Məhkəmə qərarları › İş №2(050)-667/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-667/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-667/2025 13.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən hesablanmış 2049 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Böyük Xocavar kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Ona bir neçə akt yazıblar. Həmin aktlar əsasında 2049 manat dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Guya onun həyətindən keçən qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Lakin o, heç bir qeyri-qanuni xəttdən istifadə etməmişdir. Cavabdeh təşkilatın ona yazdıqları cərimə əsassızdır. Onun heç xəbəri olmadan yazılan cərimə ona aid deyildir. Nəyə istinad edərək cəriməni hesablamışlar onu da bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cavabdeh təşkilat isə 90 günün cəriməsini yazmışdır. Heç onların öz təlimatlarında belə cərimə yazmağa ixtiyarları yoxdur. Cərimənin silinməsindən ötrü məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evdə kənar qaz xətti olmamışdır. Sadəcə olaraq bəzən işlətdiyi qazın pulunu gec ödəmişdir. Bu səbəbdən ona cərimə yazılmışdır. Məhkəmədən cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. iş materiallarında olan: 13 dekabr 2016-cı il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 2808 kub/metr, 21 noyabr 2017-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 2120.4 kub/metr, 26 yanvar 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 2470.6 kub/metr, 13 fevral 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 772 kub/metr, 12 mart 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 1026 kub/metr, 04 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 760 kub/metr, 29 avqust 2018-ci il tarixli, ******* nömrəli aktla tirilmiş qazın bərpası üçün 1693.6 kub/metr borc hesablanmışdır. Həmin aktların heç biri istelakçı tərəfindən imzalanmamışdır. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Cavabdeh 12 fevral 2025-ci il tarixli, 14-2-2-10/2-389/2025 saylı məktubundan görünür ki, İddiaçı qeyd edilən hallarla bağlı inzibati və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Onun qaz xəttinə qeyri qanuni qoşulması barədə fotoşəkillər təqdim edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları ayrıayrı vaxtlarda abonentə məxsus sayğac baxış keçirərək hər dəfə qeyri-qanuni qoşulma yolu ilə qazdan istifadə etməsi ilə bağlı akatlar tərtib etmişdilər. Aktlarda Cavabdeh İB-nin əməkdaşlarının imzası olsa da, İddiaçı adının qarşısında imzalat yoxdur. 13 dekabr 2016-cı il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 2808 kub/metr, 21 noyabr 2017-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 2120.4 kub/metr, 26 yanvar 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 2470.6 kub/metr, 13 fevral 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 772 kub/metr, 12 mart 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 1026 kub/metr, 04 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 760 kub/metr, 29 avqust 2018-ci il tarixli, ******* nömrəli aktla tirilmiş qazın bərpası üçün 1693.6 kub/metr borc hesablanmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı da hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent tərəfindən vuruluduğunu, onun qanunzidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş hallar-aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacına qeyri-qanuni quşulma hallarının) məhz iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, yəni iddiaçının təqsiri üzündən baş verməsini cavabdeh tərəf sübut edə bilməmişdir. Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nm 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq olunduqda qaz paylayıcısı vurulmuş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə hesab etmişdir ki, sayğaca müdaxilənin aşkar edilməsi sübuta yetirilmir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğaca müdaxilə halı qeyd edilsə də, bu fakt digər sübutlarla təsdiqini tapmır, əksinə fakt təkzib edilir. Cavabdeh tərəfindən fotoşəkillər təqdim edilsə də, həmin şəkillərdə əks olunmuş sayğacın iddiaçıya məxsus sayğac olması ilə bağlı əsaslı şübhələr vardır. Əvvəla cavabdeh şirkət tərəfindən tərtib edilmiş aktlarda sayğaca baxış zamanı fotoşəkillərin çəkilməsi və aktlara əlavə edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Eyni zamanda tərtib edilmiş aktlarda iddiaçıya məxsus sayğacın zavod nömrəsi 10363595 kimi qeyd edilmiş, lakin cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərə diqqət yetirdikdə əks olunmuş sayğacın zavod nömrəsinin fərqli rəqəmlər olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən təqdim edilmiş fotoşəkillər tərtib edilmiş aktların etibarlılığı ilə bağlı sübut kimi istifadə edilə bilməz. Bundan əlavə cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktlarda (abonentin) iddiaçının imzası yoxdur. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurmuşdur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsi istehlakçıdan tələb edilə bilərdi. Lakin, cavabdehin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən olunmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Qeyd olunanlarla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın tam təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 40,49 (qırx manat qırx doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddiaçının abonent saldosuna aktlar əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2049 (iki min qırx doqquz manat) borc silinməli, 40,49 (qırx manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına yazılmış 13 dekabr 2016-cı il tarixli, ******* nömrəli; 21 noyabr 2017-ci il tarixli, ******* nömrəli; 26 yanvar 2018-ci il tarixli, ******* nömrəli; 13 fevral 2018-ci il tarixli, ******* nömrəli; 12 mart 2018-ci il tarixli, ******* nömrəli; 04 aprel 2018-ci il tarixli, ******* nömrəli və 29 avqust 2018-ci il tarixli, ******* nömrəli aktlar əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2049 (iki min qırx doqquz) manat məbləğində borc iddiaçının abonent hesabından silinsin. 40,49 (qırx manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar