Məhkəmə qərarları › İş №2(050)-555/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-555/2024

01.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-555/2024 01.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2021-ci il tarixli, ******* saylı və 31 avqust 2022-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış 1252.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır, özünə məxsus fərdi yaşayış evi vardır, ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edir. Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin işçiləri evinin qaz xətti üzərində quraşdırılmış qaz sayğaclarına 2021-ci və 2022ci ildə baxış keçirmişdilər. Guya evinin qaz sayğacının hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzik-cızıq izləri olduğuna görə ******* və sayğacın gövdəsi deformasiyaya uğradığına görə ******* saylı aktlar tərtib etmişlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun, “Qazdan istifadə qaydaları” nın tələblərinə əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* və xx.xx.2022- ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və onların əsasında hesablanmış 2160 m3 və 8640 m3 qaz, yəni 216,0 manat və 1036,80 manat cərimə məbləğlərinin ondan tələb edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2 bəndində bildirilir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır, dəyişdirilir. Həmin “Qaydalar”ın 4.8 bəndinə əsasən fiziki şəxs olan istehlakçıların (məişət qaz qurğularının istifadəsi) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz sayğacları kənd ərazisində, o cümlədən evimə gedən qaz xəttinin üzərində qaz sayğacı küçədə quraşdırılmışdır, üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayğacının həyətdə yox, evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutusu qurulmadığından qaz sayğacına ediləcək müdaxiləyə abonent məsuliyyət daşımamalıdır. Deməli, fiziki şəxs olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o, cavabdeh deyil. Ona görə də müdaxilə ilə bağlı tərtib edilmiş aktlar qanunsuz və əsassız hesab edilməlidir. Həmin “Qaydalar” ın 4.9 bəndində qeyd olunur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, dəyişdirilməsi və quraşdırılması bu Qaydaların 4.2 bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylaytcısı tərəfindən həyata keçirilir. Əgər qaz sayğacı onun tərəfindən zədələnibsə, onda bu təqsirin hüquqi əsası göstərilməli və ona sübut edilməlidir. Belə sübut isə yoxdur. Ona görə də müdaxilə ilə bağlı tərtib edilmiş aktlar qanunsuz və əsassız hesab edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 30 sentyabr 2021-ci il tarixli, ******* saylı aktda göstərilir ki, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.” Sayğac həyət daxilində yerləşir. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 sentyabr 2021-ci il tarixli hesabatda göstərilir ki, sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Hesabtda qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 kub/metr itirilmiş qaz hesablanmışdır. 31 avqust 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, “sayğacın gövdəsi üst hissədən deformasiyaya uğrayıb, sayğacın qoruyucu örtüyü əsas çap vərəqəsi, element, LCD ekran sayğacın üzərində aşkar olunmadı.” Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 avqust 2022-ci il tarixli hesabatda göstərilir ki, sayğaca baxış keçirildi, sayğacın gövdəsi üst hissədən deformasiyaya uğrayıb, sayğacın qoruyucu örtüyü əsas çap vərəqəsi, element, LCD ekran sayğacın üzərində aşkar olunmadı. Hesabtda qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 30 sentyabr 2021-ci il tarixli, ******* saylı və 31 avqust 2022-ci il tarixli, ******* saylı aktlar etibarsız hesab edilməli və həmin aktlara əsasən hesablanmış 10800 (2160+8640) m3 qaz sərfiyyatına görə 1252.80 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 30 sentyabr 2021-ci il tarixli, ******* saylı və 31 avqust 2022-ci il tarixli, ******* saylı aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən hesablanmış 10800 (2160+8640) m3 qaz sərfiyyatına görə 1252.80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar