Məhkəmə qərarları › İş №2(050)-687/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-687/2023

13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-687/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu, Boradigah qəsəbəsində özünə məxsus fərdi yaşayış evi X2 qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, tarif planına uyğun olaraq X2yə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin 19 yanvar 2023-cü il tarixdə “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri gələrək evinə gələn elektrik xətlərini yoxlamışlar, elektrik xətlərindən hər hansı problemin olmamasını bildirmişlər. Sonra sayağaca baxış etmişlər və çıxıb getmişlər. Daha sonra öyrənmişdir ki, 19 yanvar 2023-cü il tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, EEİQ-nin qaydalarına uyğun olaraq elektrik sayğacına baxış zamanı sayğacın çıxışında quraşdırılmış mühafizə açarları tərəfindən açılmasına baxmayaraq abonent fərdi yaşayış evində elektrik enerjisindən sayğacdan kənar istifadə edir. Halbuki, sayağa heç vaxt müdaxilə etməmişdir. Həmin akta görə ondan 779 manat borc yazmışlar. Sayğacın işləməsindən və dayanmasından onun xəbəri olmamışdır. Evində isə heç vaxt sayğacdan kənar X2 etməmişdir. Akt tamamilə əsassız yazılmışdır. Aktı yazan Azərişıq ASC-nin əməkdaşları aktı yazarkən ona hörmətsizlik etmişlər və evdə olan oğlu Fariz onlarla mübahisə etmiş və oğlunun barmağına deşici alətlə xəsarət yetirmişlər. Fariz xəsarətlə bağlı tibbi rəy aldıqdan sonra onlardan Masallı rayon Polis idarəsinə şikayət etdi. Hal-hazırda Farizin şikayəti əsasında iş polis idarəsində araşdırılır. Ona görə də hazırda həmin akt etibarsız hesab olunması və cərimənin silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında qeyd edilən akt əsaslı olduğundan iddianını rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, R 284978 saylı aktdan görünür ki, Masallı rayonu, Babaser kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı E.E.İ.Q-nin tələblərinə uyğun olaraq aşkar olundu ki, sayğacına baxış zamanı sayğacın çıxışından quraşdırılmış mühafizə açarı tərəfindən açılmasına baxmayaraq abonent fərdi yaşayış evində elektrik enerjisindən kənar istifadə etdiyi məlum olmuşdur. İş materiallarında olan Abunə Haqqında məlumatdan görünür ki, Masallı rayonu Babaser kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə 753.74+16+9 manat məbləğində, ümumilikdə 778.74 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 19 yanvar 2023-cü il tarixdə Masallı rayonu, Babaser kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğacına baxış zamanı sayğacın çıxışından quraşdırılmış mühafizə açarı tərəfindən açılmasına baxmayaraq abonent fərdi yaşayış evində elektrik enerjisindən kənar istifadə etdiyi müəyyən olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Hazırda isə İddiaçı elektrik enerjisinə görə əsassız hesablanmış borcun ləğv olunması üçün məhkməyə müraciət etmiş və borcun silinməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları 09 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Çaxırlı kənd sakini İddiaçı oğluna məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğacına baxış zamanı sayğacın çıxışından quraşdırılmış mühafizə açarı tərəfindən açılmasına baxmayaraq abonent fərdi yaşayış evində elektrik enerjisindən kənar istifadə etdiyi göstərsələr də bununla bağlı hər hansı video və foto çəkiliş aparılmamış, hal şahidləri dəvət olunmamış, yalnız idarənin əməkdaşları tərəfindən tərtib olunmuş aktla kifayətlənmişlər, həmçinin sayğacda hər hansı qüsurun olması barədə ekspert rəyini almadan iddiaçını cərimə etmişlər, bu hallar isə qanunverciliyin tələblərinə ziddir. Həmçinin, “X2 Qaydalarına” əsasən də "xxxx" ASC-nin əməkdaşlarının fiziki şəxs barəsində qərar qəbul etmək, ziyanın həcminin birbaşa heç bir mütəxəssis rəyi alınmadan müəyyən etmək səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunverciliyin tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi sübutlar təqdim etsə də, cavabdeh tərəfə öz etirazının əsası kimi sübutlar təqdim etməmişdir. İddiaçı öz ərizəsində onun barəsində tərtib olunmuş akta əsasən hesablanmış cərimə məbləğinin 778.74 manat olmasını qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc 779 manat 30 günə görə hesablanmışdır, əslində 15 günə görə hesablanmalı və 389 manat məbləğində cərimə silinməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış 389 (üç yüz səksən doqquz) manat məbləğində cərimə silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli, R 284978 saylı akt etibarsız hesab edilsin və həmin aktlar əsasında hesablanmış 389 (üç yüz səksən doqquz) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar