Məhkəmə qərarları › İş №2(050)-607/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-607/2024

28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-607/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 noyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Çaxırlı kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişdilər və 21 noyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib etmişdilər. Həmin akt əsasında 25920 m3 itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Heç bir qeyri-qanuni xəttdən istifadə etməmişdir. Cavabdeh təşkilatın ona yazdıqları cərimə əsassızdır. Yazılan cərimə ona aid deyildir. Nəyə istinad edərək cəriməni hesablamışlar onuda bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cavabdeh təşkilat isə 360 günün cəriməsini yazmışdır. Cavabdeh təşkilatın təlimatında belə cərimə yazmağa ixtiyarları yoxdur. Cərimənin silinməsindən ötrü məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni yolla istifadə edilməmişdir. Barəsində tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, ******* saylı akt qanunsuzdur. Cərimə olunmasından sonradan xəbəri olmuşdur. Belə ki, onun həyətinə gələn qaz xətti kəsilmişdir. Bununla bağlı qaz idarəsinə getmiş, orada ona bildirmişlər ki, qeyri-qanuni xəttdən istifadə etməsinə görə cərimə edilmişdir. Lakin onun yaşadığı evin qaz xəttinə heç bir əməkdaş gəlib baxış keçirməmişdir. Qanunsuz xəttdən istifadə etməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 21 noyabr 2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli hesabatda göstərilir ki, sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə olunduğu aşkar olunmuşdur. Hesabtda qaz sayğacının nominal qaz sərfi 6 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 kub/metr itirilmiş qaz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, cavabdeh İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Mübahisə üzrə cavabdeh təşkilat 21 noyabr 2023-cü il tarixli, ******* saylı aktda göstərilən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 6.5 və 6.5-2-ci bəndlərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə tərəfindən 21 noyabr 2023-cü il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas olmuş hal ilə bağlı hər hansı bir foto və ya videoçəkilişin məhkəməyə təqdim edilməsi üçün cavabdeh təşkilata sorğu göndərilsədə, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 noyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar