Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-680/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 yanvar 2023-cü il tarixli, NDM 030355 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Taarif planına uyğun olaraq elektrik enerjisindən istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin 06 yanvar 2023-ci il tarixdə “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri tərəfindən evinə gələn elektrik xətləri yoxlanılmış, elektrik xətlərində hər hansı problemin olmaması bildirmiş, sayağaca baxış keçirmişlər və çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, 06 yanvar 2023-ci il tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, “EEİQ-nin qaydalarına uyğun baxış keçirən zaman məlum oldu ki, sayğacın şəbəkəyə qoşulma sxemi pozulmuşdur. Kənardan verilən sıfır xətti ilə sayğacın dövrədən kənarlaşdırılması müəyyən edilmişdir.” Halbuki, sacyağa müdaxilə etməmişdir. Akta əsasən 742,66 manat borc hesablanmışdır. Sayğacın işləməsindən və dayanmasından xəbəri olmamışdır. EŞ-nin əməkdaşları tərəfindən elektrik xəttinə və sayğaca baxış keçirilən zaman onun və ailə üzvlərinin, hal şahidlərinin iştirakları təmin edilməmişdir. Həyat yoldaşı çoban işlədiyindən evlərində çox az qalırlar. Başqa ərazidə fermada ev tikmişlər və ayın çoxunu orda qalırlar. Abonent kimi borcu olmamışdır. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1097.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, 14-cü maddənin 3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.2, 8.4, 8.17, 8.33 və 9.20-cü bəndlərinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən 06 yanvar 2023-cü il tarixli, NDM 030355 saylı aktın yazılmasına səbəb sayğacın qoşulma sxeminin pozularaq, kənardan verilən (0) sıfır xətti ilə sayğacın dövriyyədən kənarlaşdırılması olmuşdur. Bunu təsdiq edəcək video görüntü var. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 06 yanvar 2023-cü il tarixli, NDM 030355 saylı aktda göstərilir ki, abonent kodu **********00176 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğacın şəbəkəyə qoşulma sxemi pozulmuşdur, kənardan verilən (0) sıfır xətti ilə sayğac dövriyyədən kənarlaşdırmışdır. Naqilin en kəsiyi ölçüsü 2x10 mm alüminium naqilidir. Təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, “Qüsur” kimi “Baxış keçirilən zaman sayğacın şəbəkəyə qoşulma sxeminin pozulması, kənardan verilən (0) sıfır xətti ilə sayğacın dövriyyədən kənarlaşdırılması” göstərilmiş, 365 gün üçün hesabat aparılmış və 6990 kvts əlavə sərfiyyata görə 740,70 manat borc hesablanmışdır. Təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, sayğacın şəbəkəyə qoşulma sxemi pozulmuşdur, kənardan verilən (0) sıfır xətti ilə sayğac dövriyyədən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd edir ki, işin araşdırılması ilə sayğacın şəbəkəyə qoşulma sxeminin pozulması, kənardan verilən (0) sıfır xətti ilə sayğacın dövriyyədən kənarlaşdırılması müəyyən edilmişdir. Baş vermiş hadisə ilə bağlı 365 gün üçün hesabat aparılmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-ci bəndinə əsasən elektrik enerjisinin dəyəri üç aydan çox olmayan müddətdə yenidən hesablanmalı idi. Belə vəziyyətdə 1,14 kvt x 24 sat x 0,7 x 90 gün = 1723,68 kvts əlavə sərfiyyat hesablanmalı idi. Buda 1) 600 x 0,08 manat = 48 manat; 2) 300 x 0,09 manat = 27 manat; 3) 823,68 x 0,13 manat = 107,07 manat, cəmi 182,07 manat edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 yanvar 2023-cü il tarixli, NDM 030355 saylı akta əsasən hesablanmış 740,70 manat borcdan 558,63 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-680/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-680/2023
06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver