Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-711/2024 15.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 fevral 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 10800 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ləngan kəndində ona məxsus fərdi yaşayış evi təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixdə iş otağında akt tərtib olunmuş və guya sayğacı üfüqi vəziyyətə gətirilməsi aşkar olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixli tələbnamə tərtib olunmuş və 10800 kub metr ziyan hesablanmışdır. Abonentin saldosundan görünür ki, hər ay istifadə etdiyi qazın dəyərinə görə 21, 35, 44, 79, 58, 20 manat məbləğində pul ödəmişdir. 2021-ci ilin noyabr və dekabr aylarında qaz limitə düşdüyü üçün çox yazmış, 2022-ci ilin yanvar ayında isə az məbləğ yazmışdır. Təbii ki, qış aylarında ödəniş daha çox olmuş, yay fəslində isə ödəniş az olmuşdur. Qaz sayğacına nəzarəti qaz paylayıcı Cavabdeh İB-nin nümayəndəsi həyata keçirir, hər ay iki dəfə yoxlayır və bildiriş verir. Ərizəyə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, sayğac həyətdən çöldə açıq ərazidə yerləşir, sayğaca hər ay iki dəfə Cavabdeh İB-nin əməkdaşları baxış keçirir, sərfiyyat qeyd edir və bildiriş verirlər. Aktdan görünür ki, dəymiş ziyan 90 gün, yəni 3 ay üçün hesablanmışdır. Əgər o, sayğaca müdaxilə etmiş olsaydı və sayğacı üfüqi vəziyyətə gətirmiş olsaydı, bunu 15 gün ərzində qaz idarəsinin əməkdaşları aşkar etməlidilər. Çünki sayğac üfiqi vəziyyətə gətirilmişsə, bunu xarici müşahidə nəticəsində aşkar etmək olar, bunun üçün labaratoriyaya ehtiyac yoxdur. Lakin əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğac xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz olunmuşdur. Buda göstərir ki, akt tamamilə qanunsuz və saxtadır. Həmçinin, sayğacın üfüqi vəziyyətə gətirilməsi ilə bağlı hər hansı sübut yoxdur. Əgər belə bir hal vardısa bununla bağlı videoçəkiliş aparılmalı, foto şəkillər çəkilməli, şahidlər dəvət olunmalı və onların iştirakları ilə sayğaca baxış keçirilməli və akt tərtib olunmalıdır. Cavabdeh İB-nin əməkdaşları ona böhtan ataraq, barəsində akt tərtib etmişlər və ondan dəymiş ziyan tələb edirlər. 90 gün üçün 1080 manat qazın istifadə olunması mümkün deyil. Belə çıxır ki, o, hər ay 350 manatlıq qaz işlətmişdir, həmçinin, əlavə olaraq sərfiyyartı da olmuşdur. Halbuki, onların kəndində camaat aylıq yox, ildə 350 manatlıq qaz işlətmir. Əgər o, müdaxilə etmiş olsaydı, onun aylıq sərfiyyatı 0 manat olardı, həmin aylarda hər ay 79,58 manat sərfiyyatı olmuşdur. Həmçinin, sayğac evindən kənarda açıq yerdə yerləşir və onu qorumaq onun yox, qaz paylayıcısı olan Cavabdeh səlahiyyətinə aiddir. Həmçinin o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Onun aktdan ümumiyyətlə xəbəri olmamış, imza çəkməmişdir. Ona məlumat verilmiş olsaydı, o, da aktın tərtib olunmasında iştirak edərdi və həqiqətən qüsur vardısa ona sübut olunmalı idi. Lakin heç bir sübut yoxdur, formal olaraq akt tərtib olunmuşdur. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni yolla istifadə edilməmiş, sayğacı üfüqi vəziyyətə gətirməmişdir. Barəsində tərtib edilmiş 04 fevral 2022-ci il tarixli, ******* saylı akt qanunsuzdur. Cərimə olunmasından sonradan xəbəri olmuşdur. Aktda sayğacın həyətdə olması qeyd edilsə də, akt yazılarkən sayğac həyətdən kənarda olmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 fevral 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayğac üfüqi vəziyyətə gətirilir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında imtina qeydi vardır. Sayğac həyətdə quraşdırılmışdır. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 04 fevral 2022-ci il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlan hissəsində göstərilir ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni qaz xətti vasitəsi ilə istifadə olunduğu aşkar olunmuşdur. Hesabtda qaz işlədicilərindən, PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 kub/metr orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, su qızdırıcı kombi maksimal saatlıq qaz sərfi 2.6 kub/metr orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, qeyri-standart su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 1.2 kub/metr orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 10800 kub/metr itirilmiş qaz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, cavabdeh İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Mübahisə üzrə cavabdeh təşkilat abonentin sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etməsini sübut etməlidir. Mübahisələndirilən akt və akta əsasən aparılmış hesabatda göstərilənlər arasında ziddiyət var. Belə ki, 04 fevral 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayğac üfüqi vəziyyətə gətirilir. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 04 fevral 2022-ci il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlan hissəsində isə göstərilir ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni qaz xətti vasitəsi ilə istifadə olunduğu aşkar olunmuşdur. Məhkəmə tərəfindən cavabdeh təşkilatdan 04 fevral 2022-ci il tarixli, ******* saylı aktın tərtib olunmasına əsas olmuş hər hansı video və foto görüntülərin qeydə alınıbalınmaması barədə məhkəməyə məlumat verilməsi, alınmışdırsa onların məhkəməyə təqdim olunması tələb olunsada, məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Belə vəziyyətdə məhkəmə işdə olan sübutlar əsasında işə baxaraq qiymət vermişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 6.5 və 6.5-2-ci bəndlərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 04 fevral 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, akta əsasən hesablanmış 10800 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-711/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-711/2024
15.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver