Məhkəmə qərarları › İş №2(050)-743/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-743/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-743/2023 10.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2023-cü il tarixli, 3-48-33RA/2-A-xxxx/2023 saylı arxiv arayışında göstərilən yanlışlıqların aradan qaldırılaraq şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Masallı rayonunda anadan olmuşdur. Əmək qabiliyyəti yarandığı vaxtdan iş fəaliyyətinə başlamış və müxtəlif idarələrdə işləmiş, işlədiyi vəzifələr üzrə işəgirmə və işdənçıxma əmrləri vardır. Masallı rayonu Hişkədərə kəndində yerləşən Həkim Məntəqəsində də sürücü işləmiş, bununla bağlı əmək kitabçası və Dövlət arxivindən sənədləri vardır. Hazırda pensiya yaşına çatdığından əmək pensiyası təyin edilməsi üçün sənədləri topladığı zaman ona məxsus arxiv sənədlərində müəyyən anlaşılmazlıqlar ortaya çıxmışdır. Belə ki, 1985-ci ilin sentyabr ayından 1992-ci ilin noyabır ayınadək olan aylarda soyadı “Ağayev”, qalan aylarda isə “Ağaverdiyev” kimi qeyd olunmuşdur. Eləcədə ata adı 1986-cı ilin fevral ayından noyabr ayı istisna olmaqla axıra kimi 1987-ci ildə bütün aylarda, 1988-ci ildə mart, aprel, iyun, iyul aylarında, 1989-cu ilin mart ayında, 1991-ci ilin dekabr ayında “Bağır”, 1989-cu ilin mart ayında, “Bağır” qızı, 1991-ci ilin yanvar ayında, 1992-ci ilin oktyabr ayında “Bağı” qızı kimi qeyd olunmuşdur. Bu hallar Masallı Rayon Dövlət Arxivində mühafizə olunan sabiq Hişkədərə kənd X7 İcraiyyə Komitəsinin əmək haqqı hesablaşma cədvəllərində öz əksini tapmışdır. İşlədiyi dövlərdə adına bir sıra sənədlər, əmək haqqı cədvəlləri və əmr kitabçası yazılmışdır. İşləməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər olsa da, sənədlərdə uyğunsuzluq olduğundan pensiya təyin edilməsindən ötrü əmək stajının hesablanmasında çətinliklər yaranmışdır. Uyğunsuzluq olması pensiya təyinatı haqqında qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə ünvanlanmış etirazda göstərilmişdir ki, 17 yanvar 2023-cü il tarixli, 3-48- 33RA/2-A-xx-xx/2023 nömrəli arxiv arayışında Ərizəçi soyadı 1986-cı il üzrə mart-avqust, 1987-ci il üzrə may, oktyabr-dekabr, 1988-ci il üzrə iyul-dekabr, 1989-cu il üzrə mart və dekabr, 1990-cı il üzrə avqust-noyabr aylarında “Ağayev”, ata adı 1986-ci il üzrə fevral və noyabr istisna olmaqla digər aylarda, 1987-ci il üzrə yanvar-dekabr, 1988-ci il üzrə mart, aprel, iyun və iyul, 1989-cu il mart, 1991-ci il dekabr aylarında “Bağır”, 1989-cu ilin mart ayında ata adı “Bağır qızı”, 1991-ci il yanvar və 1992-ci il oktyabr aylarında “Bağı qızı” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kirni şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, əsasnamənin eyni bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 və 1.3-cü bəndinə əsasən məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb etməlidir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 6-cı bəndində hüquqmüəyyənedici sənəddəki uyğunsuzluğun aradan qalırdırılması proseduru sadalanmışdır. Belə ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: Birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Qərarın 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Sonda maraqlı şəxsin nümayəndəsi ərizənin rəd olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 etirazda göstərilənlərə uyğun izahata verərək, ərizənin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 1969-2014-cü illərdə Masallı rayon X1 tibb bacısı vəzifəsində işləmişdir. İşlədiyi müddətlərdə müəyyən dövrlərdə Ərizəçi da Masallı rayon X1 sürücü vəzifəsində işləmişdir. Hal-hazırda pensiya alır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 1984-2021-ci illərdə Masallı rayon X1 tibb bacısı vəzifəsində işləmişdir. İşlədiyi müddətlərdə müəyyən dövrlərdə Ərizəçi da Masallı rayon X1 sürücü vəzifəsində işləmişdir. Hal-hazırda pensiya alır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş: Masallı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 265 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Masallı rayonu, Boradigah kəndində doğulmuşdur. Bu barədə xx.xx.1957-ci ildə 129 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. 17 yanvar 2023-cü il tarixli, 3-48-33RA/2-A-xx-xx/2023 saylı arxiv arayışında göstərilir ki, Ərizəçi Hişkədərə kəndindəki Tibb məntəqəsində sürücü işlədiyi müddətlərdə (1985-1992) əmək haqqı cədvəllərdə tünd rənglə qeyd olunmuş aylarda soyadı “Ağayev”, qalan aylarda isə “Ağaverdiyev” kimi qeyd olunub. Ata adı 1986-cı ilin fevralından noyabr ayı istisna olmaqla axıra kimi, 1987-ci ildə bütün aylarda, 1988-ci ildə mart, aprel, iyun, iyul aylarında, 1989-cu ilin mart ayında, 1991-ci ilin dekabr ayında “Bağır” kimi, 1989-cu ilin mart ayında “Bağır qızı”, 1991-ci ilin yanvarında, 1992-ci ilin oktyabr ayında “Bağı qızı” kimi qeyd olunub. Əsas: Masallı Rayon Dövlər Arxivində mühafizə olunan sabiq Hişkədərə kənd X7 İcraiyyə Komitəsinin əmək haqqı hesablaşma cədvəlləri. Ərizəçi aid əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1985-ci ildə X2 sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir. Şahid1 aid ******* nömrəli əmək kitabçasının (Dublikat) notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, o, 1969-2014-cü illərdə X1 tibb bacısı vəzifəsində işləmişdir. Şahid Mirzəyeva-Şahid2 məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, o, 1984-2021-ci illərdə X1 tibb bacısı vəzifəsində işləmişdir. Masallı rayon İHB-nın Boradigah qəsəbə İƏDÜN-nin xx.xx.2023-cü il tarixli, 148 saylı arayışında göstərilir ki, Ərizəçi Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-48-33RA/2-A-13-42 nömrəli arayışda adı qeyd olunan şəxslə eyni şəxsdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Masallı Rayon Dövlət Arxivinin 25 aprel 2023-cü il tarixli, 3-48-33RA/2-46/2023 saylı məktubunda göstərilir ki, xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-A-13-42 saylı arxiv arayışında əks olunan rəqələrin hər biri, bir əmək haqqının hesablaşma cədvəlindən götürülüb. Belə ki, 87 vərəqin təsdiq olunub məhkəməyə təqdim edilməsi məqsədəmüvafiq hesab edilmir. Arayışda - tünd rənglə qeyd olunmuş aylarda soyadı “Ağayev”, qalan aylarda isə “Ağaverdiyev” kimi qeyd olunub. Ata adı 1986-cı ilin fevralından noyabr ayı istisna olmaqla axıra kimi, 1987-ci ildə bütün aylarda, 1988-ci ildə mart, aprel, iyun, iyul aylarında, 1989-cu ilin mart ayında, 1991-ci ilin dekabr ayında “Bağır” kimi, 1989-cu ilin mart ayında “Bağır qızı”, 1991-ci ilin yanvarında, 1992-ci ilin oktyabr ayında “Bağı qızı” kimi qeyd olunub. X3 1985-1992-ci illərdə sürücü və ya digər işçi kimi “Rövşən” adlı ikinci şəxsin adı yoxdur. Əsas: Masallı Rayon Dövlər Arxivində mühafizə olunan sabiq Hişkədərə kənd X7 İcraiyyə Komitəsinin əmək haqqı hesablaşma cədvəlləri. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 14 dekabr 2022-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, Ərizəçi sığorta stajı 23 il 9 ay 13 gün təşkil etdiyindən, sənədlərində uyğunsuzluq olması səbəbindən 17 yanvar 2023-cü il tarixli, 3-48-33RA/2-A-xx-xx/2023 saylı arxiv arayışında göstərilən iş dövrləri nəzərə alınmamış və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə ilk növbdədə ərizəyə qarşı etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə’’ Əsasnamənin 17-ci bəndinə istinad edilərək şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrünün pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməməsi ilə bağlı mövqeyə münasibətdə bildirir ki, hazırki tələb iş stajının müəyyən olunması barədə deyil, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədədir. Şəxsin iş stajı barədə hüquqmüəyyənedici sənədləri var, sadəcə müəyyən uyğunsuzluqlar səbəbindən nəzərə alınmır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər 17 yanvar 2023-cü il tarixli, 3-48- 33RA/2-A-xx-xx/2023 saylı arxiv arayışının Ərizəçi məxsus olmasını inkar etmir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Masallı Rayon Dövlət Arxivinin 25 aprel 2023-cü il tarixli, 3-48-33RA/2-46/2023 saylı məktubunda da göstərilir ki, X3 1985-1992-ci illərdə sürücü və ya digər işçi kimi “Rövşən” adlı ikinci şəxsin adı yoxdur. Həmçinin, Ərizəçi 1985- 1992-ci illərdə X1 işləməsi onunla eyni dövrlərdə işləmiş şahidlər Şahid1 və Şahid2 da təsdiqləmişdilər. Bunun əksi, yəni həmin sənədin Ərizəçi məxsus olmamasını iddia etmək o, anlama gələr ki, X4 1985-1992-ci illərə aid sənədlərdə göstərilən “Rövşən” adlı şəxs kimdir? Masallı Rayon Dövlət Arxivinin 25 aprel 2023-cü il tarixli, 3-48-33RA/2-46/2023 saylı məktubunda isə göstərilir ki, X3 1985-1992-ci illərdə sürücü və ya digər işçi kimi “Rövşən” adlı ikinci şəxsin adı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına, şahidlərin ifadələrinə və işin digər hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi qeyd olunan faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 3-48- 33RA/2-A-xx-xx/2023 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar