 09/2022 və 10/2022-ci ildə 3 ayda “0” manat, sayğac yeni sayğac ilə əvəz edilən ay 11/2022-ci ildə 66,60 manat olmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.
1. Fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan mübahisəli sayğacda deşiyin aşkar edilməsi istehlakçının nümayəndəsi tərəfindən də təsdiqlənmişdir. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X3 aid qaz sayğacı növbəti dövlət yoxlanması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Aktın “Digər qeydlər” adlanan hissəsindən göstərilir ki, sayğacda deşik aşkarlanmışdır. Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçının nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.
2. İddiaçının iddia ərizəsində göstərdiyi sayğacın mühafizə olunmayan ərazidə yerləşməsi ilə bağlı mövqeyinə münasibətdə bildirilir ki, məhkəmə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli sayğacın vaxtı ilə yerləşdiyi ərazidə olmuş və görüntülər qeydə alınaraq, iş materiallarına əlavə edilmişdir (bax. CD). Müəyyən edilmişdir ki, mübahisəli sayğac istehlakçıya aid fərdi yaşayış evinin divarına vurulmuş və üzəri dəmir örtüklə örtülü vəziyyətdə olmuşdur. Fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir darvazadan daxil olunur. Fərdi yaşayış evinin həyətyanı sahəsi hər bir tərəfdən bağlıdır, yalnız bir tərəfdən (göl tərəfdən) açıqdır və açıq olan ərazi ilə istehlakçının həyətyanı sahəsi arasında ümumi istifadədə olan hər hansı bir yol yoxdur. Bir sözlə sayğacın yerləşdiyi ərazi ümumi istifadədə olan ərazi olmamışdır. Beləliklə, işin müəyyən olunan hallarına əsasən fərdi yaşayış evini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac iddiaçının həyətinin daxilində yerləşir, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca hər hansı müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir.
3. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi, sayğaca nəzarət edən cavabdeh təşkilatın səlahiyyətli şəxsin sayğacda aşkar edilmiş hər hansı bir qüsur (ilkin vəziyyətdə bilinməsi mümkündürsə) barədə vaxtında istehlakçıya bildiribbildirməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələlərin qanunauyğun həyata keçirməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir.
4. Abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərlərini müqayisəli təhlilini aparmaq lazımdır. Bu zaman görünür ki, istehlakçının sərfiyyatı 05/2021-ci ildə 0,20 manat, 06/2021-ci ildə 0,90 manat, 07/2021-ci ildə 0,30 manat olmuş, 08/2021-ci il tarixdə sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə nəticəsində yazılmış akta əsasən 1581,10 manat, 08/2022, 09/2022 və 10/2022-ci ildə 3 ayda “0” manat, mübahisəli sayğac yeni sayğac ilə əvəz edilən ay isə 11/2022-ci ildə 66,60 manat olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli razılaşdırma protokolu ilə təbii qazdan istifadəyə görə borcun 1776,9 manat olmasını təsdiq etmişdir. Hansı ki, həmin borcun içərisində sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə nəticəsində yazılmış akta əsasən hesablanmış 1581,10 manat məbləğində borc da var. Normal vəziyyətdə sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edilməsi qəbul edilməsəydi, xx.xx.2022-ci il tarixli razılaşdırma protokolu təsdiqlənməzdi. Abonentin saldosunun müqayisəli təhlili yuxarıda qeyd edilənləri bir daha təsdiq edir.
5. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd ərazi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 58 saylı arayışda fərdi yaşayış evində 2022-ci ilin may ayına kimi yaşayışın olmamasının göstərilməsi işə mahiyyəti üzrə təsir etmir. Belə ki, akta əsasən hesablanmış borc 90 gün üçün hesablanmışdır. İstehlakçının sərfiyyatı 08/2022, 09/2022 və 10/2022-ci ildə 3 ayda “0” manat, mübahisəli sayğac yeni sayğac ilə əvəz edilən payız ayında isə 11/2022-ci ildə 66,60 manat olmuşdur. Bu isə məsələnin əhəmiyyət kəsb edən başqa bir halıdır.
6. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçının özü tərəfindən edilməməsi ilə razılaşmaq o anlama gələr ki, hər hansı bir şəxs abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, “Azəriqaz” İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. “Azəriqaz” İB-nin isə belə bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və Lənkəran X6 İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ceyhun Quliyev