Məhkəmə qərarları › İş №2(050)-559/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-559/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-559/2025 18.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahi İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021ci il tarixli, R1236671 saylı aktın etibarsız hesab olunması və əsassız hesablanmış 599 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək aktın etibarsız hesab edilməsi deyil, akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və o, hər ay istifadəyə görə pulu ödəmiş, ödəniş qəbzləri vardır və abonentin saldosunda ödənişlər təsdiqini tapır. O, əgər elektrik enerjisindən sayğacdan kənar istifadə edirdisə, o zaman hər ay pul ödəməzdi. Abonentin saldosundanda görünür ki, o, hər ay işığa görə 22,18,31,21 və s olmaqla müxtəlif məbləğlərdə pul ödəmişdir. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları akt tərtib etmişlər və həmin akta əsasən ona 599 manat cərimə hesablanmışdır. Bununla bağlı R1236671 saylı akt tərtib olunmuş və hazırda ondan 599 manat əsassız borc tələb olunur. O, sözügedən aktla razı deyil və qanunsuz olmasını hesab edir, belə ki, onun aktdan və cərimədən hazırkı vaxtadək xəbəri olmamışdır. Hazırda xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun barəsində akt tərtib etmişlər və 599 manat dəymiş ziyan hesablanmışdır. O, 2021-ci ildə smart kart vasitəsi ilə elektrik enerjisindən istifadə etmiş, 2021-ci ilin saldosuna baxdıqda görünür ki, hər ay enerjinin dəyərini ödəyərək istifadə etmişdir. Onun evində ay ərzində heç 40 manat işıqdan istifadə olunmur, qaldıki bir günə 599 manat enerji istifadə olunması mümkün deyildir. 2021-ci ildə evdəki elektrik cərəyanında problem olduğu üçün həmin zaman qəzabərpa xidmətinə müraciət etmiş və həmin idarənin əməkdaşları ona səhərədək əlavə işıqdan istifadə etməyi, səhəri işığı düzəldəcəklərini bildirmişlər. O, da cəmi 1 gecə səhərədək kənar elektrik enerjisindən istifadə etmiş, onun həmin xidmətə zəngi yəqinki "xxxx"ASC-nin daxil olan məlumatlar kitabında saxlanılmışdır, həmin kitaba baxılsa onun müraciəti görüləcəkdir. Onun dəqiq tarixi yadında qalmayıb, yəqinki, akt tərtib olunan günə yaxın vaxt olmuşdur. Səhəri gün əməkdaşlar gələrək işığı bərpa etmişlər və yenidən kartla ödənişini etmişdir. O, qanunsuz olaraq xəttə müdaxilə etməmişdir, cəmi bir gecə kənar xəttdən istifadə etmiş, ona görə də 599 manat cərimə hesablanması mümkün deyildir. Bir günə heç evdəki bütün avadanlıqlar işləsə belə 5 manatdan artıq pul yaza bilməz, aya heç 30 manat elektrik enerjisi istifadə etmir, qaldı ki, 1 gecə üçün 599 manat sərfiyyat hesablanması real deyildir və istifadə qaydalarınada uyğun hesablanmamışdır. Onun cavabdeh təşkilata müraciəti gecə olmuş və səhər qəza xidməti gəlib bərpa etmişdir, həmin idarənin özündə hamısı qeydiyyat aparılmışdır. O, elektrik enerjisindən smart kart vasitəsi ilə istifadə etmiş və hər ay pulu vurub işığı istifadə etmişdir, aylıq ödənişlərə baxdıqda görünür ki, hər ay stabil ödəniş olunmuşdur, əgər o, müdaxilə etsəydi, aylıq ödəniş 0 manat olardı və hər ay pul ödəməzdi. Həmçinin, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, foto yə ya video çəkiliş aparılmamışdır. Lakin "xxxx" ASC-nin əməkdaşları qanunsuz olaraq sözügedən aktı tərtib etmişlər. Aktda onun imzası da yoxdur, sayğaca baxış keçirən zaman onun iştirakı mütləq təmin olunmalıdır. Lakin onun aktdan xəbəri olmamışdır. Onun aktdan yalnız 2024-cü ildə məlumatı olmuşdur. Həmçinin, ümumiyyətlə "xxxx" ASC-nin əməkdaşlarının istehlakçı barəsində qərar qəbul etmək səlahiyəti yoxdur, həmin səlahiyyət Energetika Nazirliyinə məxsusdur, lakin cavabdeh orqan vəzifəsini düzgün icra etməmiş və qanunsuz akt tərtib olunmuşdur. Odur ki, həmin aktın etibarsız hesab olunması və borcun silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, elektrik xəttindən istifadə etməsi barədə idarəyə məlumat vermişdir. Cəmi 3 gün qanunsuz qoşulmaqla elektrik enerjisindən istifadə etmişdir. Lakin, ona 40 gün hesabat aparılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına sənədləşdirilmiş hesablaşma sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent sayğacın alt qapaq möhürünü açıb birbaşa qoşulub. Bununla bağlı xx.xx.2021-ci il tarixli, R1236671 saylı akt tərtib edilmiş və akta əsasən 601.98 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Bundan başqa, sayğacın iddiaçının atasının adına olduğunu, bu səbəbdən onun məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun yaranmaması, eyni zamanda iddia müddətinin tətbiq olunması barədə ərizəsinə hüquqi qiymət verilərək iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 08 sentyabr 2021-ci il tarixli, R1236671 saylı aktda göstərilir ki, Masallı şəhərində yaşayan abonent kodu **********02872 olan istehlakçı Səmədağa Hüseynova məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent sayğacın alt qapaq möhürünü açıb birbaşa qoşulub. Sayğacın sıxacları əriyib. Naqilin en kəsiyinin ölçüsü 6 mm olmaqla iki damarlı alminium naqildir. Hesabatdan görünür ki, 08 sentyabr 2021-ci il tarixli, R1236671 saylı akta əsasən 40 gün üçün 601.98 manat əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, 08 sentyabr 2021-ci il tarixli, R1236671 saylı akt yazılmamışdan əvvəl istehlakçı İddiaçı verilən elektrik sərfiyyatını qeydə alan sayğac sonuncu dəfə xx.xx.2021-ci il tarixdə oxunmuş enerji sərfiyyatına görə 8.68 manat borc hesablanmış, bundan sonra xx.xx.2021-ci il tarixdə sayğaca baxış keçirilərkən qanunsuz qoşulma halı aşkar edildiyindən akt tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə sayğac smart tipli sayğacla əvəz edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2021-ci il tarixdə hesabat aparılaraq 601.98 manat cərimə hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 24 iyul 2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, 08 sentyabr 2021-ci il tarixdə Masallı rayonu, Qarabağ küçəsi ev 4-də yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış hesablaşma sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonent sayğaca qanunsuz qoşulmaqla elektrik enerjisindən istifadə edir, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 601.98 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı da sayğaca qanunsuz olaraq qoşulduğunu etiraf edir, lakin hesabatın aparıldığı 40 müddətində deyil, 3 gün müddətində elektrik enerjisindən qanunsuz istifadə etdiyini bildirmişdir. O bunu məcburiyyətdən etdiyini, şirkətin nümayəndələri vaxtında onun sayğacında olan problemi aradan qaldırmadıqlarından məcbur qalaraq evi enerji ilə təmin etməkj üçün qanunsuz qoşulmuşdur. Buna görə də akta əsasən hesablanmış borcun tamamilə silinməsini tələb edir. Göründüyü kimi, tərtib edilmiş aktda göstərilən pozuntular iddiaçı tərəfindən də etiraf edildiyindən həmin aktı akt tərtib edildiyi zaman mübahisələndirməməsi onu göstərir ki, həmin akt qanuni olmuş, həmçinin istehlakçı aktı imzalamadığından qaydalara uyğun olaraq iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı aktda göstərilən pozuntulara yol verdiyini qəbul etidiyindən həmin aktın birmənalı olaraq qanuni olaraq tərtib edildiyi və aktda göstərilən halların reallığı əks etdirməsi qənaətinə gəlmək olar. Mübahisənin həllinə məhz bu kondekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş akt qanunsuz qoşulma ilə bağlı aparılmış qeydlər mübahisələndirilmədiyindən və həmin aktın qüvvədə olması nəzərə alınmaqla akt əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir. İddiaçının evindəki kənar xətdən axan yükün 8,36 kvt təşkil etdiyi aşkarlanmış, hesabat dövrü 40 gün nəzərə alınmaqla müvafiq hesablama aparılmışdır; halbuki, sayğaca qanunsuz qoşulmanın məhz aktın tərtib olunmasından 40 gün əvvəldən mövcud olduğu sübuta yetirilməməklə yanaşı, inandırıcı da deyildir. Çünki həm “Elektrik enerjisindən istifadə Qaydaları”na, həm də bilinən işgüzar praktikaya görə elektrik enerjisi təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməlidir. Bu isə o deməkdir ki, əgər iddiaçı qanunsuz qoşulmuşdursa, bu hal sayğaca baxış keçirən nəzarətçi tərəfindən həmin baxış zamanı aşkar edilməlidir. İddiaçıya aid olan və iş materiallarına əlavə edilmiş “abunə haqqında” sənəddən aydın olur ki, iddiaçının evinə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmış, bundan sonra hər ay sayğacın göstəricisi oxunmuş və göstəricilərə uyğun ödəniş həyata keçirilmiş, xx.xx.2021-ci il tarixli akt tərtib edilməmişdən 30 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə sayğacın göstəricisi 4976 kvts olaraq çıxarılmışdır (oxunmuşdur). Bu mənada məhkəmə hesab edir ki, iddiaçının yalnız 30 gün müddətində sayğacdan kənar xətdən istifadə etdiyi qənaətinə gəlinə bilər və məhz bu dövr üçün enerji itkisinin hesablanması daha ağlabatandır. Başqa sözlə, əgər kənar xəttin hansı tarixdən çəkildiyini müəyyənləşdirmək mümkün deyildirsə, bu halda istehlakçıdan yalnız, müvafiq pozuntunun aşkar edildiyi bildirilən tarixdən sayğaca baxış keçirilən əvvəlki tarix intervalında olan dövr üçün ödəniş tələb oluna bilər. Göstərilənlərə əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, xx.xx.2021-ci il tarixli akt əsasında iddiaçıya hesablanmalı olan əlavə sərfiyyat 4213,44 kvts (8,36 kvt x 0,7 x 24 saat x 30 gün) təşkil edə bilər və bu sərfiyyatın dəyəri 200 kvts münasibətdə (200x0.07) 18 manat, limitdən artıq sərfiyyata görə (4013.44 kvts x0.11) 441.5 manat olmaqla, ümumilikdə 459.5 manat müəyyən edilir. İddiaçı ona akt əsasında hesablanmış 601.98 manat məbləğin silinməsini tələb etdiyindən əlavə sərfiyyat məbləği kimi 142.48 manat saxlanılmalı, tələb edilən əlavə sərfiyyat məbləği, yəni 142.48 manat (601.98-459.5=142.48) iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, R1236671 saylı akta əsasən hesablanmış 601.98 manat borcun 142.48 manat hissəsi silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, R1236671 saylı akta əsasən hesablanmış 601.98 manat borcun 142.48 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar